13 Ocak 2016 Çarşamba

BƏDİİ ÜMUMİLƏŞDİRMƏ


 Tipiklik mürəkkəb estetik kateqoriyadır, fərdiləşdirmə ilə ümumiləşdirmənin cəmidir, incəsənətdə estetikliyin, ideya-bədii dərinliyin tələbi, “ideyaya yol açmağın” (Belinski) vacib şərtidir, ümumiləşdirmə isə həyatda tipik olanı, həyatda hamı üçün maraqlı görünəni" (Çernışevski) seçmək, onu realist-romantik mövqedən əks etdirməkdir.
Bütün dövrlərdə sənətkar sənətkardır, onda həyatın mürəkkəb proseslərini, bənzərsiz hadisə və əhvalatlarını duymaq, qavramaq və mənalandıra bilmək bacarığı qüvvətlidir. O, dünyaya olan baxışlarını düşüncəsinə hopan faktlardan alır. "Çox canlı idrak və qavrama bacarığına malik olan adam, yəni sənətkar təbiəti onu əhatə edən varlığın ilk dəfə təqdim etdiyi hər hansı bir müəyyən faktdan çox qüvvətli bir surətdə təsirlənir, ona məftün olur. Həmin faktı izah edə biləcək nəzəri mülahizələr hələ onda yoxdur; amma o acgöz bir maraqla həmin faktı gözdən keçirib öyrənir, onu əvvəlcə vahid və yeganə bir təsəvvür kimi alıb, qəlbində gəzdirir, sonra ona həmin cinsdən olan başqa faktları və surətləri əlavə edir və nəhayət, sənətkarın keçmişdə görüb müşahidə etdiyi bu növ ayrı-ayrı hadisələrin hamısının bütün başlıca və əsas xüsusiyyətlərini özündə ifadə edən bir tip yaradır". (Dobrolyubov).
İncəsənətdə ciddi bir qanunauyğunluq - tipiklik yazıçının dünyagörüşü və təcrübəsi, həyat və cəmiyyət hadisələrinə münasibəti, səciyyəvini görmək, duymaq, mənalandıra bilmək bacarığı ilə əlaqədardır. Buna görə "Yevgeni Onegin" və "Leyli və Məcnun"da Puşkinlə Füzuli görünür, onların mövqeyi, rəğbət və nifrətləri duyulur. Süjet xətlərinin inkişafinda sənətkarlar müəyyən bir surətə, müəyyən bir hadisə və əhalata pis, ya yaxşı demirlər, qiymət vermirlər. Poetik fikir, düşüncə və ideya bədii inkişafdan hasil olur. Böyük tarixi və ictimai əhəmiyyəti olan bu əsərlərdə "şairlərin bütün həyatları, bütün qəlbləri, bütün məhəbbətləri, onların hissləri, fikirləri, ideyaları cəmləşir" (Belinski).
N.V.Qoqol yazırdı: "Müfəttiş"də əhvalatlara, meyl və münasibətlərə "mən... çirkindir, iyrəncdir, yaramazdır", - deməmişəm. Ancaq onu qeyd etmişəm ki, "pyesdə, doğrudan da, münaqişə yoxdur.... Münaqişəni, adətən, qəbul edildiyi kimi, yəni məhəbbət intriqası mənasında götürsək, onda doğrudan da, pyesdə belə bir şey yoxdur. Lakin, məncə, indiyədək bu ədəbi münaqişəyə istinad etmək əbəsdir... Münaqişə bir-iki adamı deyil, hamını əhatə etməli"dir.
 Tipik hadisə və xarakter müəyyən dövrün, müəyyən sosial bir mühitin təzahürüdür. Səciyyəvi tipik cizgi və əlamətlər həyatdan, insanların əməl və düşüncələrindən, müəyyən hadisələrdən toplanır və ümumiləşdirilir. Belə bədii ümumiləşdirmələrdə "həyat özünün bütün çılpaqlığı ilə, insanı dəhşətə gətirən eybəcərliyi və öz gözəlliyinin bütün dəbdəbəsi ilə... mühakiməyə çəkilir", (Belinski). C.Məmmədquluzadə və Ə.Haqverdiyevin əsərlərində surətlər fikir tutumlarının genişliyi, fərdi və ümumi cizgilərinin zənginliyi ilə seçilirlər. Eyni zamanda, epik və dramatik əsərlərində adət-ənənə, milli həyat və yaşayış, sosial mühit özünəməxsusluğu ilə görünür, insanda müxtəlif yönlü hisslər oyadır. "Ölü canlar"da ... miskin adamlar yalnız miskin insanların portretləri deyildir. Əksinə, bunlarda o adamların xüsusiyyətləri toplanmışdır ki, özlərini başqalarından yaxşı hiss edirlər... Burada mənim özümünkülərdən başqa, hətta mənim dostlarımın da xüsusiyyətləri vardır" (N.V.Qoqol).
Tipiklikdə əsas şərt orijinallıqdır, tipik əhvalatların tipik şəraitdə ümumiləşdirilməsidir; Sənətkarın dünyagörüşü, yaradıcı fəhmi və ideya mövqeyidir; həyati mövqe və meyllərin, sosial əlaqə və münasibətlərin, ailə və məişət hadisələrinin təsviridir; tipik vəziyyətlərdə, hadisələrin təbii axarında tipik xarakterlərin, tipik lövhə, mənzərə və detalların yaradılmasındakı həqiqiliyin tələbidir. "Dədə Qorqud"da Şöklü Məlik altı yüz kafırlə Salur Qazanm evini yağmalayır. İnamı, dözümü, dəyanət və düşüncəsinin genişliyi ilə fərqlənən Burla Xatun gərgin psixoloji vəziyyətə düşür, namus və övlad məhəbbəti arasında qalır. O, ölümü şərəfsiz yaşamaqdan uca tutur. Dövrünün mübariz və ləyaqətli qadınları haqqında geniş təsəvvür oyadır.
Yunan sözü - tupos (nümunəvi) müasir anlayış deyildir. Lakin ədəbi inkişafın bütün mərhələlərində, şifahi və yazılı ədəbiyyatda dərin ümumiləşdirmələr aparılmış, Şumer poemalarında və "Bilqamıs" dastanında dövrün səciyyəvi əlamətlərini özündə cəmləşdirən güclü xarakterlər, tipik obrazlar yaradılmışdır. Tarixi şəxsiyyət - Bilqamıs "dünyanın bu başından o başına dolaşmış, dənizlər adlamış, uca dağlar aşmış" Enkidü ilə "düşmənləri haqlamış", torpaq uğrunda döyüşlərdə məğlubiyyətin nə olduğunu bilməmişdir. "Bilqamıs" dastanda Şamxat, Ninsun, İştar, Utnapişti, və Humbaba fərqli, müxtəlif həyat amallı, ümumi və fərdi cizgili obrazlardır. Onların hər biri müəyyən bir qrupun, müəyyən bir proses və əhvalatın, müəyyən istəkli Tanrıların, bəzisi xeyrin, digərləri isə şərin və çılpaq ehtirasların daşıyıcılarının aparıcı əlamət və xarakter cəhətlərini özlərində cəmləşdirirlər.
 İncəsənətdə tipik şərait və tipik vəziyyətlər konkret bir dövrün xarakter cəhətləri, gerçəkliyin qanunauyğunluqları ilə vəhdətdə ümumiləşdirilir, obraz zəruri həyati bədii tələb, mənəvi - fıkri ehtiyac kimi təzahür edir. Belə müxtəlif coğrafi koordinatlarda, müxtəlif zamanlarda düşüncələrlə, həyati istək və arzularla zəngin olurlar və konkret tarixi kəsimlərdə yaradılan xarakterlər, adətən, milli-bəşəri fikir və fərdiləşmənin, ümumiləşdirmə və tipikləşdirmənin istiqamətləri, tələb və estetik prinsipləri həmişə zənginləşir, təzə çalarlar alır. Bir də, ədəbi istiqamət və cərəyanların özünəməxsusluğu tipikləşdirməyə, onun üsul və vasitələrinə həmişə təsir göstərmişdir. Buna görə də klassisizm mədəniyyəti sentimentalizm, simvolizm, naturalizm, romantizm və realizm incəsənətindən, bunlar da bir-birilərindən ciddi surətdə fərqlənmişlər. Klassizmdə sənətkarlar çoxcəhətli obrazlar yaratmamış, onun xarakterinin, əməl və düşüncəsinin ancaq bir cəhətini, bir təzahürünü ümumiləşdirmişlər. Sentimentalistlər "hissi-emosionallığı, duyğu və ürək aləminin" təsvirini əsas almışlar. Simvolistlər üstünlüyü sətiraltı mənalara, simvollarla düşünməyə verirdilər. Naturalistlər dərin bədii ümumiləşdirmələr aparmır, həyatı çıplaq, natural ifadə edirdilər. Realistlər isə obrazı hərtərəfli, xarakterinin tamlığı, daxili ziddiyyət və mürəkkəbliyi ilə ümumiləşdirirdilər.
Avropa və rus ədəbiyyatı klassiklərinin görüşərində tipiklik orijinallıqdır, "müəllifin öz əsərinə vurduğu möhür" - fərdi üslubdur, səciyyəvi hadisələrin, arzu və əməl, mənəvi psixoloji həyəcanların obrazlarda ifadəsidir. Belinski deyirdi: "Yaradıcılıqda tip nədir? - İnsandır - adamlardır, şəxsiyyətdir - şəxsiyyətlərdir, yəni insanın elə təsvir edilməsidir ki, o öz varlığında eyni bir ideyanı ifadə edən bir çox, tam bir dəstə adamları təcəssüm etdirsin. Fikrimizi misalla izah edək. Otello kimdir? Ruhca böyük olan, lakin ehtiraslarının təsiri ilə buxovlanmış və buna görə də arvadının sədaqətinə şübhə edən kimi onu boğmuş qısqanc bir kişidir. Otellolar tipdir, belə qısqancların bütöv bir qəbiləsinin, tam bir dəstəsinin, bütöv bir fəsiləsinin nümayəndəsidir. Otello həmişə olmuş və başqa formalarda meydana çıxsalar da, indi də ola bilərlər".
Sənətkar yaradıcı müşahidə aparır, həyat və cəmiyyət hadisələrini inkişafda öyrənir. Tipik hadisələri keçici və təsadüfi əhvalatlardan ayırır, onların mənasını açıb, xalqın istək və marağı səviyyəsinə qaldırır. Onun təsvirində zamanın, ictimai-siyasi mühitin əlamətləri görünür, inkişafın müəyyən mərhələsi, insan xarakter və psixologiyasının özünəməxsusluğu haqqında təsəvvür oyanır.
Həyatın, məişətin, müəyyən bir sosial meylin, vətənpərvərliyin, ya sevginin əsas əlamətlərini bir tipik xarakterdə inandırıcı cəmləşdirmək sənətkardan fasiləsiz müşahidə aparmaq, varlığı dərindən duymaq və mənalandıra bilmək istedadı tələb edir. Və "bir halda ki, sənətkar-yazıçının istedadlı olması, yəni hadisələrin həyat həqiqətini duyub, təsvir etmək bacarığı etiraf edilir, onda həmin bu etirafa görə də onun əsərləri, müəllifı bu və ya başqa bir əsəri yaratmağa vadar edən həyat və mühit haqqında, dövr haqqında mühakimə yürütməyə qanuni imkan verir. Burada yazıçının istedadını müəyyən edən ölçü, onun həyatı nə dərəcədə geniş surətdə əhatə edə bilməsi surətləri möhkəm və hərtərəfli göstərməsi vacib şərt, bədii qanunauyğunluqdur (Dobrolyubov). Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"nda və onun digər xırda epik əsərlərində müşahidə çoxcəhətlidir; fərdi cəhətlər - fərdi nitq, özünü və mühiti ifadə, hərəkətlər, münasibətlər, meyllər, davranışlar, ayrı-ayrı cizgilər sanki "naturadan götürülmüşdür". "Götürülən, seçilən" əlamətlər isə yazı prosesində dinamikləşmiş, tipik axara salınmışdır. Elə bil, Cəlil Məmmədquluzadə obrazlarla oturub-durmuş, ünsiyyət tutmuş, təhkiyəni onların əməllərinə baxa-baxa, prosesləri görə-görə aparmışdır.
 Pyeslərini, epik əsərlərinin çox böyük qismini yazana qədər Mirzə İbrahimov dünyanın bir çox ölkəsini gəzmiş, müşahidələr aparmışdır; müharibə illərində Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatının, müəyyən mənada fəal iştirakçısı olmuşdur. Bu yazıçıda həm güclü müşahidə aparmaq, həm də real təəssüratları yaddaşa köçürmək, obrazların həlledici cizgilərini, fikir və düşüncədə müəyyənləşdirə bilmək istedadı var idi. Fərdi yazı laboratoriyasında bunlar - yaddaşa hopan müşahidə və təəssüratlar dərin həyati məna almış, hadisə-hadisəni tamamlamış, fərdiləşmə, ümumiləşdirmə və tipikləşdirmə əsərlərin məzmun-strukturunu şərtləndirmişdir.
Tarixi hadisələrə bədii qiymət verəndə belə Süleyman Rəhimov arxivlərə getməmiş, arxivlərdən faktlar toplamamışdır. O, həyatı həyatın, mübarizəni mübarizənin özündən öyrənmişdir.
"Beyindən axanları" - yaşanılan hissləri, fikir və düşüncələri yazmaq, ümumiləşdirmək, dərin mündəricəli obrazlar yaratmaq asandır, "ikinci dərəcəli işdir" (Belinski); "həyatın bir parçasını" duymaq, yaşamaq, obrazları fərdi və ümumi keyfiyyətləri ilə, mənəvi - fikri aləmdə gəzdirmək isə çətin, mürəkkəb prosesdir, tipikləşdirmənin vacib tələblərindəndir. Xlestakov illərlə N.V.Qoqoldan üzülməmiş, onun düşüncələrini, poetik istedadını hərəkətə gətirmişdir. Xlestakov ("Müfəttiş") "müxtəlif rus xarakterlərində çox dağınıq halda olan, lakin burada, komediyada təsadüfi olaraq, bir simada birləşən, təbiətdə isə daha tez-tez rast gəlinən bir tip olmalıdır; çoxları bir dəqiqə də olsa Xlestakov olur”. (Qoqol).
 "Müfəttiş"də təkcə mənzərələr, lövhə və detallar deyil, həm də bədii mündəricə, surətlər və surətlərin düşdükləri mühitin özü tipikdir. N.V.Qoqol "Rusiyada o zaman öyrənib bildiyim bütün pis cəhətləri... "Müfəttiş"də mən bir yerə toplayıb, lağa qoymaq, hamısına birdən gülmək qərarına gəldim" - deyirdi.
Bədii əsərdə bəşəri fikirlərlə bərabər sənətkar özünəməxsusluğu olmalıdır. "Romanda, yaxud povestdə surətlər və şəxslər olmadıqda, xarakterlər olmadıqda, heç bir tipiklik olmadıqda -yazıçı nağıl etdiyi əhvalatları naturadan nə qədər doğru və səylə köçürmüş olsa da, oxucu burada heç bir naturallıq tapmaz, düzgün duyulub göstərilmiş, məharətlə tutulmuş heç bir cəhət görməz (Belinski).
Həyat oxucuya hazır ideya və hazır forma vermir. Forma yazı prosesində tapılır, ideya isə bədii strukturun inkişafında gerçəkliyin müəyyən bir möqedən inikası kimi formalaşır. Sənətkarın fikir və düşüncəsi zahirdən daxilə, hadisənin görkəminin təsvirindən onun mahiyyətinə yön alır, münaqişədən-münaqişəyə bədii ümumiləşdirmə dərinləşir. Belə duyum və təsvirlə yaranan əsərlərdə şaxəli süjetlər qurulur, dövrün ziddiyyətləri ifadə olunur, inkişaf, insanın fikri-mənəvi təkamülü görünür: "Mənim qüvvəm və bacarığım səviyyəsində səy etmişəm ki, müşahidələrimin əsas predmeti olan rus adamının mədəni təbəqəsinin sürətlə dəyişən obrazını və Şekspirin "Xarakterin özü və zamanın təzyiqi" adlandırdığı şeyi namusla və qərəzsiz təsivr edib tipik surətlər halında canlandıram" (İ.S.Turgenev).
 Ədiblərin böyük bir qismi sosial mühitin ictimai tiplərini, prototip və proobrazları tipikləşdirir, inkişafa, yeni təşəbbüslərə, yeni meyl və axtarışlara mane olan nə varsa, onlan hamısını real təsvir edirdilər. Buna görə də XIX əsr Avropa, rus və Azərbaycan klassiklərinin əsərlərində sinfi mənafelər, əqidələr, baxışlar və mövqelər üz-üzə gəlir, bədii təsvirdə xalqın həyatı, məişəti, nə uğrunda mübarizə aparması görünür. N.V.Qoqol deyirdi: "Əgər mən həyatı dərindən öyrənməsəydim, "surətlərimi bizim materialdan", bizim torpaqdan qurmasaydım, onlar canlı çıxmazdılar. Mən elə obrazlar yaratmalıydım ki, hər kəs dərindən hiss etsin ki, bunlar onun ətindən, qanından götürülmüşdür; ancaq belə surətlərin təsiri ilə insanlar yuxudan ayılar, başqa adam ola bilərlər”
Tipikləşdirmə incəsənətin butün sahələrini əhatə edir. Sintetik, yaxud tərkibi incəsənətdə, təsviri sənət və arxitekturada - yəni statik hərəkətsiz sənətlərdə ümumiləşdirmə daha dərindən aparılır. Çünki yaradıcılığın bu mürəkkəb sahələrində obraz zaman və məkan daxilində hərəkət edir, mövcudluğunu bu fonda bildirir...
Sənətkar ümumiləşdirmə ilə həyat hadisələrini bütöv, əlaqə və vəhdətdə, ziddiyyət və mübarizədə, tipik vəziyyətdə alır və insan həyatının düşünrdürücü lövhə və mənzərəsini yaradır, bilə-bilə "faktı gözdən keçirib öyrənir və onu... qəlbində gəzdirir, sonra ona həmin cinsdən olan başqa faktları və surətləri əlavə edir və nəhayət, sənətkarın keçmişdə görüb müşahidə etdiyi bu növ ayrı-ayrı hadisələrin hamısını bütün başlıca və əsas xüsusiyyətlərini özündə ifadə edən bir tip yaradır" (N.A.Dobrolyubov).
Əsərdə hadisə və əhvalatlar mücərrədləşdirilmir, konkret ifadə olunur: insanın hiss və duyğusuna toxundurulur, onun mənəviyyat və düşüncəsindən keçirilib qiymətiəndirilir. Kamil obraz özündə fərdiliklə ümumiliyi cəmləşdirir
Ümumiləşdirmə əsəri bütöv - məzmun və forma vəhdətində əhatə edir: rənglər, boyalar, lövhə və mənzərələr, təsvir və ifadə vasitələri ümumiləşir, tipik obraz tipik şəraitə düşür, qayə müasirliklə aşılanır. Ümumiləşən surət, hadisə və əhvalat, bədii-fikri mahiyyət sonralar da bədii tarixi, idraki-tərbiyəvi əhəmiyyətini saxlayır, nəsillərə təsir göstərir, onlarda yaşamaq, dövrə yeni münasibət bəsəmək duyğusu oyadır. Buna görə də ümumiləşdirmənin genişliyi və hərtərəfliliyi, səciyyəvi həyat hadisələrinin təsviri və obrazın sintetikiyi N.A.Dobrolyubovun estetikasında incəsənətin məna-məzmunundan ayrılmır: "Oblomov" romanında "yumşaq ürəkli və tənbəl Oblomovun əhvalatı... o qədər də əhəmiyyətli hadisə deyildir. Lakin bu əhvalatda... rus həyatı əks edilmişdir, qarşımızda amansız bir sərtlik və düzgünlüklə, işlənib cilalanmış real və müasir rus tipi canlanır... Oblomovun tipində və bütün bu oblomovçuluqda biz qüvvətli bir istedad tərəfindən sadəcə müvəffəqiyyətlə yaradılmış bir şeydə daha böyük məna görürük: bu əsərdə biz rus həyatını görürük, dövrün, zamanın nəbzini duyuruq".

Hadisə və əhvalatı, ayrı-ayrı surəti fəsvir edəndə, həyatın "bir parçasını" göstərəndə sənətkar tarixi şəraiti, ictimai-siyasi mühiti nəzərə alır, təşəbbüsü, meyl və münasibəti tipikləşdırir. Ibrahimbəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı qələmə alınanda Bakıda ictimai-siyasi mühıt dəyişmiş, mənəviyyatlarda, məişət və yaşayışlarda yeni meyllər yaranmış, pulun yeri, önəmliliyi müəyyənləşmişdi. Varlanmaq həvəsi güclü ehtirasa çevrilmişdi. Bu ehtiras həyatın hər sahəsinə təsir göstərmiş, ixtilaflar, dramatik konfliktlər yaranmışdı. Təsadüfən varlanan, böyük bir milyonçu kimi tanınan Cəlilağa belə güclü təsirdən kənarda qala bilmir. Əyləncələr, eyş-işrətlər onun təmiz duyğularını öldürür, ailəsini ağır məhrumiyyətlərə aparır. Çünki Cəlilağa romana həyatdan gəlmiş, mühitinin təsiri ilə formalaşmış, bədii tip səviyyəsinə qaldırılmışdır.

1 yorum:

  1. Lucky Club Casino Site 2021 » Up to £500 Bonus + 50 FS
    Lucky Club offers a wide range of games to play online with a unique approach for slots luckyclub players. You can deposit funds and withdraw and

    YanıtlaSil