13 Ocak 2016 Çarşamba

Roman

Roman həcmcə ən böyük, çoxşaxəli epik əsərdir. Müasir səviyyəyə gələnə qədər roman uzun bir inkişaf yolu keçmişdir. Hətta antik ədəbiyyatda belə romanın ilk nümunələri olmuşdur. Petroninin "Satrikon", Apuleyin "Qızıl eşşək" və ya "Metamorfozalar" əsərləri ilk romanlardır.
F. Rablenin "Qarqantua və Pantaqurel", Servantesin "Don Kixot", D. Defonun "Robinzon Kruzo", C. Sviftin "Qulliverin səyahəti" əsərləri dünya ədəbiyatında romanın ilk maraqlı nümunələri hesab oluna bilər. Bu romanlardan sonra XIX əsrdə romana bütün dünyada maraq artmış, XX əsrdə isə roman qüdrətli, aparıcı bir janra çevrilmişdir. Hələ 1835-ci ildə Belinskinin "Roman hər şeyi öldürdü, hər şeyi uddu" qənaəti bu janrın bütün dünya ədəbiyyatında qarşısıalınmaz uğurlarından xəbər verirdi. Hegelin romanı "burjua dövrünün eposu" adlandırması da təsadüfı deyildi.
Roman Azərbaycan ədəbiyyatının da aparıcı janrlarından biridir. Hələ XI əsrdə Nizami dünya ədəbiyyatının inciləri xəzinəsinə daxil ola biləcək mənzum romanlar yaratmışdır. Ondan sonra gələn Azərbaycan şairləri də Nizaminin qabaqcıl ənənələrindən yaradıcı şəkildə istifadə etmişlər.
Zaman keçdikcə Azərbaycan ədəbiyyatında nəsr də özünəməxsus yer tutmağa başlamışdır. İndi başa düşdüyümüz mənada nəsrlə yazılan ilk Azərbaycan romanı Zeynalabdin Marağayinin 1887-ci ildə yazdığı "İbrahimbəyin səyahətnaməsi" romanıdır. Bundan sonra Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Sultanməcid Qənizadənin "Şeyda bəy Şirvaninin məktubları", Nəriman Nərimanovun "Bahadır və Sona" əsərləri Azərbaycan romanının yeni istiqamətdə inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Sovet dövründə Azərbaycan romanının yeni, gözəl, dünya romanı ilə səsləşən nümunələri yaranmışdır. Belə əsərlərə misal olaraq Süleyman Rəhimovun "Şamo", "Saçılı", Əbülhəsənin "Yoxuşlar", "Dünya qopur", M. S. Ordubadinin "Qılınc və qələm", "Gizli Bakı", "Dumanlı Təbriz", Yusif Vəzir Çəmənzəminlinin "Studentlər", "Qızlar bulağı", "Qan içində" və s. romanları göstərə bilərik. Bu əsərlər əsasında Azərbaycan ədəbiyyatşünaslığında roman janrı və onun inkişaf yolu haqqında tədqiqatlar aparılmışdır. Qulu Xəlilovun "Azərbaycan romanının inkişaf tarixindən", Yavuz Axundovun "Azərbaycan sovet tarixi romanları" monoqrafıyalarını bu sahədə atılmış uğurlu addımlar hesab etmək olar.
Roman söz meydanı geniş olan bir ədəbi janrdır. Burada hər hansı bir dövrün real mənzərəsini açmağa xidmət edən çoxşaxəli xarakterik süjet həm dövrün mənzərəsini yaratmağa, həm də qəhrəmanların xarakterlərini ətrafiı bədii təhlil süzgəcindən keçirməyə imkan verir. Romanda ayrı-ayrı qəhrəmanların cəmiyyətlə qarşılıqlı əlaqəsi, onların işi, mübarizəsi, fərdi dünyası öz dolğun bədii əksini tapır.
Roman həyat hadisələrinin daha geniş, əhatəli, dərindən əks etdirmək ehtiyacından doğan bir ədəbi janrdır.

Geniş, əhatəli, monumental romanlar epopeya adlanır. Azərbaycan ədəbiyyatında bu janrın yarındıcısı xalq yazıçısı Süleyman Rəhimovdur. Onun beş cildlik "Şamo" epopeyası ədəbiyyat tariximizdə son dərəcə əhəmiyyətli bir hadisədir.

Hiç yorum yok:

Yorum Gönder