10 Ocak 2016 Pazar

Bədii əsərlərin pafosu, spesifik xüsusiyyətləri

        Pafos yunan sözü olub, mənası "ehtiras" anlamına gəlir. Ruh yüksəkliyi, təmtəraq, coşqunluq, həyəcan, emosiya pafosun əsas cəhətləri kimi özünü göstərir. Bir var bır işi həvəslə görəsən, bir də var ki, həvəssiz. Həvəslə görülən işlə həvəssiz görülən iş bir-birindən fərqləndiyi kimi, pafosla edilən nitq də, yaradıcılıq coşqunluğu ilə yaranan əsər də pafossuz nitqdən, yazılan əsərdən fərqlənir.
Bədii ədəbiyyat, yaradıcılıq prosesi üçün də pafosun olduqca mühüm əhəmiyyəti vardır. Pafos yaradıcılıq şövqü, yaradıcılıq həvəsi olduğundan, yaradıcılıq prosesi onsuz təsəvvürə gəlmir. Pafos sənətkarı yazıb-yaratmağa, prosesin ağırlığına, yaradıcılıq axtarışlarının çətinliklərinə, əzablarına mərdliklə sinə gərməyə səsləyir. Yaradıcılıq prosesində pafos tükənməz enerji mənbəyinə çevrilir. Bədii əsərin təsirli, emosional, sirayətedici olması əhəmiyyətli dərəcədə onun pafosundan asılıdır. Pafos əsərin mayası, cövhəri, ruhudur. Pafos əsərin hər bir sətrində, qəhrəmanların hərəkət və davranışlarında, onların arzu və düşüncələrində, personajların nitqində, danışığında bu və ya digər dərəcədə özünü göstərmiş olur.
Pafos hər hansı yüksək ideyanın doğurduğu şövq, ilham, vəcd, ruh yüksəkliyi, coşqunluq, ehtirasdır. Pafos yazıçını ilhamlandırır, onu yazıb yaratmağa həvəsləndirir. Pafos "bədii əsərin, yaxud ümumiyyətlə sənətkarın yaradıcılığının ideya-emosional ruhu"dur. ("ASE", Vll c.).
Pafos problemi hələ qədim dövrlərdən yazıçıları, filosofları, nəzəriyyəçiləri düşündürmüşdür. Aristotelin, Lonqun, Şillerin, Belinskinin və başqalarınm pafosla bağlı bu və ya digər şəkildə mülahizələri vardır.
Belinski pafos haqqında yazır: "Pafos həmişə insanın qəlbində ideya ilə alışıb yanan və həmişə ideyaya doğru can atan ehtirasdır, deməli sırf ruhi, mənəvi, ilahi ehtirasdır... Fəlsəfədə ideya cılızdır; pafos vasitəsi ilə isə ideya işə, gerçək fakta, canlı varlığa çevrilir. Öz mahiyyəti etibarı ilə ən pafoslu poeziya olan dramatik poeziya barəsində ən çox işlədilən poetik sözü də pafos sözündən əmələ gəlir. Beləliklə, hər bir poetik əsər pafosun məhsulu olmalıdır, pafosla dolu olmalıdır. Pafos nəzərə alınmazsa, şairi əlinə qələm almağa nə vadar etdiyini və ona bəzən çox böyük əsəri başlamağa, bu əsəri qurtarmağa nəyin qüvvə və imkan verdiyini anlamaq olmaz."
Böyük tənqidçinin bu fikirləri pafosun mahiyyətini anlamağa, bədii əsərdə, yaradıcılıq prosesində onun əvəzsiz yerini və rolunu başa düşməyə kömək edir. Məlum olur ki, heç bir bədii əsər pafossuz təsəvvürə gəlmir.
Pafos haqqında Hegelin fıkirləri daha çox maraq doğurur. Filosof pafosu insan qəlbinin hərəkətverici qüvvəsi hesab edir. Onun fıkrincə, pafos həm incəsənət əsərlərinin əsl hakimi, həm də tamaşaçıları həyəcana gətirən qüdrətli bir vasitədir. "Pafos həyəcanlandırır, ona görə ki, özlüyündə və özü üçün o insan varlığının qüdrətli qüvvəsidir."
Insan varlığının ən qadir gücü olan pafos onu təkcə həyəcanlandırmır, həm də yaşamağa, sevib sevilməyə, qurub-yaratmağa, mübarizə aparmağa, həyatın gözəlliklərindən zövq almağa səsləyir.
Hegel ailəni, vətəni, dövləti, müqəddəs məbədləri, şərəf və ləyaqəti, dostluğu, məhəbbəti və s. pafosun başlıca qida mənbəyi hesab etməkdə yanılmırdı. Çünki insanın ürəyində müqəddəs hisslər oyadan, onu yaşayıb-yaratmağa, mübarizə aparmağa, sevib sevilməyə həvəsləndirən məhz bu qüvvələrdir.
Hegelin pafos haqqın mülahizələrini geniş şərh edən ədəbiyyatşünas Q. N. Pospelov qeyd edir ki, böyük fılosofu pafosun bədii əsərin ideya-məzmununun qavranılmasındakı rolu, personajların həyəcan və iztirabları, hadisələrin emosional istiqaməti daha çox maraqlandırır. Hegel sənətkarın özünün düşüncə və hisslərinə o qədər də əhəmiyyət vermir. Ancaq bu düzgün deyildir. Ona görə ki, əslində bədii əsərin pafosunu müəyyənləşdirən amil yaradıcı insanın özünün hiss və həyəcanları, onun emosional ovqatıdır.
Pafosu doğuran səbəblər rəngarəngdir. Hər dövrün özünəməxsus pafosu vardır. Məsələn, sovet dövründə şairlər "rəngi, qabarı eyni olan əllərin bir bayraq altında birləşməsindən", "nəfəsləri benzin və kükürd qoxulu milyonların şairi" olmalarından şövqə, ilhama gəlirdilərsə, indi üçrəngli bayrağımız, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi, suverenliyi, imzalar içində imzamızın, bayraqlar içində bayrağımızın dalğalanması yaradıcı adamların qəlbini ehtizaza gətirir, onları boyük şövqlə yazıb yaratmağa həvəsləndirir.
Təkcə əsərin hansı pafosla -  həvəslə yazılması ilə iş bitmir. Əsas məsələ odur ki, yazıçı ürəyindən qopub əsərə hopan pafos oxucunu da həvəsləndirir, həyəcanlandırır, onu da ölkəmizin "müsəlləh əsgəri" olmağa, vətən, xalq işi uğrunda mübarizə aparmağa səsləyir. Bu baxımdan pafos son dərəcə təsiredici, həvəsləndirici, səfərbəredici, tərbiyəedici bir vasitədir.
Haqq işi uğrunda mübarizə, demək olar ki, ədəbiyyat tariximizdəki bütün əsərlərin pafosunu şərtləndirən amil olmuşdur. Əsrlər boyu xeyir pafosu ilə şər pafosu müxtəlif zümrələri təmsil edən qüvvələr arasındakı mübarizənin başlıca stimulu, hərəkətverici qüvvəsi olmuşdur. Xeyirxahlığa məhəbbət, şərə nifrət motivləri folklorumuzun ümumi pafosunu təşkil etmiş və bu mütərəqqi ənənə zaman-zaman yazılı ədəbiyyatımızda da davam etdirilmişdir. Bu mənada pafos həm də xalq həyatının, xalq ruhunun bədii-emosional aynasıdır.
Pafosun mənbəyi həyatdır, cəmiyyətdir. Soydaşlarımızın əqidə, məslək, namus, şərəf yolunda apardıqları mübarizə həm yaradıcı adamın, həm də onun yazdığı əsərləri oxuyan insanların qəlbində həvəs oyadır. Gerçəkliyə, həyat həqiqətlərinə yaradıcı şəxsiyyətin emosional münasibəti pafos doğurur.
Məhəbbətin qadirliyi, hər şeydən ucada dayanması ədəbiyyat tariximizin müxtəlif mərhələlərində bədii əsərlərin əsas pafosuna çevrilmişdir. Nizami "Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin?", Füzuli "Bir əcəb meydir məhəbbət kim, içən hüşyar olur", S.Vurğun "Getsə bir qapıdan eşqin ayağı, sovular bağçası, saralar bağı"... söyləyir.
Məcnunun öz Leylisinin ayrlığında daddığı şirin əzab zövqü, Kərəmin öz Əslisinə qovuşmaqdan ötrü od tutub yanması, Sənanın öz Xumarının vəslinə qovuşmaq üçün dindən üz döndərməsi, sevgüilərin əl-ələ tutub uca qayadan tullanmaqdan belə çəkinməmələri istər klassik, istər müasir ədəbiyyatımızda pafosun istiqamətini, dərəcəsini, sirayətedici gücünü göstərən önəmli bədii faktlardır.
Əməyə məhəbbət pafosu ədəbiyyat tariximizin müxtəlif mərhələlərində  yaranan  əsərlərin əksəriyyəti  üçün  xarakterikdir…
Vətənpərvərlik, düşmənə qarşı mübarizə pafosu bütün dövrlərin ədəbiyyatı üçün xarakterik olmuşdur. Məhz vətən, xalq işi uğrunda mübarizə aparan, bu yolda şəhid olmaqdan belə çəkinməyən qəhrəman oğul və qızlarımıza ümumxalq məhəbbəti qazandıran da bu amillər olmuşdur...
Maarifçilərin əsərlərindəki pafos insanları elmli, savadlı, mədəni olmağa, cəhalətlə mübarizə aparmağa səsləyirdi. Tənqidi realistlərin isə öz əsərlərində ictimai bərabərsizliyi, sosial ədalətin pozulmasını, haqsızlığı, nadanlığı, avamlığı, cəhaləti qamçılamaları onların yaradıcılıq nümunələrindəki pafosun tamam başqa bir istiqamətdə cərəyan etməsindən xəbər verirdi.
Təbiət gözəllikləri həmişə pafosun başlıca mənbələrindən biri olmuşdur. Vətən təbiətinin əsrarəngiz gözəlliyi, başı qarlı dağlarımız, quşqonmaz zirvələrimiz, füsünkar göllərimiz, bol sulu çaylarımız, şəfa qaynağı olan bulaqlarımız, zümrüd donlu meşələrimiz, bərəkətli torpaqlarımız, yeraltı, yerüstü sərvətlərimiz, nağıllar dünyası olan Xəzər dənizi həmişə sənətkarlarımızın qəlbini ehtizaza gətirmiş, onları yazıb-yaratmağa həvəsləndirmiş, ilhamlandırmışdır.
Pafos çox mürəkkəb anlayışdır və o, müxtəlif məzmunlu, müxtəlif janrlı bədii əsərlərdə olduqca rəngarəng formalarda özünü göstərir. Müxtəlif ədəbi metodda, ayrı-ayrı fərdi yaradıcılıq üslubunda yazılan sənət əsərlərində pafosun rəngarəng təzahürü də qanunauyğun haldır. Hamının yaradıcılıq üslubu fərdi olduğu kimi, hər bir insanın da qəlbində pafos onun psixikasına, fızioloji imkanlarına, eləcə də dünyagörüşünə uyğun şəkildə özünü göstərir.  Ancaq  pafosun  ümumi  istiqaməti  həmişə  aparıcı  olur. Məsələn, vətənpərvərlik duyğusu ayrı-ayrı adamların daxili dünyasında eyni səviyyədə cərəyan etməsə də, bu pafosun nüvəsində, mayasında bir ortaq cəhətin olması labüddür. Çünki insan fərd olmaqla bərabər, həm də sosial varlıqdır.
Pafos həm də sənətkar qəlbini kökləyən, onu yazıb-yaratmağa həvəsləndirən ilahi bir qüvvədir. "Çobanın könlü olsa, təkədən pendir tutar" qənaəti də elə-belə yaranmayıb. Həvəslə, tükənməz bir ehtirasla hər hansı bir işə girişən insanın "dağ üstünə dağ qoyması" da göydəndüşmə deyildir; pafosun qadir gücündən xəbər verir.
Pafos həm yaradıcılıq metodunun, həm də bədii üslubun ən aparıcı elementlərindəndir. Bir var S.Vurğunun, R. Rzanın uslubundakı pafos, bir də var M. Arazın, R. Rövşənin...
Pafos yazıçının, eləcə də qəhərəmanların əhvali-ruhiyyəsini tənzimləyən qüdrətli bir vasitədir. Bədii əsərlərdə pafosun olduqca rəngarəng təzahür formaları vardır. Ülvilik, qəhrəmanlıq, dramatizm, tragizm, sentimentallıq, romantik əhvali-ruhiyyə, yumor duyumu - komizm pafosun müxtəlif növləridir. Bu rəngarəng hisslərin bədii təsviri əsərin ümumi ruhunu təşkil edir, məzmunun ifadəsinə, ideyanın açılmasına yardrmçı olur. Pafos kiçik təfərrüatlardan, hər hansı bir bədii missiyanı yerinə yetirən detallardan, təsvir vasitələrindən, qəhrəmanların xarakterindən, hərəkət və davranışlarından, arzu və düşüncələrindən, hiss və həyəcanlarından, süjetdən tutmuş komposiziyaya qədər bütün struktur elementlərə hopan elə bir sehrli, ilahi ruh, həyat cövhəri, hərəkətverici qüvvədir ki, onsuz canlı orqanizm - bədii əsər təsəvvürə gəlmir.
         
           Bədii ədəbiyyatin spesifik xüsusiyyətləri ( söz sənəti)
         
Zəngin ədəbi təcrübə, hərtərəfli yaradıcı müşahidə və axtarış sənətkarlarda belə bir inam oyatmışdır: "Ədəbiyyat - insanşünaslıqdır"; insanı geniş zaman daxilində hərəkət və inkişafda, görünən və görünməyən cəhətləri ilə, xarici aləmlə canlı əlaqə və təmasda bədii idrakdır; onun obrazlı forması isə gerçəkliyi idrakın spesifik üsulu-metodudur. Bu ona görə belədir ki, yazıçı nədən, həyatın və ictimai münasibətlərin hansı sahəsindən yazırsa yazsın, fərqi yoxdur, onu insan, insanın fikri-mənəvi aləmi, düşüncə və psixologiyası, mövqe və münasibəti maraqlandırır. İstedadlı sənətkar fəaliyyəti boyu ədəbiyyatın predmetindən -insandan ayrılmır. Onun vasitəsi ilə mühitə, sosial həqiqətə, təbiətin rəngbərəngliyinə münasibət bildrir, zamanın istiqamətini tutur, həyatın qanunauyğun inkişafını göstərir. Düzdür, Ezop, Füzuli, Krılov, və başqaları xırda bədii formalarla -nağıl və təmsillərlə düşünür, canlı insan obrazı yaratmırdılar. Realist və   romantik   sənətkarlar   -   L.N.Toltoy,   A.P.Çexov,   Q.B.Zakir, S.Ə.Şirvani və A.Səhhət ehtiyac duyanda varlığa əşyalar və heyvanlar aləmindən, təbiət mənzərələrindən baxır, qiymət verirdilər. Ancaq belə əsərlərdə də əşya və heyvanlara köçürülən rənglər, cizgilər, əlamətlər, meyl və istəklər altında insan görünür, canlı hərəkət və münasibət duyulur. Çünki əsərdə hərəkət edən, iş görən, bədii yük daşıyan, fikir və amal oyadan insandır, onun hiss və duyğusu, meyl və təşəbbüsü, gerçəkliyə münasibətidir. Ona görə də ədəbiyyata -insanşünaslığa    tərif   verəndə    sənətkar    arasında    fıkir    ayrılığı yaranmamışdır.    O.Balzak   demişdir:    "Ədəbiyyat   insan   qəlbinin tarixidir". V.Q.Belinski inanmışdır: "Ədəbiyyat obrazlarla və lövhələrlə düşünmək və düşündürməkdir
Ədəbiyyat incəsənətin humanist-vətənpərvər mahiyyətli, geniş təsirli növlərindən biridir, həmişə xalqın həyat və mübarizəsi, ideal və düşüncəsi ilə bağlı olmuşdur. Buna görə də cəmiyyətin inkişafı söz sənətinə, ədəbi növ və şəkillərə, bədii üsul və vasitələrə, meyl, istiqamət və cərəyanlara ciddi təsir göstərir; estetik ideal bir yöndə, bir istiqamətdə qalmır, onun məzmunu dəyişir. Varlığında dövrün düşüncə və  təsəvvürlərini, arzu və ideallarını birləşdirir.
"Ədəbiyyat" ədəb sözündəndir. Şərqlilər onu mərifət, nəzakət, incəlik, bilik və elm mənasında işlətmişlər. Avropalılar ədəbiyyata belletristika da demişlər. Belletristika gözəl söz və təsirli ifadə mənasındadır. Bunlar - həyatın və insanın spesifık ifadəsi söz sənətinə özünəməxsusluq gətirir, onu elmin və incəsənətin digər sahələrindən fərqləndirir. Bu fərqin dərinliyini, məzmun və forma bənzərsizliyini Aristotel də duyurdu: "Şairin vəzifəsi həqiqətən olub-keçənlərindən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs etməkdir. Məhz tarixçini və şairi fərqləndirən o deyil ki, biri vəzndən istifadə edir, o biri isə etmir: Herodotun əsərlərini nəzmə çəkmək olardı, bununla belə onlar vəznlə də, vəznsiz də yenə tarix əsəri olaraq qalardılar; onları fərqləndirən budur ki, birinci həqiqətən olub keçənlərdən, ikincisi isə mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha çox fəlsəfi və daha ciddidir: poeziya daha çox mümkündən, tarix xüsusidən bəhs edir. ".
Həyatın hansı sahəsinə müraciət edirsə etsin, hansı səpgidə bədii əsər yazırsa yazsın, yenə sənətkar sənətkardır, dövrünün oğludur, yaradıcı insandır. Aristotelə görə o, təqlid prosesində sərbəstdir, dərindən düşünən, hadisə və əhvalatları təzədən yarada bilən şəxsiyyətdir: Şair vəzn (metr)  yaradıcısı olmaqdan daha çox fabula yaradıcısı olmalıdır, çünki o, təqlidi təsvir gücünə görə şairdir və o, hərəkəti təqlid edir. O, hətta, həqiqətən baş vermiş əhvalatları əks etdirməli olsa bela yenə şair olaraq qahr, zira heç nə mane olmur ki, həqiqətən baş vermiş hadisələrin bəziləri özləri də ehtimal və ya imkan daxilində olsun",- şair bu mənada (həmin) hadisələrin də yaradıcısıdır.
Əslində, elmi idrakla bədii dərk arasında Çin səddi yoxdur. Yazıçı kimi alim də həyatı, milli adət-ənənəni, insanın mənəvi-psixoloji aləmini öyrənir, elmi təmkinlə faktları toplayır, sistemləşdirir, ümumiləşdirmələr aparır; ya tarixin müəyyən "parçasından", ya müasir həyatdan yazanda faktları əsas alır, əlavə rəng və boyalara, hissi-emosional mühakimələrə ehtiyac duymur. Bununla yanaşı, bütün dövrlərdə elmlə incəsənət fəal dialektik vəhdətdə inkişaf edir, qnoseoloji köklərlə bir-birinə bağlanır, bir-birinə hopur, onları bir-birindən üsulları fərqləndirir.
Nəzəri ədəbiyyatda, ədəbi-tənqidi və bədii yaradıcılıqda elm incəsənəti, incəsənət də elmi əvəz edə bilmir: sadəcə elmi idrakla bədii idrak arasında oxşar, bənzər və ümumi cəhətlər vardır - orada da, burada da fərdi yaradıcılıq axtarışı və təcrübəsi, təxəyyül və dünyagörüşün genişliyi, faktı seçmək və ümumiləşdirmək, məntiqi ardıcıllığı gözləmək  vacib  şərtlərdəndir.   Lakin  yazıçıda  canlı  idrak,  faktı  hissi-emosional qavramaq, tez təsirlənmək, həssaslıqla ümumiləşdirmək bacarığı güclüdür. Çox hallarda sənətkarın məzmuna, ideal daşıyıcısına məftunluğu ehtiras səviyyəsinə yüksəlir. O, həyatı hərtərəfli, özünəməxsusluğu ilə yaşayır, rəğbətini, sevgi, nifrət və qəzəbini gizlətmir. Onun istifadə etdiyi detallarda, mənzərə və lövhələrdə fıkir, həyati düşüncə yaşayır. Ancaq o, təkcə hisslə düşünmür. Məzmunun mahiyyətini, surətlərin xarakter və tərcümeyi-hallarını hisslə fikrin vəhdətində açır. L.N.Tolstoy demişkən, ədəbi fəaliyyəti boyu gerçəkliyin özünə bənzəyən, onu şərtləndirən, insanda təzə düşüncələr, təzə meyl və münasibətlər oyadan "həqiqət uydurur", "uydurmanı" daxilindən, fıkri-mənəvi aləmindən keçirir, bənzərsiz bədii aləm yaradır. "Mütəfəkkirlə sənətkar arasındakı fərq ondadır ki, şeyləri və hadisələri duyub qavramaq bacarığı sənətkarda daha canlı və qüvvtəlidir. Onların ikisi də dünyaya olan baxışlarını düşüncələrinə gəlib çatmış faktlardan ahrlar. Lakin daha çox canlı idrak və qavrama bacarığına malik olan adam, yəni sənətkar təbiəti, onu əhatə edən varlığın ilk dəfə təqdım etdiyi  hər  hansı  bir  müəyyən   faktdan  çox  qüvvətli   bir  sürətdə təsirlənir. Ona məftun olur", (N.A.Dobrolyubov).
Bədii qavrayış, faktın real təsviri, bədii məntiq və obrazlılıq həyatın, ictimai-siyasi münasibətin və insan fəaliyyətinin bütün sahələrinə təsir göstərir, elmi kəşflərin belə ortaya çıxmasına kömək edir. A.Eynşteyn F.M.Dostoyevskinin ona hamıdan, hətta çox şey verdiyini söyləmişdir. Fransız təbibi L.Loje isə F.M.Dostoyevskinin ruhi xəstəliklərin bütöv bır silsiləsinin dəqiq təsvirini verə bilməsinə heyrətlənmişdir. İqtisadi hadisələri ayrıca bir adamın subyektiv duyğuları və psixologiyası vasitəsilə nəzərdən keçirməyə çalışan siyasi iqtisadda subyektüv məktəb üçün robinzonada əsl dəfinə idi.
Əgər deyilənləri ümumiləşdirsək, onda demək olar ki, bədii əsər faktsız, məntiqsiz və sistemsiz olmur. Çünki sənətkar yaradıcı şəxsiyyətdir. Onda hərtərəfli düşüncə və yaratmaq qabiliyyəti, geniş xəyal və müşahidə aparmaq bacarığı vardır. O, səciyyəvini, ümumi maraq səviyyəsində dayanan hadisə və əhvalatları görür, seçdiyi faktları, cizgi və mizanları yaşayır, onlardan sərbəst "fikri nəticələr və mühakimələr üçün" istifadə edir. Buna görə də bədii əsər kütlələrə, elə də mütəfəkkirə, onun elmi yaradıclıhğına təsir göstərir.
Sənətkar fikri, məna və məzmunu sozlə, lövhə və detallarla, surət və mənzərələrlə açır, hiss və duyğuya təsir göstərir, insanda təsəvvür, meyl, arzu və inam oyadır. Əsərdə fakt ümumiləşir, fikri açan, mənanı dərinləşdirən vasitəyə çevrilir.  Buna görə də söz sənəti bədii şəklə düşməyən,   ümumiləşməyən  faktları,  "mücərrəd  fəlsəfı  və xüsusən düşünülməmiş ideyaları yaxına buraxmır; o yalnız poetik ideyaları qəbul edir " (V.Q.Belinski).
Deyilənlərdən belə bir fikir hasil olmasın ki, alimə xəyal, hiss və duyğu bolluğu, yazıçıya isə fəlsəfi idrak və zəka dərinliyi lazım deyildir. Şərq və Avropa klassiklərinin əsərləri sadə olduğu qədər də hikmətlidir, təsirli və düşündürücüdür. Nizami dünyanın müxtəlifliyini, insan təbiətinin zənginliyini, onun arzu və düşüncəsinin genişliyini, Füzuli sevginin bəşəriliyini və humanist mündəricəsini hisslə idrakın vəhdətində dərk etmiş, ümumiləşdirmişdir. "Şekspirin yaratdığı əsərlərdə bilmirsən nəyə daha çox heyrət edəsən - yaradıcı xəyalın zənginliyinəmi, yoxsa hər şeyi əhatə edən zəkanın zənginliyinə" (Belinski). Bu ona görə belədir ki, bədii əsərdə idrak və zəka genişliyi, güclü bədii fəlsəfi mündərəcə yaşayır. B. Vahabzadə... çox zaman həyatın sadə, adi həqiqətlərindən yazır. Ancaq o, sadəlikdə fəlsəfi dərinlik tapır, oxucunu bu sadə mətləblərdən - güclü fikir axınından yayınmağa qoymur:
Söz sənəti həyatın təsviridir, bir növ təkrar edilmiş, yenidən yaradılmış aləmdir. Bu aləmdə yazıçının özü görünür, şəxsiyyəti iştirak edir. Bütün bunlar imkan verir deyək ki, elmlə incəsənətin fərqi məzmunda deyil, məzmunun necə, hansı üsulla açılmasında, ifadə olunmasındadır.  Siyasi iqtisadçı statistik rəqəmlərlə silahlanaraq, öz oxucularının və dinləyicilərinin ağlına təsir göstərərək sübut edir ki, cəmiyyətdə filan  sinfin vəziyyəti filan səbəblərə gə xeyli yaxşılaşmışdır və ya xeyli pisləşmişdir. Şair həyatın canlı və parlaq təsviri ilə silahlanaraq, öz oxucularının xəyalına təsir edərək düzgün lövhələrlə göstərir ki, cəmiyyətdə filan sinfin vəziyyəti filan səbəblərə görə doğrudan da xeyli yaxşılaşmış və ya pisləşmişdir. Birisi sübut edir, o birisi göstərir və hər ikisi inandırır, lakin birisi məntiqi dəlillərlə, o birisi təsvir etdiyi lövhələrlə inandırır" (V.Q.Belinski).


Hiç yorum yok:

Yorum Gönder