13 Ocak 2016 Çarşamba

BƏDİİLİYİN MEYARI

1. Bədii idrakın aydınlığı
2. Psixolohizm- insanın psixoloji təhlili
3.  Ənənələrə yeni yöndən yanaşılması
       Söz sənəti geniş və mürəkkəb bədii idrakdır, varlığın canlı və dinamik mənimsənilməsidir, xalq məfkurəsidir. Onun fəal idraki əhəmiyyəti ictimai-siyasi gerçəkliyi, xalqın fikir və düşüncəsini, arzu və amalını dolğun, həyatın özünə bənzər ifadə edə bilməsi ilə bağlıdır. Çünki sənət birtərəfliyi, varlığı hamarlamağı, insanı özünəməxsusluğundan çıxarmağı sevmir. "Məhəbbətdə, siyasətdə, təbabətdə yalan danışmaq, adamları... aldatmaq olar... lakin incəsənətdə qeyri-mümkündür... Bədii ədəbıyyat ona görə bədii sayılır ki, həyatı necə var, elə də təsvir edir. Ədəbiyyatın vəzifəsi qeydsiz-şərtsiz həqiqətpərəstlik, dolğunluq və namusluluq.-olmalıdır. Yazıçı sənət - vəzifə sahibidir və öz sənətinin şüurlu, öz vicdanının səmimi ifadəçisidir... Dünyada kimyaçı üçün saf şey yoxdur, sənətkar da kimyaçı kimi obyektiv olmalıdır... ancaq gördüyünü, hiss etdiyini həqiqi, səmimi yazmalıdır". (A.P.Çexov).
Həyat konkret surətlərdə, mühüm keyfiyyətləri, maraqlı və faydalı cəhətləri ilə göstəriləndə ədəbiyyatın idrakı-tərbiyəvi əhəmiyyəti artır, insanda yeni hisslər, yeni düşüncə və arzular oyanır. Çünki "insan üçün dünyada ən əziz olan şeylərin ən ümumisi və ən əzizi - həyatdır; əvvəlcə elə həyat ki, onu insan istəyir, sevir; sonra isə hər hansı bir həyat, çünki hər halda yaşamaq yaşamamaqdan yaxşıdır; canlı olan hər bir şey öz təbiəti etibarilə ölümündən, yoxluqdan qorxur və yaşamağı sevir. Buna görə də adama elə gəlir ki, "Gözəl - həyatdır".
"Gözəl o məxluqdur ki, onda biz həyatı öz anlayışımıza görə görmək istədiyimiz kimi görürük; gözəl o predmetdir ki, həyatı ifadə edir və ya bizə həyatı xatırladır".(N. Q. Çernışevski. Sənətin varlığa estetik münasibətləri, Bakı, 1956).
Bədii idrakın aydınlıq və dəqiqliyi, hadisə və əhvalatların hərtərəfli mənimsənilməsi təsiri artırır, insanın ictimai-siyasi, əxlaqi-estetik əqidə və inamını möhkəmləndirir, fikri-mənəvi, ideya-bədii, hissi-emosional formalaşmaya, təbii-harmonik kamilləşməyə kömək edir, sənətkarı idrakı-tərbiyəvi və estetik funksiyanı vəhdətləşdirməyə aparır. Çünki "yazıçının və ya ayrıca bir əsərin ləyaqətini müəyyən edən meyar-məlum dövr və xalqın (təbii) qayələrini onların nə dərəcədə ifadə etmələridir. Lakin həqiqət hələ əsərin ləyaqəti olmayıb, ancaq zəruri bir şərtidir. Biz ləyaqət dedikdə müəllifin görüş dairəsinin genişliyini, toxunduğu hadisələrin düzgün başa düşülməsini və canlı təsvirini nəzərdə tuturuq"(N. A. Dobrolyubov Seçilmişəsərləri, Bakı, 1952) Homer, Esxil, Evripid, Sofokl, Aristofan, Firdovsi, Nizami, Nəsimi, Füzuli, Şekspir, Bayron, Puşkin, Leonardo da Vinçi, Tolstoy, Balzak və başqaları bədii idrakın dərinlik və səmimiliyinə xüsusi fikir vermiş, gerçəkliyi dolğun göstərən bütöv və yetkin obrazlarla düşünmüşlər.
Psixologizm, həyatilik, varlığı rəngbərəngliyi ilə bədii ifadə dünya ədəbiyyatında XIX əsrin əvvəllərindən güclənmiş, realist yazıçılar yaradıcılıqlarını xalq həyatının təsvirinə istiqamətləndirmişlər... "Qafqaz əsiri", "Bağçasaray fantanı", "Qaraçılar", "Poltava" poemalarında Puşkin zamanı duymuş, fərdi keyfiyyətlərinin zənginliyi ilə fərqlənən, varlıqlarında səciyyəvi əhvalatları cəmləşdirən obrazları dövrün mürəkkəbliyi ilə təmasda ifadə etmişdir. Buna görə də "Ruslan və Lyudmila" Jukovskini dərindən təsirləndirmiş, özünün şəklini səmimi etirafla Puşkinə göndərmişdir: "Məğlub edilmiş şairdən qalib çıxmış şairə".
Psixologizm Azərbaycan ədəbiyyatında 1960-cı illərdə xüsusilə böyuk vüsət almışdır. Yazıçılar psixologizmdən həm sənətkarlıq vasitəsi, həm də mövcud quruluşa bir protest kimi istifadə edirdilər.
Zaman varlığı dərindən dərkin, milli-əxlaqi obraz yaratmağın ənənələrini nəsillərdən nəsillərə ötürmüşdür. Ənənələrə həmişə yeni yöndən yanaşılmışdır. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində Nargilə bərkə-boşa düşür, fərəhsiz günlər yaşayır. "İnsanlıqda haqqı olmayan bir rəzilin" - atalığı Fərəcin söz-söhbəti, hərəkət və münasibəti, anası Nəzakətin iradəsizliyi onda ikrah hissi doğurur. O, sarısaç qızın, Suriklə Dodikin mühitində də məna və məzmun tapmır, qayğıya ehtiyac duyur, səadətə, mənəvi işığa can atır. Sarsılsa da, təhqir olunsa da ümidsizləşmir, atasının - boy çiçəyinin adına layiq hərəkət edir. Pəncərədən yaxşı adama - Həsənzadəyə baxanda pisliklər ona mənasız, ötəi və keçici görünür. "Fərəclərə, Dodiklərə ulduzların yanından baxır", qanadlanır, sinəsinə dünya, təzə duyğu və düşüncələr sığmır.
Həsənzadə ailə səadətindən yarımır, sifətində çətinliklə sezilən kədər gəzdirir. Təkliyi fədakarlıqla - çoxcəhətli fəaliyyətlə qarşıladığından həyatda özünü tək sanmır, işdən qorxmur, evdə zavodun, böyük bir kollektivin qayğısını duyur. Bütün bunlar və Həsənzadənin oturuş-duruşundakı təbiilik, müdriklik və qayğıkeşlik Nargiləni cəsarətləndirir, hərəkətə gətirir, istək və arzularına ictimai məzmun aşılayır.
Sənətkarın varlığı idrakı fəal və dialektikdir, geniş və tükənməzdir, hadisələri inkişafda, ziddiyyətlərin mübaıizəsində ifadədir; təzə məzmun, təzə rəng və boya axtarışında fərdi özünəməxsusluqdur, təsvir olunan əhvalata güclü mənəvi münasibətdir. "Hər hansı bədii əsəri tam vəhdət halında bağlayan bir vasitə varsa, o da sənətkarın təsvir obyektinə özünəməxsus mənəvi münasibətidir. Yalançı mənəvi idealdan həmişə qəlp əsərlər yaranır". (L.N.Tolstoy).
Həyatı duymaq və dərk etmək, ona obyektiv münasibət bəsləmək azdır, bunlarla bərabər, şərt varlığı obrazlı ifadə etmək, həyat həqiqətini bədii həqiqətə çevirə bilməkdir. "Kim ideyaları obrazlara çevirə bilən yaradıcılıq təxəyyülünə, obrazlarla düşünmək, fikirləşmək, duymaq qabiliyyətinə malik deyilsə, onu nə əqli, nə də müdrik, tarixi, müasir məzmun zənginliyi şair edə bilməz". (V.Q. Belinski).
Həyata, xalqa və insanın varlığına rəğbət və məhəbbət bədiiliyin    şərtlərindəndir. Buna görə də N.A.Dobrolyubov yazıçını həyatın dərinliyinə enməyə, "onun həqiqi qəlb döyüntülərini dinləməyə", insanlarda "oyanmış sağlam şüuru" görməyə çağırmış, A.Ostrovskinin səhnə əsərlərinin mahıyyətinı, aparıcı pafosu dərindən duymuş və onları "həyat pyesləri" adlandırmışdır.
N.A.Dobrolyubovun sənətkardan tələbi bədiiliyin, xəiqilik və novatorluğun, məzmun və forma vəhdətinin tələbi idi. Onun estetikasında surət özündə səciyyəvi faktları cəmləşdirməli, hadisə və əhvaiatlar haqqında düzgün anlayış və təsəvvür oyatmalıdır. "Sənətkarın başlıca məziyyəti onun təsvirindəki həqiqətdir... Həyat hadisələrinin izah olunmasını ədəbiyyatın başlıca vəzifəsi hesab edərək, biz ondan yalnız bir keyfiyyəti tələb edirik, o da həqiqətdir; bunsuz ədəbiyyatın heç bir ləyaqəti ola bilməz. Müəllifin əsaslandığı və bizə təqdim etdiyi faktlar düzgün göstərilməlidir. Bu keyfiyyət olmayanda ədəbi əsər əhəmiyyətini itirir, hətta, o, zərərli olur, ona görə də belə əsər insan şüurunun oyanmasına deyil, əksinə olaraq, onun daha artıq tutqunlaşmasına səbəb olur.
Söz sənəti "canlı ruhdan", xalqın tarixindən, onun həyat və mübarizəsindən ayrı deyildir. İnkişaf, ictimai-iqtisadi, siyasi və mədəni-texniki tərəqqi yaradıcılığa təsir göstərir, onun istiqamətini, forma və üsullarını şərtləndirir: məzmun dəyişir, forma zənginləşir, təsvir və ifadə vasitələrində müxtəliflik və rəngbərənglik yaranır. Realist təsvirdə inkişaf, dövrün səciyyəsi, xalqın meyl və təşəbbüsü görünür, bədii əsər həyatı yaşadan, həyatı öyrədən "dərs kitabı"na oxşayır. Buna görə də filosoflar bədii yaradıclığa böyük qiymət verirdilər: "Balzakın "Bəşəri komediya”sında, 1815-ci ildən sonra öz sıralarını yenidən göstərmiş olan burjuaziyanın getdikcə daha çox güclənən təzyiqini xronika şəklində, 1816-cı ildən 1846-cı ilədək, demək olar ilbəil təsvir edərək, bizə fransız cəmiyyətinin ən gözəl realist tarixini verir. Mən buradan, hətta bütün mütəxəssislərin - tarixçilərin, iqtisadçıların, statistiklərin kitablarında olduğundan daha çox şey öyrəndim".
Ədəbiyyat, müəyyən mənada, bəşərin universal bədii təhkiyəsidir, "insnalar arasında mənəvi ünsiyyət vasitəsidir" (Q.V.Plexanov) O, "cəmiyyəti oyadır" (Çexov), fəaliyyəti gücləndirir.


Ədəbiyyat "həyatı ifadə edir və bizə həyatı xatırladır", "həyatda hamı üçün maraqlı nə varsa sənətin məzmununu təşkil edir" və "hiss olunmayan bir şey estetik duyğu üçün mövcud deyildir (Çernışevski). Söz sənətində xalq "özünün həqiqi həyatını, yüksək ideallarını, şüurunu tapmalıdır" (Belinski). Yaradıcılıq inkişafın istiqamətini tutanda, rənglərini, daxili pafos və ahəngini varlıqdan alanda xalq fikrinin yüksək ifadəçisi ola bilər

Hiç yorum yok:

Yorum Gönder