14 Ocak 2016 Perşembe

ƏRÜZ VƏZNİ, SƏRBƏST ŞEİR.

Əruz Azərbaycan poeziyasının ən aparıcı vəznlərindəndir. Klassiklərimizin əsərləri başdan-başa bu vəzndə yazıldığı üçün çox zaman əruza klassik vəzn də deyirlər.
Əruz ərəb sözü olub, lüğəvi mənası geniş yol, bulud, dirək və s. anlamına gəlir. Şeirdə əruz misranın ölçüsü, vəzni deməkdir. Elə təsəvvür edin ki, əruz, onun müxtəlif bəhrləri və təfilələri misraların boy-buxununa uyğun gələn ülgüdür. Hər hansı məna yüklü misralara "paltar tikərkən" məhz uyğun gələn ülgüdən istifadə etmək lazımdır. Təfilələr söz qəlibidir. Müxtəlif bəhrlərin ayrı-ayrı şəkildə təkrarlanan qəlibinə uyğun olaraq söz seçmək xüsusi ahəngdarlıq, ritm əmələ gətirir.
Bəzən bəstəkar hər hansı bir musiqi ərini yazır, sonra şairdən xahiş edir ki, onun ritminə uyğun şəkildə mətn yazsın. Musiqidə söz ülgüsü "balvanka" adlanır. Şair ona verilən balvankaların-söz ülgüsünün ritminə uyğun şəkildə mətn yazır. Balvankaya uyğun gəlməyən mətn musiqi üçün yaramır.
Yeri gəlmişkən maraqlı bir faktı qeyd etmək istəyirik. Deyirlər ki, Üzeyir bəy M. S. Ordubadiyə balvanka verib həmin qəlibə uyğun mətn yazmağı xahiş edir. Ordubadi mətn yazır, ancaq zarafatla mətnin içində balvankanın özünü də verir: "Üç badam, bir qoz..."
Əruz vəzninin yaradıcısı Xəlil ibn Əhməd ilk dəfə ritmik ərəb sözlərindən istifadə etməklə müxtəlif təfilələr - söz qəlibləri yaratmışdır.
Azərbaycan ədəbiyyatşünaslığında əruzu elmi şəkildə araşdıran, onun Azərbaycan şerinə, dilimizin qayda-qanunlarına uyğunlaşması prosesini klassiklərimizin əsərlərinə istinadən öyrənən xdƏkrəm Cəfər əruz təfilələrinin Azərbaycan variantını yaratmışdır. Əkrəm müəllim faktlarla sübut edir ki, əsas məsələ təfilədəki sözün lüğəvi mənasında yox, onun ölçüsündə, ritmindədir. Əkrəm Cəfər "MəfA'ilün" əvəzinə "qələmdildil", "Fə'ilAtün" əvəzinə "nüvədıldil", "Fə'ilün" əvəzinə "dilpərdə", "fA'ilAtün" əvəzinə "dilqələmdil", "məfA'İlü əvəzinə "qələmpərdə" və s. işlədir. Bu təfilələrə görkəmli ədəbiyyatşünasımızın şərəfinə "Əkrəmi" (dil, pərdə, nüvə, qələm) adı verilmişdir.
Məlumdur ki, klassiklərimiz ilk əsərlərini fars və ərəb dillərində yazmışlar. Əruz da ərəb dilinin qanunauyğunluqlarına daha çox uyğundur. Başqa dillərlə bərabər öz doğma dillərində də əsərlər yazan klassiklərimiz ərəb və fars dillərinin vəznindən istifadə etməyə çalışmış, bu qayda-qanunlar türk dilinin qayda-qanunlarına uyğun gəlmədiyi üçün türk əruzunda ilk vaxtlar müəyyən nöqsanlar özünü göstərmişdir. Lakin zaman keçdikcə görkəmli şairlər əruzu Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşdırmışlar. Ə. Cəfərin söziəri ilə desək: "Əruz vəzni də şeir sənətinin bir vəzni kimi mənşəcə haradan gəlirsə gəlsin, bir sıra Yaxın Şərq xaiqları tərəfindən qəbul edilib, şairlər tərəftndən, o cümlədən Azərbaycan şairləri tərəfındən tətbiq edilmişdir. Lakin bu vəzn müxtəlif xalqların dili ilə birdən-birə deyil, əsrlər keçdikcə uyaraq müxtəlif şəkillərə girmiş, nəticədə ərəb, sonradan fars əruzları ilə yanaşı və onlardan bir sıra xüsusiyyətləri ilə fərqlənən uyğur, osmanlı, cığatay, özbək, Azərbaycan, türkmən, tatar əruzları meydana gəlmişdir."
Əruzdan istifadə olunan ilk vaxtlarda vəznin ölçüsünə, qəliblərinə uyğun gəlmədiyi üçün sözlər tələffüzcə gah uzadılmış, gah da qısaldılmışdır. Ədəbiyyatşünaslıq kitablarında uzanmalar imalə, qısalmalar isə zihaf adlandırılmışdır.
Lakin zaman keçdikcə qüdrətli sənətkarlarımızən əməyi nəticəsində əruz Azərbaycan dilinin qayda-qanunlarına tam uyğunlaşdırılmışdır. Bu işdə    M.Füzulinin və H. Cavidin xidmətləri əvəzsizdir. M. Müşfiqin, S. Vurğunun, S. Rüstəmin, Qabilin, B. Vahabzadənin, və başqalarının yazdıqları şeirlər göstərir ki, əruz müasir poeziyamız üçün də yarayan, əhəmiyyətini itirməyən bir vəzndir.
Lakin klassiklərimizin yaradıcılıq nümunələri göstərir ki, bütün bəhrlərdə incə mənalı, gözəl bədii siqlətli əsərlər yaratmaq mümkündür. Şeirin zəif çıxmasının səbəbini vəzndə yox, sənətkar istedadının naqisliyində axtarmaq daha ədalətli olardı.
Əruzun bəhrləri çoxdur. Azərbaycan poeziyasında isə əruzun ən çox işlənən bəhrləri bunlardır: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib bəhri, müzare bəhri, müctəs bəhri, xəfif bəhri, münsərih bəhri, səri bəhri, mütədarik bəhri, kamil bəhri.
 SƏRBƏST ŞEİR
Şeir dili xüsusi quruluşa, ritmə, ahəngə, misradaxili fasilələrə malikdir. Təkcə zahiri ölçü, vəzn yox, eləcə də ahəng simmetriyası poeziya dilini gözəlləşdirir, onun musiqililiyini, eləcə də şeirin emosional təsir gücünü artırır. Lakin şeiri şeir edən təkcə ritm, ahəngdarlıq, qafiyə yox, birinci növbədə onun emosional məzmunudur. Bütün ölçüləri, daxili bölgüləri, qafiyələri yerli-yerində olan o qədər nəzm parçaları vardır ki, oxucunu həyəcanlandırmır, onda heç bir emosional duyğu oyatmır. Ona görə ki, bu tipli nəzm parçaları məzmunca qeyri-poetikdir. Rəsul Rza çox doğru qənaətə gəlir ki, poeziya qanuniləşmiş ölçü və qafiyə deyil, fıkrin, hissin, qavrayışın poetik ifadəsidir ki, bu da başqa komponentlərlə birlikdə sözü şeirə çevirir.
Sözü şeirə çevirmək şairdən xüsusi istedad tələb edir. Şair dilin qanunauyğunluqlarını, şeirin texnikasını mükəmməl bilməsə, ağlına gələn ən gözəl poetik fikri belə lazımi səviyyədə oxucuya çatdıra bilməz. Şair, hər şeydən əvvəl, həyat hadisələrinə, hətta adi predmetə, ota, çiçəyə, quşa, böcəyə poetik gözlə baxmağı bacarmalıdır. Şeir texnikası, vəzn, ölçü, qafıyə, digər sənətkarlıq komponentləri öz gördüyünü oxuculara da göstərmək üçün şairin əlində bir vasitədir.
Məlumdur ki, istər heca, istərsə də əruz vəzninin sərt qayda-qanunları vardır ki, şair bu qaydalara mütləq riayət etməlidir. Lakin çox zaman elə olub ki, vəzn boyunduruğu sözün boynunu yoluq edib, adi ahəngindən çıxrıb. Söz vəznə uyğun şəkildə ya sıxılıb, ya da dartılıb uzadılıb. Başqa sözlə desək, bəzən söz vəzn qəlibində özünü sərbəst hiss edə bilməyib. Xüsusən, əruz vəznində yazılan şerlərimizdə ülgüyə gəlməyən sözlərimiz ərəb və fars sözləri ilə əvəz edilib ki, bu da şeirimizin leksikonuna bir ağırlıq gətirib.
Zaman keçdikcə şairlərimiz şeirin trafaret qəliblərindən yaxa qurtarmağa çalışıblar. Hələ XIV əsrdə Cəlaləddin Ruminin qafıyəni "Allahın şairlərə göndərdiyi bəla" adlandırması da sərt vəzn, qafiyə qanunlarına etirazın bir ifadəsi idi.
Sərbəst şeir zamanın tələbi ilə yaranmış, sözü sərbəst ifadə etmək ehtiyacından doğmuşdur. Lakin bu fıkir sərbəst şeirin tarixi qədimliyini inkar etmir. İlk yazılı abidələrimizdən biri olan "Kitabi-Dədə Qorqud"dakı şeir parçaları sərbəst şeirin ilk nümunələri kimi maraqlıdır.
Sərbəst şeir formalizmdən yaxa qurtarmaq ehtiyacından doğulmuşdur. Lakin o, nəsr yox, məhz şerdir. Elə buna görə də ahəng, ritm, vəzn, qafıyə sərbəst şeir üçün də əsasdır. Hətta əruz, heca vəznində yazılan şeirlərimizdə belə sərbəstliyə meyl özünü göstərməkdə idi. Belə ki, hər hansı bir şerin daxilində müxtəlif ölçülərdən müvazi şəkildə istifadə, misradaxili fasilələrin, qafiyə-lərin ayrı-ayrı formalarda təzahürü ənənəvi şeirin strukturundakı yeniləşmə meylinin ifadəsi kimi maraq doğurur.
Sərbəst şeir məzmunun formadan daha üstün, aparıcı olmasının təzahürüdür. Sərbəst şeir sərt nəzm qaydalarına boyun əymir, bu cür şeirdə vəzn, qafiyə xətrinə fıkir təhrif olunmur. Əksinə, vəzn də, qafiyə də fıkrin ifadəsinə xidmət edir. Sərbəst şeir üçün birinci növbədə fikir, məzmun, ikinci növbədə isə forma gəlir. Sərbəst şeirdə fıkir zorla forma qəlibinə salınmır, əksinə, forma məzmuna uyğun şəkildə dəyişdirilir. Sərbəst şeirin sərbəstliyi də məhz buradan irəli gəlir.
Sərbəst formada yazan şairin hər şeirində ritm, ahəng, qafıyə quruluşu başqa-başqa formalarda təzahür edir. Ayrı sözlə desək, canlı orqanizmi xatırladan hər şeir fərdi olduğu üçün onun poetik libası da özünəməxsusdur, digər şeirlərə bənzəmir.
Başını dik tutdu qələm,
dayandı məğrur.
Nə bir kəlmə söz düşdü kağıza,
nə bir cümlə yarandı,
nə doğdu bir fikir.
Birdən hər şey dəyişdi.
Ağ kağıza düzüldü kəlmələr.
Nələr yarandı, nələr.
Bəli, birdən hər şey dəyişdi.
Baxdım:
Qələm başını əymişdi.                  (R. Rza)
       
    Bu şeirdə qələmin başını aşağı, yuxarı tutmasından bir bədii vasitə kimi istifadə edən şair dikbaşlıqla    təvazökarlığı qarşılaşdırır. Şeirin bədii formasına gəldikdə isə, şair fikirləri, sözləri zorla eyni qəlibə salmır, fıkrin təbii ifadəsi üçün sözün təbii axarına meydan verir. Belədə oxucunun diqqəti ilk növbədə formaya yox, məzmuna yönəldilir.
Bir şeirdə olan formanı mütləq başqa şeirdə axtarmaq, forma təkrarını tələb etmək sərbəst şeir üçün xarakterik, məqbul deyildir. Fikir hansı ölçülü misrada daha yaxşı səslənirsə, şair həmin formadan istifadə edir. Sərbəst şeirdə misralar "inkubator cücələri" kimi eyni boy-buxunda olmur, hər misranın özünəməxsus ölçüsü, daxili bölgüsü fıkrin ifadəsində bir sərbəstlik, şeirdə rəngarənglik yaradır. Sərbəst şeirdə hər misranın eyni ölçüdə, eyni daxili bölgüdə olması tələb edilmir.
Mən
 mülkümü və malımı,
                       yəni bir çanaq balımı
                       qoruyuram həşaratdan.
Gözlə, qardaşım, gözlə...
Çanağımda
                              balım olsun,
                              arısı gələr
                                          Bağdaddan.             (Nazim Hikmət)
Sərbəst şeirin misraları boyca, ölçü etibarilə bir-birindən seçilsə də, bu tipli şeirlərin özündə də bir ahəng, ritm, hətta ölçü, fasilə nəzərə çarpır. Sərbəstlik ilk növbədə o zaman özünü göstərir ki, şair fıkrini ifadə edərkən əvvəldən axıra kimi bir-birinə uyğun gələn sistemli şeir ölçülərinə, daxili bölgülərə və ənənəvi qafıyə quruluşuna riayət etmir. Bəzi qafıyələr bir-birindən əhəmiyyətli dərəcədə aralı düşürsə, bəzən də onlar yanaşı işlədilir. Sərbəst şeirin özündə də bir ritm, ahəngdarıq vardır. Əks təqdirdə bu tipli yazıları şeir adlandırmaq da düzgün olmazdı.
Ədəbiyyatımızda sərbəst şeirin gözəi nümunələrini yaradan Rəsul Rzanın sərbəst şeir haqqında düşüncələri də maraqlıdır. O, "Kanonları pozaraq" adlı məqaləsində yazırdı: "Sərbəst şeir üçün bütün ənənəvi qaydalar məcburi deyil. Bununla belə, Azərbaycan sərbəst şeiri qafıyəni tamamilə rədd etmir. Əksinə, sərbəst şeirdə iki, üç, dörd, beş və daha çox misra ardıcıl qafiyələnə bilər. Eyni zamanda bir neçə misra qafıyələnməyə bilər, yaxud, həmqafıyə misraların arasında iki, üç, dörd, beş qafiyələnməyən misra gələ bilər.
Deyilənlərdən aydın olur ki, sərbəst şeir bütün qaydalardan azad olmaq demək deyil. Hər şey fikrə, məzmunun konkret ifadəsinə, ritmə tabedir." (Rəsul Rza. Seçilmiş əsərləri, 4- cü cild. Bakı, Azərnəşr, 1974, s. 486).
Adı çəkilən məqalədə R. Rza haqlı olaraq ənənəvi ölçüyə malik misraları parça-parça düzənləri tənqid edir, ürək ağrısı ilə deyirdi ki, bunun poeziyadan çox qonorara dəxli var.
Ümumiyyətlə, sənətkar fikrini ifadə etməkdə sərbəst deyilsə, ənənəvi şeir ülgüsündən kənara çıxa bilmirsə, fıkrini aydın şəkildə ifadə etməyə çətinlik çəkir. Qəribədir ki, zamanın, dövrün yaramaz əxlaq qaydalarına boyun əyməyən bir çox sənətkarlarımız əsrlərlə şeirin sərt qayda-qanunlarına tabe olmuşlar.
Ənənəvi formadan yaxa qurtarmağa çalışan sənətkarlarımız çox zaman kəskin tənqid hədəfinə çevrilmişlər. Burada şair Fikrət Qocanın "ən çox döyülən də, ən çox bərkiyən də Rəsul Rza oldu" qənaətini xatırlatmaq yerinə düşərdi. Lakin mühafızəkar şeir texnikası orbitindən çıxmaq heç də o demək deyil ki, poeziyanın ənənəvi qayda-qanunları atılır. Sərbəst şeirin özündə də ritm, ahəng, fikrin daha gözəl ifadəsinə kömək edən qafıyələr vardır. Məsələn, Rəsul Rzanın məşhur bir şeirinə nəzər salaq:
Od nə çəkdi,
                     küldən soruş
Baş nə çəkdi,
                     dildən soruş.
…Nəğmələrin həsrətini,
                     bir qırılmış teldən soruş.
 Omrün çətin yollannda
                    daşa ləpir salsa ayaq,
 gün nə çəkdi,
                       ildən soruş.
 Zülmətlərin möhnətini
                       kor söyləsin.
Bəm xalların fəryadını
                      Zildən soruş.
Bu şeirdəki misraların ölçüsü bir-birinin eyni olmasa da, bəzən qafiyələr yaxın, bəzən bir-birindən aralı düşsə də, şeirin ritmi, ahəngi ürək oxşayır. Bəs bu ahəngi yaradan nədir?
Bir qədər diqqətlə fikir verəndə aydın olur ki, misralar nə qədər müxtəlif ölçülü olsa da, ondakı ritmi, ahəngi səkkiz hecalı şeirin 4+4 daxili bölgüsü təmin edir. Hətta bir sözdən ibarət qısa misraların hamısı dörd hecahdır. Nisbətən uzun ölçülü misraların 4+4 daxili bölgülü səkkiz hecadan ibarət olması da az söz demir. Bütün bu deyilənlərdən aydın olur ki, sərbəst şeirin özündə də ritmi, ahəngi hecaların ölçüsü, qafiyələr təmin edir.
Sərbəst şeirdə daxili quruluş rəngarəngdir.Əsas fikrin ifadəsi olduğundan, şeiri hər hansı qəlibə salmaq və yaxud forma xatirinə ritmik bir misranı parçalamaq doğru deyildir.
Sərbəst şeiri yüksək səviyyəyə qaldıran R. Rza olmuşdur. “Məncə hava yoluna bənzəyir sənətin yolu”-deyən şair sərbəst şeirin hüdudsuz imkanlarını xatırladır, qələm dostlarını yeni, bənzərsiz üslubda yazıb-yaratmağa səsləyir.
R. Rzadan sonra ədəbiyyatımızda sərbəst şeirə marağın güclənməsi də təsadüfı deyildi. Fikrət Qocanın, Fikrət Sadığın, Əli Kərimin, Ələkbər Salahzadənin, İsa İsmayılzadənin, Vaqif İbrahimin, Eldar Baxışın, Vaqif Səmədoğlunun, Vaqif Cəbrayılzadənin və b. yaradıcılıq nümunələri sərbəst şeirin potensial imkanlarından xəbər verən ədəbi faktlardır.
Onu da qeyd edək ki, müasir dünya poeziyasında da sərbəst şeir aparıcı yerlərdən birini tutur.
Nazim Hikmət yazırdı: "Kim ki, ölçüsüz və qafiyəsiz şeir yazmağın qeyri-mümkünlüyünü deyir, həmin adam heca və ölçüdə şeir yazmağı inkar eləyən qədər haqsızdır. Şeirləri elə də yazmaq olar, belə də."

Hiç yorum yok:

Yorum Gönder