Tipiklik
mürəkkəb estetik kateqoriyadır, fərdiləşdirmə ilə ümumiləşdirmənin cəmidir,
incəsənətdə estetikliyin, ideya-bədii dərinliyin tələbi, “ideyaya yol açmağın”
(Belinski) vacib şərtidir, ümumiləşdirmə isə həyatda tipik olanı, həyatda hamı
üçün maraqlı görünəni" (Çernışevski) seçmək, onu realist-romantik mövqedən
əks etdirməkdir.
Bütün dövrlərdə sənətkar sənətkardır, onda həyatın mürəkkəb
proseslərini, bənzərsiz hadisə və əhvalatlarını duymaq, qavramaq və mənalandıra
bilmək bacarığı qüvvətlidir. O, dünyaya olan baxışlarını düşüncəsinə hopan
faktlardan alır. "Çox canlı idrak və qavrama bacarığına malik olan adam,
yəni sənətkar təbiəti onu əhatə edən varlığın ilk dəfə təqdim etdiyi hər hansı
bir müəyyən faktdan çox qüvvətli bir surətdə təsirlənir, ona məftün olur. Həmin
faktı izah edə biləcək nəzəri mülahizələr hələ onda yoxdur; amma o acgöz bir
maraqla həmin faktı gözdən keçirib öyrənir, onu əvvəlcə vahid və yeganə bir
təsəvvür kimi alıb, qəlbində gəzdirir, sonra ona həmin cinsdən olan başqa faktları
və surətləri əlavə edir və nəhayət, sənətkarın keçmişdə görüb müşahidə etdiyi
bu növ ayrı-ayrı hadisələrin hamısının bütün başlıca və əsas xüsusiyyətlərini
özündə ifadə edən bir tip yaradır". (Dobrolyubov).
İncəsənətdə
ciddi bir qanunauyğunluq - tipiklik yazıçının dünyagörüşü və təcrübəsi, həyat
və cəmiyyət hadisələrinə münasibəti, səciyyəvini görmək, duymaq, mənalandıra
bilmək bacarığı ilə əlaqədardır. Buna görə "Yevgeni Onegin" və
"Leyli və Məcnun"da Puşkinlə Füzuli görünür, onların mövqeyi, rəğbət
və nifrətləri duyulur. Süjet xətlərinin inkişafinda sənətkarlar müəyyən bir
surətə, müəyyən bir hadisə və əhalata pis, ya yaxşı demirlər, qiymət vermirlər.
Poetik fikir, düşüncə və ideya bədii inkişafdan hasil olur. Böyük tarixi və
ictimai əhəmiyyəti olan bu əsərlərdə "şairlərin bütün həyatları, bütün
qəlbləri, bütün məhəbbətləri, onların hissləri, fikirləri, ideyaları
cəmləşir" (Belinski).
N.V.Qoqol yazırdı: "Müfəttiş"də
əhvalatlara, meyl və münasibətlərə "mən... çirkindir, iyrəncdir,
yaramazdır", - deməmişəm. Ancaq onu qeyd etmişəm ki, "pyesdə,
doğrudan da, münaqişə yoxdur.... Münaqişəni, adətən, qəbul edildiyi kimi, yəni
məhəbbət intriqası mənasında götürsək, onda doğrudan da, pyesdə belə bir şey
yoxdur. Lakin, məncə, indiyədək bu ədəbi münaqişəyə istinad etmək əbəsdir... Münaqişə
bir-iki adamı deyil, hamını əhatə etməli"dir.
Tipik hadisə və xarakter
müəyyən dövrün, müəyyən sosial bir mühitin təzahürüdür. Səciyyəvi tipik cizgi və
əlamətlər həyatdan, insanların əməl və düşüncələrindən, müəyyən hadisələrdən toplanır
və ümumiləşdirilir. Belə bədii ümumiləşdirmələrdə "həyat özünün bütün
çılpaqlığı ilə, insanı dəhşətə gətirən eybəcərliyi və öz gözəlliyinin bütün
dəbdəbəsi ilə... mühakiməyə çəkilir", (Belinski). C.Məmmədquluzadə və
Ə.Haqverdiyevin əsərlərində surətlər fikir tutumlarının genişliyi, fərdi və
ümumi cizgilərinin zənginliyi ilə seçilirlər. Eyni zamanda, epik və dramatik
əsərlərində adət-ənənə, milli həyat və yaşayış, sosial mühit özünəməxsusluğu
ilə görünür, insanda müxtəlif yönlü hisslər oyadır. "Ölü canlar"da
... miskin adamlar yalnız miskin insanların portretləri deyildir. Əksinə,
bunlarda o adamların xüsusiyyətləri toplanmışdır ki, özlərini başqalarından
yaxşı hiss edirlər... Burada mənim özümünkülərdən başqa, hətta mənim
dostlarımın da xüsusiyyətləri vardır" (N.V.Qoqol).
Tipiklikdə əsas şərt orijinallıqdır, tipik əhvalatların tipik
şəraitdə ümumiləşdirilməsidir; Sənətkarın dünyagörüşü, yaradıcı fəhmi və ideya
mövqeyidir; həyati mövqe və meyllərin, sosial əlaqə və münasibətlərin, ailə və
məişət hadisələrinin təsviridir; tipik vəziyyətlərdə, hadisələrin təbii
axarında tipik xarakterlərin, tipik lövhə, mənzərə və detalların yaradılmasındakı
həqiqiliyin tələbidir. "Dədə Qorqud"da Şöklü Məlik altı yüz kafırlə
Salur Qazanm evini yağmalayır. İnamı, dözümü, dəyanət və düşüncəsinin genişliyi
ilə fərqlənən Burla Xatun gərgin psixoloji vəziyyətə düşür, namus və övlad
məhəbbəti arasında qalır. O, ölümü şərəfsiz yaşamaqdan uca tutur. Dövrünün
mübariz və ləyaqətli qadınları haqqında geniş təsəvvür oyadır.
Yunan sözü - tupos (nümunəvi) müasir anlayış deyildir. Lakin ədəbi
inkişafın bütün mərhələlərində, şifahi və yazılı ədəbiyyatda dərin
ümumiləşdirmələr aparılmış, Şumer poemalarında və "Bilqamıs" dastanında
dövrün səciyyəvi əlamətlərini özündə cəmləşdirən güclü xarakterlər, tipik
obrazlar yaradılmışdır. Tarixi şəxsiyyət - Bilqamıs "dünyanın bu başından
o başına dolaşmış, dənizlər adlamış, uca dağlar aşmış" Enkidü ilə
"düşmənləri haqlamış", torpaq uğrunda döyüşlərdə məğlubiyyətin nə
olduğunu bilməmişdir. "Bilqamıs" dastanda Şamxat, Ninsun, İştar, Utnapişti,
və Humbaba fərqli, müxtəlif həyat amallı, ümumi və fərdi cizgili obrazlardır. Onların
hər biri müəyyən bir qrupun, müəyyən bir proses və əhvalatın, müəyyən istəkli
Tanrıların, bəzisi xeyrin, digərləri isə şərin və çılpaq ehtirasların daşıyıcılarının
aparıcı əlamət və xarakter cəhətlərini özlərində cəmləşdirirlər.
İncəsənətdə tipik şərait və
tipik vəziyyətlər konkret bir dövrün xarakter cəhətləri, gerçəkliyin qanunauyğunluqları
ilə vəhdətdə ümumiləşdirilir, obraz zəruri həyati bədii tələb, mənəvi - fıkri
ehtiyac kimi təzahür edir. Belə müxtəlif coğrafi koordinatlarda, müxtəlif
zamanlarda düşüncələrlə, həyati istək və arzularla zəngin olurlar və konkret
tarixi kəsimlərdə yaradılan xarakterlər, adətən, milli-bəşəri fikir və fərdiləşmənin,
ümumiləşdirmə və tipikləşdirmənin istiqamətləri, tələb və estetik prinsipləri
həmişə zənginləşir, təzə çalarlar alır. Bir də, ədəbi istiqamət və cərəyanların
özünəməxsusluğu tipikləşdirməyə, onun üsul və vasitələrinə həmişə təsir
göstərmişdir. Buna görə də klassisizm mədəniyyəti sentimentalizm, simvolizm,
naturalizm, romantizm və realizm incəsənətindən, bunlar da bir-birilərindən
ciddi surətdə fərqlənmişlər. Klassizmdə sənətkarlar çoxcəhətli obrazlar
yaratmamış, onun xarakterinin, əməl və düşüncəsinin ancaq bir cəhətini, bir təzahürünü
ümumiləşdirmişlər. Sentimentalistlər "hissi-emosionallığı, duyğu və ürək
aləminin" təsvirini əsas almışlar. Simvolistlər üstünlüyü sətiraltı mənalara,
simvollarla düşünməyə verirdilər. Naturalistlər dərin bədii ümumiləşdirmələr
aparmır, həyatı çıplaq, natural ifadə edirdilər. Realistlər isə obrazı
hərtərəfli, xarakterinin tamlığı, daxili ziddiyyət və mürəkkəbliyi ilə
ümumiləşdirirdilər.
Avropa və rus ədəbiyyatı klassiklərinin görüşərində tipiklik
orijinallıqdır, "müəllifin öz əsərinə vurduğu möhür" - fərdi üslubdur,
səciyyəvi hadisələrin, arzu və əməl, mənəvi psixoloji həyəcanların obrazlarda
ifadəsidir. Belinski deyirdi: "Yaradıcılıqda tip nədir? - İnsandır -
adamlardır, şəxsiyyətdir - şəxsiyyətlərdir, yəni insanın elə təsvir edilməsidir
ki, o öz varlığında eyni bir ideyanı ifadə edən bir çox, tam bir dəstə adamları
təcəssüm etdirsin. Fikrimizi misalla izah edək. Otello kimdir? Ruhca böyük olan,
lakin ehtiraslarının təsiri ilə buxovlanmış və buna görə də arvadının
sədaqətinə şübhə edən kimi onu boğmuş qısqanc bir kişidir. Otellolar tipdir,
belə qısqancların bütöv bir qəbiləsinin, tam bir dəstəsinin, bütöv bir
fəsiləsinin nümayəndəsidir. Otello həmişə olmuş və başqa formalarda meydana
çıxsalar da, indi də ola bilərlər".
Sənətkar yaradıcı müşahidə aparır, həyat və cəmiyyət hadisələrini
inkişafda öyrənir. Tipik hadisələri keçici və təsadüfi əhvalatlardan ayırır,
onların mənasını açıb, xalqın istək və marağı səviyyəsinə qaldırır. Onun
təsvirində zamanın, ictimai-siyasi mühitin əlamətləri görünür, inkişafın
müəyyən mərhələsi, insan xarakter və psixologiyasının özünəməxsusluğu haqqında
təsəvvür oyanır.
Həyatın, məişətin, müəyyən bir sosial meylin, vətənpərvərliyin, ya
sevginin əsas əlamətlərini bir tipik xarakterdə inandırıcı cəmləşdirmək
sənətkardan fasiləsiz müşahidə aparmaq, varlığı dərindən duymaq və mənalandıra
bilmək istedadı tələb edir. Və "bir halda ki, sənətkar-yazıçının istedadlı
olması, yəni hadisələrin həyat həqiqətini duyub, təsvir etmək bacarığı etiraf
edilir, onda həmin bu etirafa görə də onun əsərləri, müəllifı bu və ya başqa
bir əsəri yaratmağa vadar edən həyat və mühit haqqında, dövr haqqında mühakimə
yürütməyə qanuni imkan verir. Burada yazıçının istedadını müəyyən edən ölçü,
onun həyatı nə dərəcədə geniş surətdə əhatə edə bilməsi surətləri möhkəm və
hərtərəfli göstərməsi vacib şərt, bədii qanunauyğunluqdur (Dobrolyubov). Cəlil
Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"nda və onun digər
xırda epik əsərlərində müşahidə çoxcəhətlidir; fərdi cəhətlər - fərdi nitq,
özünü və mühiti ifadə, hərəkətlər, münasibətlər, meyllər, davranışlar, ayrı-ayrı
cizgilər sanki "naturadan götürülmüşdür". "Götürülən,
seçilən" əlamətlər isə yazı prosesində dinamikləşmiş, tipik axara salınmışdır.
Elə bil, Cəlil Məmmədquluzadə obrazlarla oturub-durmuş, ünsiyyət tutmuş,
təhkiyəni onların əməllərinə baxa-baxa, prosesləri görə-görə aparmışdır.
Pyeslərini, epik əsərlərinin
çox böyük qismini yazana qədər Mirzə İbrahimov dünyanın bir çox ölkəsini
gəzmiş, müşahidələr aparmışdır; müharibə illərində Güney Azərbaycanda baş verən
milli-azadlıq hərəkatının, müəyyən mənada fəal iştirakçısı olmuşdur. Bu
yazıçıda həm güclü müşahidə aparmaq, həm də real təəssüratları yaddaşa köçürmək,
obrazların həlledici cizgilərini, fikir və düşüncədə müəyyənləşdirə bilmək istedadı
var idi. Fərdi yazı laboratoriyasında bunlar - yaddaşa hopan müşahidə və
təəssüratlar dərin həyati məna almış, hadisə-hadisəni tamamlamış, fərdiləşmə,
ümumiləşdirmə və tipikləşdirmə əsərlərin məzmun-strukturunu şərtləndirmişdir.
Tarixi hadisələrə bədii qiymət verəndə belə Süleyman Rəhimov
arxivlərə getməmiş, arxivlərdən faktlar toplamamışdır. O, həyatı həyatın,
mübarizəni mübarizənin özündən öyrənmişdir.
"Beyindən axanları" - yaşanılan hissləri, fikir və
düşüncələri yazmaq, ümumiləşdirmək, dərin mündəricəli obrazlar yaratmaq
asandır, "ikinci dərəcəli işdir" (Belinski); "həyatın bir
parçasını" duymaq, yaşamaq, obrazları fərdi və ümumi keyfiyyətləri ilə,
mənəvi - fikri aləmdə gəzdirmək isə çətin, mürəkkəb prosesdir, tipikləşdirmənin
vacib tələblərindəndir. Xlestakov illərlə N.V.Qoqoldan üzülməmiş, onun
düşüncələrini, poetik istedadını hərəkətə gətirmişdir. Xlestakov
("Müfəttiş") "müxtəlif rus xarakterlərində çox dağınıq halda
olan, lakin burada, komediyada təsadüfi olaraq, bir simada birləşən, təbiətdə
isə daha tez-tez rast gəlinən bir tip olmalıdır; çoxları bir dəqiqə də olsa
Xlestakov olur”. (Qoqol).
"Müfəttiş"də təkcə
mənzərələr, lövhə və detallar deyil, həm də bədii mündəricə, surətlər və
surətlərin düşdükləri mühitin özü tipikdir. N.V.Qoqol "Rusiyada o zaman
öyrənib bildiyim bütün pis cəhətləri... "Müfəttiş"də mən bir yerə
toplayıb, lağa qoymaq, hamısına birdən gülmək qərarına gəldim" - deyirdi.
Bədii əsərdə bəşəri fikirlərlə bərabər sənətkar özünəməxsusluğu
olmalıdır. "Romanda, yaxud povestdə surətlər və şəxslər olmadıqda,
xarakterlər olmadıqda, heç bir tipiklik olmadıqda -yazıçı nağıl etdiyi
əhvalatları naturadan nə qədər doğru və səylə köçürmüş olsa da, oxucu burada
heç bir naturallıq tapmaz, düzgün duyulub göstərilmiş, məharətlə tutulmuş heç
bir cəhət görməz (Belinski).
Həyat oxucuya hazır ideya və hazır forma vermir. Forma yazı
prosesində tapılır, ideya isə bədii strukturun inkişafında gerçəkliyin müəyyən
bir möqedən inikası kimi formalaşır. Sənətkarın fikir və düşüncəsi zahirdən
daxilə, hadisənin görkəminin təsvirindən onun mahiyyətinə yön alır, münaqişədən-münaqişəyə
bədii ümumiləşdirmə dərinləşir. Belə duyum və təsvirlə yaranan əsərlərdə şaxəli
süjetlər qurulur, dövrün ziddiyyətləri ifadə olunur, inkişaf, insanın fikri-mənəvi
təkamülü görünür: "Mənim qüvvəm və bacarığım səviyyəsində səy etmişəm ki,
müşahidələrimin əsas predmeti olan rus adamının mədəni təbəqəsinin sürətlə
dəyişən obrazını və Şekspirin "Xarakterin özü və zamanın təzyiqi" adlandırdığı
şeyi namusla və qərəzsiz təsivr edib tipik surətlər halında canlandıram"
(İ.S.Turgenev).
Ədiblərin böyük bir qismi
sosial mühitin ictimai tiplərini, prototip və proobrazları tipikləşdirir,
inkişafa, yeni təşəbbüslərə, yeni meyl və axtarışlara mane olan nə varsa, onlan
hamısını real təsvir edirdilər. Buna görə də XIX əsr Avropa, rus və Azərbaycan
klassiklərinin əsərlərində sinfi mənafelər, əqidələr, baxışlar və mövqelər
üz-üzə gəlir, bədii təsvirdə xalqın həyatı, məişəti, nə uğrunda mübarizə
aparması görünür. N.V.Qoqol deyirdi: "Əgər mən həyatı dərindən
öyrənməsəydim, "surətlərimi bizim materialdan", bizim torpaqdan
qurmasaydım, onlar canlı çıxmazdılar. Mən elə obrazlar yaratmalıydım ki, hər
kəs dərindən hiss etsin ki, bunlar onun ətindən, qanından götürülmüşdür; ancaq
belə surətlərin təsiri ilə insanlar yuxudan ayılar, başqa adam ola bilərlər”
Tipikləşdirmə incəsənətin butün sahələrini əhatə edir. Sintetik,
yaxud tərkibi incəsənətdə, təsviri sənət və arxitekturada - yəni statik
hərəkətsiz sənətlərdə ümumiləşdirmə daha dərindən aparılır. Çünki yaradıcılığın
bu mürəkkəb sahələrində obraz zaman və məkan daxilində hərəkət edir,
mövcudluğunu bu fonda bildirir...
Sənətkar ümumiləşdirmə ilə həyat hadisələrini bütöv, əlaqə və
vəhdətdə, ziddiyyət və mübarizədə, tipik vəziyyətdə alır və insan həyatının
düşünrdürücü lövhə və mənzərəsini yaradır, bilə-bilə "faktı gözdən keçirib
öyrənir və onu... qəlbində gəzdirir, sonra ona həmin cinsdən olan başqa faktları
və surətləri əlavə edir və nəhayət, sənətkarın keçmişdə görüb müşahidə etdiyi
bu növ ayrı-ayrı hadisələrin hamısını bütün başlıca və əsas xüsusiyyətlərini
özündə ifadə edən bir tip yaradır" (N.A.Dobrolyubov).
Əsərdə hadisə və əhvalatlar mücərrədləşdirilmir, konkret ifadə olunur:
insanın hiss və duyğusuna toxundurulur, onun mənəviyyat və düşüncəsindən
keçirilib qiymətiəndirilir. Kamil obraz özündə fərdiliklə ümumiliyi cəmləşdirir
Ümumiləşdirmə əsəri bütöv - məzmun və forma vəhdətində əhatə edir:
rənglər, boyalar, lövhə və mənzərələr, təsvir və ifadə vasitələri ümumiləşir,
tipik obraz tipik şəraitə düşür, qayə müasirliklə aşılanır. Ümumiləşən surət,
hadisə və əhvalat, bədii-fikri mahiyyət sonralar da bədii tarixi,
idraki-tərbiyəvi əhəmiyyətini saxlayır, nəsillərə təsir göstərir, onlarda yaşamaq,
dövrə yeni münasibət bəsəmək duyğusu oyadır. Buna görə də ümumiləşdirmənin
genişliyi və hərtərəfliliyi, səciyyəvi həyat hadisələrinin təsviri və obrazın
sintetikiyi N.A.Dobrolyubovun estetikasında incəsənətin məna-məzmunundan
ayrılmır: "Oblomov" romanında "yumşaq ürəkli və tənbəl Oblomovun
əhvalatı... o qədər də əhəmiyyətli hadisə deyildir. Lakin bu əhvalatda... rus
həyatı əks edilmişdir, qarşımızda amansız bir sərtlik və düzgünlüklə, işlənib
cilalanmış real və müasir rus tipi canlanır... Oblomovun tipində və bütün bu
oblomovçuluqda biz qüvvətli bir istedad tərəfindən sadəcə müvəffəqiyyətlə yaradılmış
bir şeydə daha böyük məna görürük: bu əsərdə biz rus həyatını görürük, dövrün,
zamanın nəbzini duyuruq".
Hadisə və əhvalatı, ayrı-ayrı surəti fəsvir edəndə, həyatın "bir
parçasını" göstərəndə sənətkar tarixi şəraiti, ictimai-siyasi mühiti
nəzərə alır, təşəbbüsü, meyl və münasibəti tipikləşdırir. Ibrahimbəy Musabəyovun
"Neft və milyonlar səltənətində" romanı qələmə alınanda Bakıda
ictimai-siyasi mühıt dəyişmiş, mənəviyyatlarda, məişət və yaşayışlarda yeni meyllər
yaranmış, pulun yeri, önəmliliyi müəyyənləşmişdi. Varlanmaq həvəsi güclü ehtirasa
çevrilmişdi. Bu ehtiras həyatın hər sahəsinə təsir göstərmiş, ixtilaflar,
dramatik konfliktlər yaranmışdı. Təsadüfən varlanan, böyük bir milyonçu kimi
tanınan Cəlilağa belə güclü təsirdən kənarda qala bilmir. Əyləncələr,
eyş-işrətlər onun təmiz duyğularını öldürür, ailəsini ağır məhrumiyyətlərə
aparır. Çünki Cəlilağa romana həyatdan gəlmiş, mühitinin təsiri ilə
formalaşmış, bədii tip səviyyəsinə qaldırılmışdır.
Lucky Club Casino Site 2021 » Up to £500 Bonus + 50 FS
YanıtlaSilLucky Club offers a wide range of games to play online with a unique approach for slots luckyclub players. You can deposit funds and withdraw and