Bədii əsər canlı bir orqanizmdir. Ən kiçik sözdən,
ifadədən tutmuş obrazların bir-biri ilə qarşılıqlı əiaqəsi, xarakterlərin
müxtəlif hadisələr, mübarizə - konflikt zəminində açılması, süjetin
mərhələ-mərhələ inkişafi, mövzunun müxtəlif çalarda öz bədii həllini tapması və
s. ədəbi funksiyaya malik elementlər hamısı birlikdə əsərin ümumi strukturunu,
kompozisiyasını əmələ gətirir. Hər hansı bir tikilən binanın kompozisiyasında,
arxitektonikasında nəinki bu möhtəşəm sarayı əmələ gətirən kərpiclər, sütunlar,
pəncərələr, dam örtükləri və s. tikinti materialları, hətta onun həyətinin
quruluşu, qarşısında əkilən gül və ağaclar da mühüm əhəmiyyət kəsb etdiyi kimi,
bədii əsərin kompozisiyasında da hər bir poetik fıqurun özünəməxsus yeri və
rolu vardır. Nəinki proloqdan tutmuş epiloqadək bütün elementlər, hətta əsərə
gətirilən epiqraf da müəyyən bir poetik, arxitektonik funksiyanı yerinə
yetirir. Möhtəşəm kompozisiya sarayı ayrı-ayrı bədii funksiyanı yerinə yetirən
"tikinti materialları"nın bir dam altında birləşməsi nəticəsində
yaranır.
Kompozisiya elə bir canlı mexanizmi, maşını xatırladır
ki, onun hərəkətə gəiməsi üçün adicə bir təkərciyin, vintciyin də özünəməxsus
yeri və funksiyası vardır. Kompozisiya lazımsız sözlər, elementlər yığımından
yox, məhz yerinə düşən, ümumi ansambla xidmət edən sözlərin, poetik fıqurların
qarşılıqlı əlaqəsi və bir-birini tamamlaması zəminində formalaşır, canlı bir
orqanizmə çevrilir. Orqanizmdə hər bir orqanın öz funksiyası olduğu
kimi, kompozisiyada da hər bir poetik fiqur müəyyən məqsədə xıdmət edir.
Ayrı-ayrılıqda heç bir məna ifadə edə bilməyən ədəbi fıqurlar məhz mürəkkəb
kompozisiya daxilində öz bədii missiyalarını yerinə yetirirlər.
Romandan, epopeyadan tutmuş kiçik şeirədək hər bir
sənət əsərinin özünəməxsus kompozisiyası olur. Kompozisiya
trafaret, ülgü, hazır resept sevmir. Hər bir əsərin özünəməxsus bədii quruluşu
vardır. Tutalım, süjet epik, dramatik əsərlərin kompozisiyasında aparıcı
element olsa da, lirik şerin kompozisiyasında süjet axtarmaq düzgün deyildir.
Kompozisiya süjetsiz də, digər poetik fıqurlarsız da mümkündür.
Poetik fıqurların bolluğu hələ kompozisiyanın
gözəlliyi, kamilliyi demək deyildir. Hər hansı bir poetik fiqur kompozisiyada
müəyyən funksiyanı yerinə yetirmirsə, onun işlədilməsinə heç bir ehtiyac
yoxdur. Bədii əsərlərin ümumi strukturu, kompozisiyası bütün lazımlı, gərəkli
elementlərin vahid sistem halında birləşməsi nəticəsində əmələ gəlir.
Kompozisiya yünanca qurmaq, tərtib etmək mənasını
verir. Kompozisiya bədii əsərin mürəkkəb ünsürləri və cüzlərinin təşkil və
tərtibi nəticəsində yaranır. Hər hansı bir bina tikinti materialına müvazi
şəkildə qurulduğu kimi, bədii əsərin kompozisiyası da onun əks etdirdiyi həyat
hadisələrindən asılıdır. Əsərdəki hadisələr, epizodlar möhkəm bir vəhdət təşkil
edirsə, bu zaman kompozisiya mükəmməl olur.
Mir Cəlal kompozisiyaya belə tərif verir:
"Ədəbiyyatda söz və ifadələrin, hadisələrin, faktların və epizodların,
surətlərin müəyyən, ahəngdar, məntiqi, mənalı, məqsədəuyğun və münasib şəkildə
tərtibinə, quruluşuna kompozisiya deyilir... Bədii əsərin bütün hissə, ünsürlərinin
qanunauyğun, münasib, gözəl surətdə, məntiqi bir şəkildə yazılmasına
kompozisiya deyilir."
Epik-dramatik əsəri, onun strukrurunu, kompozisiyasını
süjetsiz təsəvvür etmək mümkün deyildir. Süjet kompozisiyanın ən vacib
elementlərindən biridir. Əlbəttə, lirik, süjetsiz əsərlərin də öz kompozisiyası
vardır. Ancaq epik və dramatik əsərlər süjetsiz təsəvvürə gəlmir.
"Süjet- bir-biri ilə bağlı olub, ardıcıl
surətdə inkişaf edən və bilavasitə epik, lirik -epik, yaxud dramatik əsərin
məzmununu təşkil edən həyat hadisələridir. Bu hadisələrin içərisində göstərilən
adamların qarşılıqlı əlaqə və rəftarı insan xarakterinin müxtəlif cəhətlərini,
əsərdə iştirak edənlərin fıkir, hiss və danışıqlarını, xarakterin inkişafı
tarixini və yüksəlişini əks etdirir." ("Ədəbiyyatşünaslıq terminləri
lüğəti". Bakı, 1978).
"Əsərdə inkişaf etdirilən əsas əhvalat bədii əsərin süjetini
təşkil edir. Sənətkar çalışır ki, öz ideya, məqsəd və görüşlərini doğru və
kamil ifadə edə bilən süjet qursun." (Mir Cəlal, Pənah Xəlilov.
"Ədəbiyyatşünaslığın əsasları", Bakı, 1972, s. 65).
"Epik-dramatik əsərlərdə süjet nəticə
etibarilə ictimai münaqişələri və konfliktləri əks etdirən hadisələr
sistemidir. Onu da qeyd etmək vacibdir ki, süjet bədii əsərin əsas məzmununu
təşkil edır." (L. İ. Timofeyev. “Osnovı teorii literaturı”, Moskva, 1976”)
Aristotelin fikrincə isə, fabula hərəkətin təqlid
olunmasıdır. Fabula dedikdə əhvalatların əlaqələnməsini, xarakter dedikdə isə
iştirak edən şəxslərin nəyə görə müxtəlif cür adamlar adlandırmağını nəzərdə
tutan fılosof yazır ki, "faciə hərəkət olmadan keçinə biiməz, xaraktersiz
isə keçinə bilər. Fabula faciənin əsası və bir növ canıdır, xarakterlər isə
ondan sonra gəlir."
Süjet son dərəcə vacib kompozisiya elementi kimi
həmişə ədəbiyyatşünaslığın diqqət mərkəzində olmalı problemdir. Ancaq
Azərbaycan ədəbiyyatşünaslığında süjet, onun bədii əsərin srukturundakı rolu
barədə bəzi polemik mübahisələr olsa da, problem öz dolğun bədii-estetik
həllini tapmamış, uğurlu, əhəmiyyətli bədii əsərlər süjet və kompozisiya
baxımından tədqiqata cəlb edilməmiş, bu problemlərdən ikinci, üçüncü dərəcəli
əhəmiyyətə malik bir sənətkarlıq komponenti kimi söhbət açılmışdır. Halbuki
bədii əsərin strukturunda süjetin rolu olduqca böyükdür.
Süjet qəhrəmanın keçdiyi həyat yoludur, daha doğrusu,
bu yolun bədii əksidir. Əsərin başlanğıcında bu sehrli yola qədəm qoyan oxucu
obrazların kəşməkeşli həyatı ilə tanış olur, onunla birlikdə sevinir,
həyəcanlanır, əzab çəkir. Süjet öz bədii həllini tapanda adam istər-istəməz
geriyə dönüb qəhrəmanların keçdiyi yola nəzər salır, onun süjetin ilk
mərhələsindən son mərhələsinədək necə dəyişməsinin, mənəvi təkamülünün şahidinə
çevrilir. Süjetin başlanğıcında xasiyyətinə o qədər də bələd olmadığımız
qəhrəman süjetin sonunda bitkin xarakter kimı gözlərimizin qarşısında canlanır.
Başlanğıcla sonluğun müqayisəsi qəhrəmanın xarakterinin mərhələ-mərhələ
inkişafını açmağa kömək edir.
Yeri gəlmişkən onu da qeyd edək ki, əvvəlindən sonu
görünən süjet maraq doğurmur. Hər bir oxucu, tamaşaçı hər hansı bir kitabı
oxuyanda, tamaşaya, bədii filmə baxanda əsərin necə qurtaracağını səbirsizliklə
gözləyir. Gözlənilməz bədii sonluq daha çox maraq doğurur.
Epik, dramatik əsəri bir qollu-budaqlı ağaca
bənzətsək, süjeti onun gövdəsinə, bel sütununa təşbeh etmək olardı. Digər
poetik vasitələr bu ağacın budaqlarına, yarpaqlarına, çiçəyinə, meyvəsinə
bənzəyir. Ağacın bitdiyi yer, ətraf mühit, onun kökündən tutmuş budağının
ucundakı son yarpağadək bütün elementlər hamısı birlikdə möhtəşəm kompozisiya
sarayını xatırladır. Ağacın bitdiyi torpaq, içdiyi su, udduğu hava onu bir ağac
kimi formalaşdıran ətraf mühit son dərəcə vacib olduğu kimi, bədii əsərin də
hansı sosial zəmində yaranması az əhəmiyyət kəsb etmir. Buradan süjetin
tarixiliyi prinsipi meydana gəlir. Hər dövrün, epoxanın özünəməxsus süjetləri
olur.
Nizami öz əsərlərinin süjetini Firdovsidən götürüb. Ancaq bu məlum
tarixi süjetlərdən o elə ustalıqla, dahiyanə şəkildə istifadə edib ki, öz
poetik məramını, ideyasını, dünyaya fəlsəfı baxışını göstərməyə, qəhrəmanların
xarakterini hərtərəfli açmağa, dövrün real tarixi mənzərəsini yaratmağa nail
olub. Nizami ənənəvi süjetlərdən bir vasitə kimi istifadə edib.
Bu mənada süjeti ev tikmək üçün vacib olan tikinti
materialına da bənzətmək olar. Hər usta bu materialdan öz zövqünə, bacarığına
uyğun saray, imarət tikir. Əgər usta ustadırsa, material eyni olsa belə, onun
tikdiyi saray, imarət başqalarına bənzəməyəcək.
Müəyyən mənada orqanizmin skeletinə bənzəyən süjeti
nə dərəcədə ətə-qana gətirib onu canlıya çevirə bilmək müəllifdən xüsusi
istedad tələb edir. Eyni hadisə əsasında yazılmış əsərlərin hamısı eyni
dərəcədə bədii-estetik maraq doğurmur. Deməli, süjet özlüyündə məqsəd deyil,
vasitədir. Ancaq süjet elə bir spesifik forma elementidir ki, özündə hər hansı
bir hadisənin məzmununu əks etdirir. Süjet elə bir sehrli körpüdür ki, onun bir
tağı məzmunun, bir tağı isə formanın çiyninin üstündə dayanır.
Rəngarəng süjetlər, bir-birinə bənzəməyən hadisələr
insan xarakterinin fərdi cəhətlərini üzə çıxarmaq vasitəsidir. Nə qədər ümumi,
sosial cəhətlər olsa belə, insanların fərdi taleyi, onların başlarına gələn
hadisələr bənzərsizdir. Ona görə də trafaretləşmiş süjetlərdən uzaq qaçmaq
lazımdır. Həyat yazıçı üçün olduqca zəngin süjetlər verə bilər. Hər bir insanın
xarakterinin özünəməxsus cəhətləri onun fərdi taleyindən doğulur, qidalanır.
Bu baxımdan Dostoyevskinin cavan bir yazıçıya
verdiyi məsləhət olduqca maraqlıdır: "Heç vaxt özünüzdən nə fabula
uydurun, nə də intriqa. Həyat bizim uydurmalarımızdan qat-qat zəngindir. Bəzən
ən adi, gözə çarpmayan həyatın verdiyi şeyi Sizin üçün heç bir təxəyyül uydura
bilməz. Həyata hörmət edin." (L. Qrossman. "Dostoyevski". Bakı,
1972, s. 485).
Süjetin mərkəzində qəhrəmanın həyatı, onun mənəvi
dünyası, işi, amalı, məişəti, müxtəlif xarakterii adamlarla qarşılıqlı
münasibəti, hər hansı bir mübarizənin tesviri öz bədii əksini tapır.
Ədəbiyyat, doğrudan da, insanşünaslıqdır. Yazıçı,
şair, dramaturq "insan qəlbinin mühəndisi" kimi öz qəhrəmanlarıının
həyatını, arzu və düşüncələrini, sirli-sehrli mənəvi dünyasını bədii təsvirin
mərkəzinə çəkir, hər hadisəyə, hərəkətə əsasən mühakimə yürüt-məyə, bir qənaətə
gəlməyə çalışır. Lakin Allahın yaratdığı insan o qədər mürəkkəb varlıqdır,
dünyanın elə möcüzəsidir ki, özü də özünü tam şəkildə dərk etmək iqtidarında
deyil. Axtarışlar isə davam edir, bitib tükənmək bilmir. Xarakterik süjetlər
insanın daxili dünyasıınn mənəvi aynasına çevrilir. İstedadlı sənətkarlar bu
yolda uğurlar qazanır, süjetdən bir bədii vasitə kimi istifadə etməyi bacarır,
digərləri isə hadisəçilikdən uzağa gedə bilmirlər. Çünki hadisələrə müəllif
münasibəti də süjet yaradıcılığında mühüm məsələdir. Hər sənətkarın öz fərdi
intellekti, dünyagörüşü, xarakterik hadisələri seçə bilmək, qəhrəmanların
xarakterini açmaq, həyatın dolğun mənzərəsini yaratmaq üçün özünəməxsus üslubu
vardrr.
Oxşar talelər, hadisələr olsa da, bir-birinin
təkrarı olan süjet, hadisə yoxdur. Müxtəlif fərdi üsluba malik sənətkarların
bənzərsiz, xarakterik süjetlər vasitəsi ilə həyat hadisələrini əks etdirmək,
qəhrəmanların xarakterini açmaq imkanları vardır. Həyat hadisələri çoxdur.
Ancaq yazıçının məharəti ondadır ki, bu hadisələr çoxluğu içərisindən
xarakterik hadisələr seçib öz əsərinin süjetinə çevirə bilir.
Süjet hadisələr toplusu olmamalıdr. Müəllif öz
əsərlrində hadisəçiliyə meyl etməməli, əsəri saysız-hesabsız rəvayətlər,
əhvalatlarla yükləməməlidir. Süjeti elə xarakterik, tipik epizod, hadisə
üzərində qurmaq lazımdır ki, bu, həm əsərin ideyasıni, müəllifın poetik məramını,
mövqeyini öyrənməyə, həm də qəhrəmanların xarakterinin hərtərəfli açılmasına
şərait yaratsm. Hadisə xətrinə hadisə, süjet xətirinə süjet heç nəyə lazım
deyil. Çünki qeyd etdiyimiz kimi, süjet özü məqsəd deyil, vasitədir. Maraqlı
süjet oxucunu yorulmağa qoymur, müəllif qayəsinin ifadəçisinə cevrilir. Əsər
təkcə düşüncədən, heç bir hadisəyə söykənməyən miihakimədən ibarət olanda oxucu
üçün maraqsız təsir bağışlayır. Nə qədər mükəmməl düşüncələr, müəllif
xarakteristikaları olsa belə, bu tipli əsərlər oxucunu özünə cəlb etmir. Süjet
maraqlı olanda isə oxucu hadisələri diqqətlə izləyə-izləyə bir də görür ki,
düşüncələr aləmindədir. Qəhrəmanların həyəcan və iztirabiarı, onların əxlaqi
fəzilət və qəbahətləri, həyata, cəmiyyətə, təbiətə münasibətləri diqqət
mərkəzində dayanır, oxucular həm hadisələrə, həm də obrazların hərəkətlərinə
qiymət verir, onların xarakteri haqqında mühakimə yürüdürlər.
Həyat davam etdiyi kimi, süjet də sona yetmir,
davam edir. Bir hadisənin sona yetməsi digər hadisənin başlanmasma zəmin
yaradır. Hər hansı konfliktin yaranması, inkişafı və bədii həlli süjetin
əsasını təşkil edir. Süjet konflikt və xarakterlə qarşılıqlı surətdə
əlaqədardır. Konfiikt, mübarizə süjetin əsas məzmununu təşkil edirsə, xarakter
bu məzmunu ətə-qana gətirir, onu dolğunlaşdırır.
Kompozisiya süjetlə sıx surətdə əlaqədardır. Süjet
bədii əsərin məzmununu, surətlərin xarakterini və inkişafını oxuculara çatdırmaq
üçün bir vasitədir.
Bədii əsərdəki hərəkət və kompozisiyanın əsasını
təşkil edən süjet müxtəlif əsərlərdə müxtəlif xarakter daşıyır. Süjet insanların
əlaqə və ziddiyyətlərinin, məhəbbət və nifrətlərinin, qarşılıqlı münasibətlərinin
məcmuu, ümumiyyətlə, bir tipin, surətin, xarakterin təşkili, inkişafı və
yüksəlişi tarixidir.
Hər bir kamil süjetin başlanğıcı, kulminasiya
nöqtəsi və sonu olmalıdır. Süjetin üç əsas əlaməti vardır. 1. İntiriqa 2.
Koliziya 3 Situasiya.
Bütün əsər boyu əsas surətlər arasında gedən
münaqişə intinqadır.
Bədii əsərdə müəyyən insan qrupları arasında gedən mübarizəyə koliziya
deyilir.
Situasiya vəziyyətin müəyyən bir
momentini, müəyyən bir anını təşkil edir. Situasiya sözünün özü də elə vəziyyət
deməkdir. Situasiya özünü həm qəhrəmanların şüurunda, həm də xarici mühitdə
göstərir.
Süjetin beş ünsürü vardır: ekspozisiya (bədii
müqəddimə), zavyazka (rəbt), kulminasiya, razvyazka (qət,
açılış), final.
Süjetdəki başlıca hadisə öz mənbəyini
ekspozisiyadan - bədii hazırlıqdan götürür. Ekspozisiya bədii əsərdə
hadisələrin gələcək inkişafı üçün zəmin, şərait yaradır, hərəkət üçün hazırlıq
rolu oynayır. Sonrakı mərhələdə zavyazka - rəbt gəlir. Rəbt rabitə sözündəndir.
Süjetdə rəbt həyatda Arximedin axtardığı istinad nöqtəsi kimi bir şeydir. Rəbt
də hadisələrin istinad, doğum nöqtəsidir. Elə bir doğum nöqtəsi ki, bundan
sonra mütləq hərəkət gəlir. Rəbt hərəkətin üzünə açılan qapıdır. Axistotel
hərəkətə belə bir tərif vermişdir: "Mən hərəkət o hissəyə deyirəm ki, əvvldən
başlayaraq hüdudu olan nöqtəyə qədər davam edir və bundan sonra müsibətdən
səadətə, yaxud səadətdən müsibətə keçid başlayır."
Hərəkət zamanı hadisələr getdikcə inkişaf edir,
yetişir və yüksəlməyə başlayır. Hərəkətin inkişafı ən yüksək nöqtəyə
-kulminasiyaya çatır ki, bu poetik zirvənin o üzündə qət - razvyazka dayanır.
Nəhayət sonuncu mərhələ-final gəlir.
Süjetin bu beş mühüm ünsüründən başqa, əsərin
strukturunda mühüm yer tutan proloq və epiloqun da adını çəkmək lazım gəlir. Proloq
həmişə bədii əsərin əvvəlində gəlir və oxucuda müəllifin qayəsi haqqında
ilk təəssürat yaradır. Epiloq isə bədii sonluqdur. Əsərdəki əsas
hadisələr bitdikdən sonra müəllif epiloqla əsərə yekun vurur, hadisələrə öz mövqeyini
bildirir, qəhrəmanların gələcək taleyi haqqmda məlumat verir və s.
Müəllif hansı mövzuda yazırsa yazsın hansı problemin
bədü həllini verməyə çalışırsa çalışsın, həmin mövzu və problemlərlə bağlı
maraqlı, xarakterik bir süjet tapa bilmirsə, öz məqsədinə lazımi səviyyədə çata
bilməz, əsas ədəbi məramını, ideyasını açmaqda çətinlik çəkər. Xarakterik süjet
sözçülükdən, ümumi müəllif xarakteristikasından yaxa qurtarmağın ən yaxşı
yoludur. Belədə müəllifin ideyası hadisələrin ümumi məzmunundan aydınlaşır,
əlavə izahata ehtiyac qalmır.
Süjet təkcə həcmi böyük əsərlər üçün xarakterik
deyildir. Hətta elə lirik şerlər var ki, onlarda süjetin bütün ünsürlərindən
istifadə olunmuşdur. Məsələn, Ələsgərin məşhur "Düşdü" rədifli
qoşması buna misal ola bilər...
Bədii əsərin sütununu, gövdəsini xatırladan süjet
müxtəlif problemlərlə yüklənmiş məzmunun bütün ağırlığını öz çiyninə götürür.
Süjet bədii formanın vacib komponentlərindən biri kimi personajlar arasındakı
konflikti, qarşdıqlı əlaqəni, xarakterlərin mərhələ-mərhələ təkamülünü göstərməyə
xidmət edir.
Surətlərin rəngarəng taleyi, hərəkətləri, əməlləri,
mübarizələri, hiss və həyəcanları süjetin hərəkətverici qüvvəsidir.
Bədii əsərdə bütün komponentlərin qarşılıqlı
əlaqəsi kompozisiya bütövlüyünü, əsərin həyatiliyini, ədəbi uğurlarını təmin
edən başlıca cəhətdir. Orqanizmdə artıq, gərəksiz bir üzv olmadığı kimi, bədii
əsərin kompozisiyasında da heç bir bədii funksiya, missiyanı yerinə yetirmyən
komponent olmamalıdır.
Hiç yorum yok:
Yorum Gönder