13 Ocak 2016 Çarşamba

SÜRƏT, XARAKTER, TİP

Obrazlılıq bədii ədəbiyyatın cövhəri, bədiiliyin əsas meyarıdır. Məhz obrazlı deyim tərzi sənət əsərinə ecazkar bir don geyindirir. Söz obrazlı olanda gözəlləşir, daha da cazibədar görünür. Obrazlı deyim, bədii söz ilahi bir qüdrətə malikdir. Hər şeyi ümumi sözlərlə demək mümkün olsaydı, heç yazıçıya, şairə ehtiyac da qalmazdı.
Obrazlılıq forma elementi olsa da, müəllifin əsas ideyasının, əsərin əsas məzmununun açılmasnıa xidmət edir. Müxtəlif bədii üsluba malik sənətkarların əsərlərində obrazlılıq ayrı-ayrı formada təzahür  etsə də, bədii üslubun aparıcı elementinə çevrilsə də, mahiyyət etibarilə o, əsərin cövhəri, canı, qanıdır.
Bir var ümumi sözlə deyəsən ki, mən həbsxanada zülmlər çəkirəm, gecə-gündüz ağlayıram, bir də var ki, sözün qüdrətinə güvənərək yazasan:
Bənzəyir kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim. (Xaqani)               
Yaxud, Mikayıl Müşfıqin "Sənin gözlərin" şeirindən bir bəndə fikir verək:
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərini məndən ayırsan.
Mənim ümidimin qapılarını
Neçün gah açırsan, gah bağlayırsan?
Burada şairin məharətlə istifadə etdiyi epitetlər, bədii sual şeirə poetik bir don biçir, onun gözəlliyini, təsir gücünü qat-qat artırır.
Bütün bu deyilənlərdən beiə nəticəyə gəlmək olar ki, obrazlılıq bədii inikasın canı, qanıdır. Bədiilik, obrazlılıq əsərin keyfıyyət göstəricisidir. Təsvirlərin doğruluğu, həyatiliyi və xəlqilyi də olduqca böyük əhəmiyyət kəsb edir.
Yazıçı, şair həyatı bədii obrazlar vasitəsi ilə əks etdirir. "Sənət həqiqətin bilavasitə ürəkdən gəlmə məzmunudur, yaxud obrazlı təfəkkürdür." (Belinski). Təbiətdə, həyatda nəinki canlı insanın, hətta hər bir cismin, predmetin belə özünəməxsus mövcudluq forması, onun spesifık xüsusiyyətləri vardır. Elə buna görə də onların hər birinin bədii obrazını yaratmaq mümkündür. Obrazda predmetin təkcə zahiri görünüşü deyil, onun mahiyyəti də bu və ya digər dərəcədə cəmlənmiş olur. Adi bir predmet də, ot da, yarpaq da, çiçək də... bədii ədəbiyyatda canlı obraza çevrilə, oxucunu düşündürə, onu həyəcanlandıra bilər.
Bədii əsərdəki surətləri (obrazları) əsasən dörd yerə bölürlər:1)İnsan surətləri. 2)Heyvan surətləri. 3) Əşya surətləri. 4) Təbiət surətləri.
Surətə belə tərif vermək olar: "Müəyyən insan qruplarının bir fərdin üzərində ümumiləşdirilməsinə surət deyilir." Bədii əsərlərdə müxtəlif predmetlər, heyvanlar, təbiət lövhələri obrazlaşdırılsa da, ədəbiyyatın əsas obrazı insandır. Digər obrazlar yardımçı xarakter daşıyır və son nəticədə insanın bədii obrazının mükəmməl yaradılmasına kömək edir.
Məşhur rus ədəbiyyat nəzəriyyəçisi L. İ. Timofeyev yazır ki, əgər hər hansı bir rəsmdə kresloda, stol arxasında əyləşən insan təsvir olunursa, bu heç də o demək deyildir ki, burada bərabərhüquqlu obrazlar təsvir edilib. Stol və kreslo yalnız və yalnız insanın obrazını tam əks etdirmək vasitəsidir. “
Ümumiyyətlə götürsək, obraz geniş anlayışdır. İdeyalar, hisslər, təbiət mənzərələri, həyat hadisələri də insan kimi obrazlaşdırıla bilər.
"Bədii surət (obraz)  sənətin varlığa münasibətləri haqqında,  sənətin daxili qanunları haqqında təsəvvürlərlə, idrak problemi ilə bağlı olan mürəkkəb, çoxcəhətli bir anlayışdır." ("Ədəbiyyatşünaslıq terminləri lüğəti")
"Obraz - insan həyatının estetik əhəmiyyət kəsb edən təxəyyül, fantaziya vasitəsi ilə yaradılan konkret, eyni zamanda ümumiləşmiş mənzərəsidir." ( L. İ. Timofeyev “Osnovı teorii literaturı, s. 55) 
Ədəbiyyatşünaslıqda surət, xarakter, tip termini ilə yanaşı çox zaman personaj sözü də işlədirlər
Yazıçı, şair məhz obrazlar vasitəsi ilə ictimai həyatı, təbiəti, insanın daxili aləmini, onun psixologiyasını, həyata baxışını, arzu və düşüncələrini açmağa nail olur.
Yazıçının yaratdığı surətlər yalnız o surətləri təmsil edən həyatı, insanları, yalnız bir dövrü, bir qrupu, bir hadisəni göstərməklə qalmır. Bədii surətin təsir dairəsi geniş olduğu kimi, əhatə dairəsi də geniş və bəzən də hüdudsuz olur”. ( Mir Cəiai, P. Xəiilov, "Ədəbiyyatşünaslığın əsasları").
Həyatda olduğu kimi bədii əsərdə də insan surətləri bir-biri ilə müxtəlif tipli qarşılıqlı əlaqədədir. Əsərin ümumi strukturunda qəhrəmanların bir-biri ilə əlaqəsi həm onların mənəvi dünyalarının, fərdi xarakterlərinin açılmasına, həm də müəyyən tarixi şəraitdə insanlar arasındakı ictimai münasibətlərin mahiyyətini anlamağa kömək edir. Surətlər arasındakı əlaqə tipləri isə çox rəngarəngdir. Əqidə və məsləkinə görə konfliktin müxtəlif qütblərində cəmlənən insan surətlərinin xarakteri mübarizə, qarşılıqlı əlaqə, müxtəlif hadisələrə münasibət zəminində açılır.
XARAKTER - bədii əsərdə müəyyən fərdi əlamət və keyfiyyəti olan ətraflı, mükəmməl, hərtərəfli işlənmiş insan surətlərinə deyilir.
Xarakter problemi bütün tarixi dövrlərdə fəlsəfənin, psixologiyanın, sosiologiyanın, ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur. Hər hansı bir tarixi epoxada yaranan incəsənət əsərlərinə çox zaman sosial mühit və onun yetirdiyi xarakter prizmasından baxılmışdır. Xarakter ictimai mühitin mənfi və müsbət, zəif və qüvvətli cəhətlərinin aynasına çevrilmişdir.
Görkəmli fılosof Hegel konfiiktlə xarakteri dialektik vəhdətdə götürməyin zəruriliyini xüsusi vurğulamışdır. O, xarakterə üç nöqteyi-nəzərdən yanaşmağı lazım bilirdi: "Əvvələn, biz ona (xarakterə - R. Y.) fərdiyyət, özlüyündə zəngin xarakter kimi baxmalıyıq. İkincisi, xarakter özünü aydın xarakter kimi göstərməlidir. Üçüncüsü, vahid xarakter bu aydınlıqla birləşməli, subyektivlik vasitəsilə sarsılmaz xarakter kimi özünü göstərməlidir. Əgər xarakterdə dərin subyektivizm yoxdursa, yalnız bir arzunu ifadə edirsə, o, məntiqsiz, zəif, gücsüz olur."
Hegel xarakterin çoxcəhətli olmağını tələb edir, sosial cəhətlərlə fərdi cəhətlərin qovuşuğunu xarakter üçün mühüm amil sayırdı. O, yazırdı ki, xarakter başqa xüsusiyyətlərini öz subyektivliyi ilə qovuşdurmalıdır. Xarakter aydın şəkildə olmalı və bu aydınlıq öz-özünə sadiq qalan gücə, qüdrətə, vahid pafosa malik olmalıdır.
Hegel xarakter müstəqilliyini də mühüm amil hesab edirdi: "Əsl xarakter öz xüsusi təşəbbüsü ilə fəaliyyt göstərir, heç kəsi ürəyinə yaxın buraxmır ki, onun əvəzinə fıkirləşsin, məsələ həll etsin. Əgər o, müstəqil surətdə hərəkət edirsə, fəaliyyətinin bütün günahlarını, onun məsuliyyətini öz üzərinə götürməyə hazır olacaqdır." (Yenə orada).
Bədii fərdiləşdirməyə mühüm diqqət yetirən Hegel çox doğru qeyd edirdi ki, əgər belə fərdiləşdirmə yoxdursa, onda həmin qüvvələr incəsənət sahəsində yeri olmayan ümumi fıkirlərlə, yaxud abstrakt mülahizələrlə təqdim olunacaqlar.
Aristoteiə görə xarakteri doğuran iki səbəb vardır. Fikir və xarakter sayəsində adamlar ya müvəffəq olur, ya da uğursuzluğa düçardır. Faciədə altı hissənin olmasını tələb edən filosof  belə hesab edirdi ki, bu ünsürlərdən biri də xarakterdir. O, xarakterin nəzərə alınası dörd mühüm cəhətini fərqləndirir:
"Birincisi və ən mühümü budur ki, xarakterlər gərək nəcib olsun. Təsvir olunan şəxs xarakterə o zaman malik ola bilər ki, deyildiyi kimi, nitqində, yaxud hərəkətində necəliyindən asılı olmayaraq, hər hansı iradi istiqamət olsun; lakin xarakter məhz o zaman nəcib ola bilər ki, iradənin də nəcib istiqamətini təmsil eləsin. Bu isə hər bir adamda ola bilər: qadın nəcib də olur, qul da, hərçənd ki, ola bilər onlardan birincisi aşağı, ikincisi isə tamam dəyərsiz məxluqdur. İkinci cəhət budur ki, xarakterlər gərək yaraşsın; məsələn, xarakteri mərdanə göstərmək olar, amma mərdanə, yaxud zəhmli olmaq qadına yaraşmır. Üçüncü cəhət budur ki, xarakterlər gərək həqiqətə uyğun olsun; bu indicə deyildiyi kimi, yaraşan və mənəviyyatca nəcib xarakterin yaradılmasından nə isə fərqli bir şeydir. Dördüncü cəhət isə budur ki, gərək xaraktcr ardıcıl olsun. Hətta təsvir olunan şəxs əgər ardıcıl deyilsə və xaraktercə bu cür təsəvvür olunursa, onun bu qeyri ardıcıllığını da ardıcıl göstərmek lazımdır." (Aristotel. "Poetika", Bakı, 1974, s. 78-79).
Aristotelin, Lessinqin, Şillerin, Hegelin, rus inqilabçı demokratlarının xarakter haqqında mülahizələrindən bəhrələnən marksizm-leninizm klassikləri xarakterin mahiyyətini, onun incəsənət əsəriərində rolunun materialist şərhini verməyə çalışmaqla bu problemin tədqiqi üçün yeni istiqamət verirdilər.
Hər hansı bir toxumun cücərib ağaca dönməsi üçün onun səpildiyi torpağın münbitliyi nə qədər vacibdirsə, insan xarakterinin formalaşmasında da mühitin rolu bir o qədər böyükdür. Görkəmli fransız yazıçısı Bualo təsadüfi yazmırdı: "Öz qəhrəmanınızın xarakterini hər bir şəraitdə gözləyib saxlamağa çalışın. Qəhrəmanın mənsub olduğu ölkəni və zəmanəni öyrənin, həmişə yadda saxlayın ki, bütün bunlar qəhrəmanın xarakterinə təsir edir, onun təbiətinə öz möhürünü basir".
Bu danılmaz həqiqətdir ki, "insanı təbiət yaradır, cəmiyyət isə onu inkişaf etdirir və yetişdirir" (Belinski). İnsanın xarakteri mühitlə, üzvü olduğu cəmiyyətlə, kollektivlə sıx qarşılıqlı əlaqə prosesində, ictimai münasibətlərin təsiri altında formalaşdığı üçün cəmiyyətin, xalqın, kollektivin psixologiyasını öz üzərində cəmləmiş olur. Deməli, cəmiyyətin sosial inkişafı ayrı-ayrı fərdlərin də xarakterinin inkişafına zəmin yaradır. F. Engels F. Lassala yazdığı məktubda onun "Frans fon Zikkengen" əsərinin qəhrəmanlarını öz həvəsləri, şıltaqlıqları vasitəsi ilə deyil, tarixi axın nəticəsində hərəkət etmələrini yüksək qiymətləndirirdi.
Ədəbiyyatşünasların əsərlərində haqlı olaraq xarakter və mühit problemi bədii metodun özəyi adlandırılır. Döğrudan da, qəhrəmanların yaşadığı mühitin ictimai mənzərəsini başa düşmədən onun xarakterindəki ayrı-ayrı cəhətlərin mənbəyini müəyyənləşdirmək də mümkün olmazdı.
Tanınmış ədəbiyyatşünas E. Qorbunova özünün sanballı tədqiqatında (“İdei, konfliktı, xarakterı”. M., 1969).  çox doğru qeyd edirdi ki, hər cür personajı xarakter adlandırmaq olmaz. Burada bütün iş fərdiləşdirmədədir.
Türkmən ədəbiyyatşünası C. Allakovun fıkrincə: "Milli xarakteri səciyyələndirən xüsusiyyətlər müsbət və mənfi obrazların realist planda fərdiləşdirilməsi yolu ilə aşkara çıxarılır."
Şəxsiyyətin formalaşmasmda ictimai-tarixi şərait həlledici olduğundan, xarakterdə milli cəhətlərin mövcudluğu qanunauyğun haldrr. Xalqın məişətini, adət-ənənələrini, onun psixologiyasını, əsrlərin sınağından çıxmış əxlaq normalarını nəzərə almadan canlı insan xarakterləri yaratmaq mümkün deyildir. S. Vurğun insandaki milli xüsusiyyətləri düzgün və bütün rəngarəngüyi ilə canlandırmağı böyük və parlaq xarakterlər yaratmaq üçün zəruri şərt hesab edirdi.
 Zahiri görkəmin, geyimin təsviri xarakterin milli müəyyənliyi üçün əhəmiyyətli görünsə də, başlıca şərt deyildir. Qoqol "Puşkin haqqında bir neçə kəlmə" adlı məqaləsində yazırdı ki, həqiqi millilik ... xalq ruhunu təsvir etməkdədir. Şair büsbütün özgə aləmi təsvir etdikdə belə, milli şair olmaqla qalır, çünki bu aləmə öz milli stixiyasının gözü ilə, bütün xalqın gözü ilə baxır.
Səməd Vurğunun "Əgər bir rus kommunist olmuşsa, öz rusluğundan çıxarmı? Əksinə, o bir rus kimi daha güclü olur" - sözləri ilə Rəsul Həmzətovun "Sən deyirsən insan gərək avar, dağıstanlı deyil, sadəcə sovet insanı olmalıdır. Ancaq, məsələn, mən özümü həm avar, Dağıstanın oğlu, həm də SSRİ vətəndaşı hesab edirəm. Bu anlayışlar məgər bir-birini inkar edir?" - mülahizələri arasında bir yaxınlıq, doğmalıq vardır. Müxtəlif illərdə söylənmiş bu fikirlərin hər ikisi eyni tənqid obyektinə - adamların xarakterindəki milli cəhətləri ört-basdır etmək istəyənlərə qarşı yönəlmişdi.
"Bütün zamanlar üçün yarayan eyni milli stereotip yoxdur. Millilik həmişə zidd tərəflərin fasiləsiz mübarizəsində formalaşır və öz mürəkkəb yoluna davam edir" (Q. Lomidze). Cəmiyyətin inkişafı, müxtəlif xalqlarla qarşılıqlı ünsiyyət xarakterdəki milliliyin yeni-yeni cəhətlərlə zənginləşməsinə səbəb olur.
"Neçə ki, ədəbiyyatın əsas predmeti insan və onunla bağlı problemlərdir, həmişə insan xarakterləri və onun sosial tipləri yazıçıların diqqət mərkəzində olacaqdır." (Q. L. Abramoviç. “Vvedenie v literaturovedenie”. Moskva, 1979).
Xarakter yaratmaq və insan taleyinin rəngarəng cəhətlərini təsvir etmək həyatın inkişaf qanunauyğunluqlarını açmaq vasitəsidir. Ona görə ki, qəhrəmanın xarakterindəki ən fərdi cəhətlər belə cəmiyyətin ictimai əxlaq qaydaları ilə qırılmaz surətdə əlaqədardır.
Xarakteri şərtləndirən əsas cəhətləri onun mənsub olduğu, təmsil etdiyi ictimai mühitdə axtarmaq lazımdır. Məhz bu aparıcı sosial cəhətlər özlüyündə fərd olan qəhrəmanı tip səviyyəsinə qaldırır.
TİP - Yunanca "tupos" sözündən olub, örnək, nümunə deməkdir. Müəyyən insan qruplarının xarakter xüsusiyyətlərinin bır fərdin üzərində daha kəskin, daha yüksək və əzəmi dərəcədə ümumiləşməsi nəticəsində tip yaradılır. "Tip yazıçının müşahidə və əks etdirdiyi müəyyən insanların ən xarakter xüsusiyyətlərinı və əlamətlərini əks etdirən bir bədii surətdir. Tip məlum bir şəxsin fotoqrafiyası deyil, ümumiləşdirilmiş həyat materialıdır.(M. Rəfili)
Yaşadığı dövrün, zamanın, təmsil etdiyi xalqın, millətin, sosial təbəqənin ən xarakterik xüsusiyyətlərini öz üzərində cəmləyən insan surətlərinə tip deyilir.
Verdiyimiz tərifdən göründüyü kimi, tipin formalaşması onun yaşadığı dövrdən, sosial tarixi mühitdən, mənsub olduğu xalqın mentalitetindən, əxlaqi baxışlarından, psixologiyasından əhəmiyyətli dərəcədə asılıdır. Hər dövrün, zamanın özünəməxsus xarakterləri və tipləri olur. Ona görə ki, hər hansı bir ədəbi tipə əsasən onun yaşadığı dövrün, mənsub olduğu insanların səviyyəsi, əxlaqi görüşləri haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. Çünki tip müəyyən mənada örnək, nümunədəir. O, təmsil etdiyi zümrənin xarakterik cəhətlərini öz üzərində cəmləmiş olur.
Bütün bədii əsərlərdə təsvir olunan tiplər həm də xarakterdir. Lakin hər xarakter tip ola bilməz. Çünki tipdə bütün bir xalqa, cəmiyyətə, dövrə, zəmanəyə məxsus ən aparıcı, xarakterik keyfiyyətlərin olması vacibdir.
"Tip müəyyən bir fərdin bu və ya başqa ictimai qrup, sinif, xalq üçün, yaxud bəşəriyyət üçün səciyyəvi sifətlərini təcəssüm etdirən bədii surətdir. Ədəbi tipin canlı fərdiliyi və ümumi mənalılığı üzvi vəhdət təşkil etməlidir. Fərdiləşdirmə olmayan yerdə bədii surət də yoxdur." (Bax: "Ədəbiyyatşünaslıq terminləri lüğəti", s. 177).
Tipikləşdirmə və fərdiləşdirmənin dialektik vəhdəti tip üçün ən xarakterik cəhətdir. Hər personaj xarakter olmadığı kimi, hər xarakter də tip deyildir. Tip xarakterin yüksək formasıdır.
Ümumiyyətlə, sənət və ədəbiyyatda tipiklik çox mühüm cəhətlərdən biridir. Çoxlu insanlarla ünsiyyətdə olan, dərin yaradıcı müşahidə nəticəsində onlara məxsus ən ümdə cəhətləri bir qəhrəman üstündə cəmləyən sənətkar tip yaradır. "Ədəbi tip, bir hadisənin, bir insanın yox, yüzlərlə fakt, hadisə və insanın xarakter xüsusiyyətlərinin alınıb ümumiləşdirilməsinin nəticəsidir. Doğrudur, burada bizim nəzərimizdə yalnız bir adam, bir sima canlanır. Ancaq həmin adamın şəxsində, timsalında böyük bir ictimai zümrəni, qrupu görür, həyat və cəmiyyət haqqında təsəvvürlərimizi, biliyimizi zənginləşdiririk." (Mir Cəlal, P. Xolilov, "Ədəbiyyatşünaslığın əsasları)

 Həm mənfı, həm müsbət obraz tip ola bilər. Yazıçı hər ötəri hadisəni yox, xalq üçün, müəyyən zümrəni təmsil edən insanlar üçün ən xarakterik hadisəni tipikləşdirmə süzgəcindən keçirməlidir. Tipik, xarakterik hadisədə obyektiv qanunauyğunluq, fərdiləşdirmədə isə subyektivlik aparıcı qüvvədir.

Hiç yorum yok:

Yorum Gönder