Ədəbi növlər, janrlar
birdən-birə formalaşmamış, uzun bir tarixi inkişaf yolu keçmişdir. Əməyi
ritmikləşdirmək məqsədilə yaradılan ilk əmək, mövsüm və mərasim nəğmələri
təzə-təzə yarandıqları dövrlərdə forma baxımından o qədər bir-birindən seçilməsələr
də, zaman keçdikcə hər növə mövzuya münasib bədii forma axtarılmış, beləliklə
də, ədəbi növlər, eləcə də onların janrları meydana gəlmişdir. Beləliklə, bədii
əsər formaları, janrlar yavaş-yavaş sabitləşməyə, bir-birindən seçilməyə
başlamış, ədəbiyyat tariximiz müxtəlif ədəbi növlərdə və janrlarda yazılan
əsərlər hesabına zənginləşmişdir.
Ədəbiyyatşünaslıq
kitablarında bədii əsərlər üç növə ayrılır: 1. Lirik əsərlər 2. Epik əsərlər.
3. Dramatik əsərlər.
Bu ədəbi növlərin hər
birinin özünəməxsus xüsusiyyətləri, oxşar və fərqli cəhətləri vardır. Lirika
üçün hiss və həyəcan, əhvaii-ruhiyyə, epos üçün hadisə, dramaturgiya üçün isə
hərəkət daha xarakterikdir. Ancaq bu ayrılmanın, bir-birindən seçilmənin özü də
şərtidir. Folklor qaynaqlarından bəhrələnməklə formalaşan ədəbi növlər, onların
janrları əsrlər boyu təkmilləşmiş, yeni-yeni janrlar yaranmış, ənənəvi bədii
formalar dövrün, zamanın tələbi ilə başqa ştrixlərlə, elementlərlə
zənginləşmişdir. Epik, lirik və dramatik ünsürlərin, elementlərin vəhdəti
müasir ədəbiyyatımiz üçün daha xarakterikdir. Ədəbi növlərin dialektik şəkildə
qovuşuğu həm hadisələrin mahiyyətini dərindən anlamağa, həm də süjetin inkişaf
yolunu, qəhrəmanların xarakterinin təkamülünü, formalaşmasını, onların hiss və
həyəcanlarını açmağa, həm də münaqişə, həyati ziddiyyətlər əsasında mövcud olan
dramatik hərəkətin axarını, konfliktin bədii həllini öyrənməyə kömək edir.
Lirik-epik ünsürləri bədii
əsərlərin qoşa qanadlarına, dramatik elementləri isə onların hərəkətverici qüvvəsinə
bənzətmək olar.
Lakin bütün bu deyilənlərə
baxmayaraq, hər bir ədəbi növ ilkin xüsusiyyətlərini tam mənası ilə
saxlamaqdadır. Bütün ədəbi növlərə məxsus cəhətlər hər hansı bir əsərdə
cəmləşsə belə, yenə da ədəbi növlərdən birinin dominantlığı olduqca vacibdir.
Tutalım, dramatik əsərlərdəki lirik elementlər nə qədər əsəri gözəlləşdirsə
belə, həmin əsər lirik yox, dramatik əsər olaraq qalır.
LİRİK NÖV VƏ ONUN JANRLARI
Lirika tarixən ən qədim və
janrları daha rəngarəng olan bir ədəbi növ kimi digər ədəbi növlərdən
əhəmiyyətli dərəcədə fərqlənir. Lirik növün özünəməxsus xüsusiyyətləri vardır.
Hər şeydən əvvəl, lirik əsərlər üçün melodiya, ritm, ahəngdarlıq daha xarakterikdir.
Bu da təsadüfi deyildir. Lirik növ öz adını qədim yunan simli çalğı aləti olan
"lira"dan götürmüşdür. Görünür, ilkin yaranış dövründə bu ədəbi növün
könül oxşamasını, ahəngdarlığını, ürəkləri riqqətə gətirməsini nəzərə alıb, onu
sehrkar bir musiqi aləti ilə müqayisə etmişlər.
Şərqdə çox zaman lirik şeirlərə
rübabi şeirlər demişlər. Maraqlıdır ki, rübab da lira kimi qədim simli musiqi
alətidir. Buradan belə bir nəticəyə gəlmək olur ki, melodiyanın, ahəngdarlığın-həzinliyin,
kövrəkliyin, emosionallığın bütün dünya xalqlarının lirikasında ən ümdə,
aparıcı cəhət hesab edilməsi təsadüfı xarakter daşımamışdır.
Zaman keçdikcə lirikanın
janrları, onun əhatə, mövzu dairəsi genişlənsə də, lirika yenə də öz ilkin
lüğəvi mənasını qoruyub saxlaya bilmişdir. Lirika ani və qüvvətli
həyəcanlardan yaranan, emosional, obrazlı, sirayətedici, dərin məna yüklü
bir ədəbi növdür. Lirik əsərlərdə sözlərin düzülüşü elə bir ahəngdarlıq yaradır
ki, onları oxuyanda adama elə gəlir ki, ecazkar bir musiqiyə qulaq asır. Lakin
lirika musiqidən daha təsirlidir. Ona görə ki, onda təkcə melodiya, ahəngdarlıq
yox, həm də yığcam emosional libasa bürünmüş dərin məna vardır.
Melodiya, musiqililik, ahəngdarlıq, lirik əhvali-ruhiyyənin məzmununu daha təsirli
şəkildə oxucuya çatdırmaq vəzifəsini yerinə yetirir.
Lirik təsvir üçün
subyektivlik və fərdilik ən aparıcı faktordur. Lirik əsərin hər sətrində
onu yaradan müəllifin, lirik qəhrəmanın ürək çırpıntıları, hiss və həyəcanları
duyulmaqdadır. Lirikada tərənnüm əsas yer tutur.
İfadə etdiyi məzmununa görə
də lirikanı məhəbbət, təbiət, ictimai-siyasi lirika kimi qruplaşdırmaq
olar.
Tarixin olub keçənlərdən,
xüsusidən, poeziyanın isə mümkün ola bilən hadisələrdən, ümumidən bəhs etdiyini
əsas götürən Aristotel poeziyanı tarixdən daha ciddi və fəlsəfi hesab edərək
yazırdı: "Şair özü də ixtiraçı olmalıdır və rəvayətlərdən lazım gəldiyi
şəkildə istifadə etməlidir."
Doğrudan da, hər bir gözəl
lirik əsər şairin poetik kəşfı nəticəsində yaranır. Arı çiçəklərdən bal çəkdiyi
kimi, şair də həyat hadisələrindən yaradıcı şəkildə bəhrələnir, adi adamların
görə bilmədiklərini görür və sənətin ecazkar dili ilə bu gözəlliyi oxuculara da
göstərməyə çalışır. Lirikanın möcüzəli dili ilə deyiləni adi, ümumi sözlə ifadə
etmək qeyri-mümkündür. Lirika ədəbiyyatın qaymağıdır. Onu müəllifın daxili
dünyasının, hiss və həyəcanlarının, psixoloji gərginlik anlarının, sevincinin,
kədərinin, sevgisinin, nifrətinin, sarsıntılarının poetik kardioqramına bənzətmək
olar.
Lirik janrların
müəyyənləşdirilməsində misraların sayı, eləcə də onların qafryə quruluşu əsas
götürülmüşdür.
İkilik. Hər bəndi iki
misradan ibarət olan şeir növünə həm folklorda, həm də klassik ədəbiyyatımızda
rast gəlmək mümkündür: qəzəl, qəsidə, qitə, məsnəvi...
Üçlük. Birinci
bəndin I, III misraları həmqafiyə, II misra sərbəst, qalan bəndlərdə I-II
misralar sərbəst, üşüncü misra birici bəndin I, III misrası ilə qafiyələnir.
Dördlük. Müstəqil (bayatı,
rübai, tuyuğ), və çoxbəndli (qoşma, mürəbbe) olur.
Beşlik zəngindir, bəzən
müxəmməs anlayışı onu tam əhatə edə bilmir. S. Vurğunun “Azərbaycan”
şeiri bu formada yazılmışdır.
Altılıq(müsəddəs)-aaaaaa,
bbbbaa, vvvvaa.
Yeddilik(müsəbbe)
Səkkizlik (müsəmmə)-aaaaaabb,vvvvvvbb,
qqqqqqbb (Sabirin “Beynəlmiləl” şeiri səkkizlik şəklindədir.
Daha ehateli olsaydi yeni janrlari haqqinda danisilsaydi daha gozel olardi
YanıtlaSilValla he basdiqda yazılıb lirik növun janrları amma oxuyanda heç o haqda məlumat yoxdu
YanıtlaSil