13 Ocak 2016 Çarşamba

ƏDƏBİ NÖVLƏR. LİRİK NÖV

Ədəbi növlər, janrlar birdən-birə formalaşmamış, uzun bir tarixi inkişaf yolu keçmişdir. Əməyi ritmikləşdirmək məqsədilə yaradılan ilk əmək, mövsüm və mərasim nəğmələri təzə-təzə yarandıqları dövrlərdə forma baxımından o qədər bir-birindən seçilməsələr də, zaman keçdikcə hər növə mövzuya münasib bədii forma axtarılmış, beləliklə də, ədəbi növlər, eləcə də onların janrları meydana gəlmişdir. Beləliklə, bədii əsər formaları, janrlar yavaş-yavaş sabitləşməyə, bir-birindən seçilməyə başlamış, ədəbiyyat tariximiz müxtəlif ədəbi növlərdə və janrlarda yazılan əsərlər hesabına zənginləşmişdir.
Ədəbiyyatşünaslıq kitablarında bədii əsərlər üç növə ayrılır: 1. Lirik əsərlər 2. Epik əsərlər. 3. Dramatik əsərlər.
Bu ədəbi növlərin hər birinin özünəməxsus xüsusiyyətləri, oxşar və fərqli cəhətləri vardır. Lirika üçün hiss və həyəcan, əhvaii-ruhiyyə, epos üçün hadisə, dramaturgiya üçün isə hərəkət daha xarakterikdir. Ancaq bu ayrılmanın, bir-birindən seçilmənin özü də şərtidir. Folklor qaynaqlarından bəhrələnməklə formalaşan ədəbi növlər, onların janrları əsrlər boyu təkmilləşmiş, yeni-yeni janrlar yaranmış, ənənəvi bədii formalar dövrün, zamanın tələbi ilə başqa ştrixlərlə, elementlərlə zənginləşmişdir. Epik, lirik və dramatik ünsürlərin, elementlərin vəhdəti müasir ədəbiyyatımiz üçün daha xarakterikdir. Ədəbi növlərin dialektik şəkildə qovuşuğu həm hadisələrin mahiyyətini dərindən anlamağa, həm də süjetin inkişaf yolunu, qəhrəmanların xarakterinin təkamülünü, formalaşmasını, onların hiss və həyəcanlarını açmağa, həm də münaqişə, həyati ziddiyyətlər əsasında mövcud olan dramatik hərəkətin axarını, konfliktin bədii həllini öyrənməyə kömək edir.
Lirik-epik ünsürləri bədii əsərlərin qoşa qanadlarına, dramatik elementləri isə onların hərəkətverici qüvvəsinə bənzətmək olar.
Lakin bütün bu deyilənlərə baxmayaraq, hər bir ədəbi növ ilkin xüsusiyyətlərini tam mənası ilə saxlamaqdadır. Bütün ədəbi növlərə məxsus cəhətlər hər hansı bir əsərdə cəmləşsə belə, yenə da ədəbi növlərdən birinin dominantlığı olduqca vacibdir. Tutalım, dramatik əsərlərdəki lirik elementlər nə qədər əsəri gözəlləşdirsə belə, həmin əsər lirik yox, dramatik əsər olaraq qalır.
LİRİK NÖV VƏ ONUN JANRLARI
Lirika tarixən ən qədim və janrları daha rəngarəng olan bir ədəbi növ kimi digər ədəbi növlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Lirik növün özünəməxsus xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, lirik əsərlər üçün melodiya, ritm, ahəngdarlıq daha xarakterikdir. Bu da təsadüfi deyildir. Lirik növ öz adını qədim yunan simli çalğı aləti olan "lira"dan götürmüşdür. Görünür, ilkin yaranış dövründə bu ədəbi növün könül oxşamasını, ahəngdarlığını, ürəkləri riqqətə gətirməsini nəzərə alıb, onu sehrkar bir musiqi aləti ilə müqayisə etmişlər.
Şərqdə çox zaman lirik şeirlərə rübabi şeirlər demişlər. Maraqlıdır ki, rübab da lira kimi qədim simli musiqi alətidir. Buradan belə bir nəticəyə gəlmək olur ki, melodiyanın, ahəngdarlığın-həzinliyin, kövrəkliyin, emosionallığın bütün dünya xalqlarının lirikasında ən ümdə, aparıcı cəhət hesab edilməsi təsadüfı xarakter daşımamışdır.
Zaman keçdikcə lirikanın janrları, onun əhatə, mövzu dairəsi genişlənsə də, lirika yenə də öz ilkin lüğəvi mənasını qoruyub saxlaya bilmişdir. Lirika ani və qüvvətli həyəcanlardan yaranan, emosional, obrazlı, sirayətedici, dərin məna yüklü bir ədəbi növdür. Lirik əsərlərdə sözlərin düzülüşü elə bir ahəngdarlıq yaradır ki, onları oxuyanda adama elə gəlir ki, ecazkar bir musiqiyə qulaq asır. Lakin lirika musiqidən daha təsirlidir. Ona görə ki, onda təkcə melodiya, ahəngdarlıq yox, həm də yığcam emosional libasa bürünmüş dərin məna vardır. Melodiya, musiqililik, ahəngdarlıq, lirik əhvali-ruhiyyənin məzmununu daha təsirli şəkildə oxucuya çatdırmaq vəzifəsini yerinə yetirir.
Lirik təsvir üçün subyektivlik və fərdilik ən aparıcı faktordur. Lirik əsərin hər sətrində onu yaradan müəllifin, lirik qəhrəmanın ürək çırpıntıları, hiss və həyəcanları duyulmaqdadır. Lirikada tərənnüm əsas yer tutur.
İfadə etdiyi məzmununa görə də lirikanı məhəbbət, təbiət, ictimai-siyasi lirika kimi qruplaşdırmaq olar.
Tarixin olub keçənlərdən, xüsusidən, poeziyanın isə mümkün ola bilən hadisələrdən, ümumidən bəhs etdiyini əsas götürən Aristotel poeziyanı tarixdən daha ciddi və fəlsəfi hesab edərək yazırdı: "Şair özü də ixtiraçı olmalıdır və rəvayətlərdən lazım gəldiyi şəkildə istifadə etməlidir."
Doğrudan da, hər bir gözəl lirik əsər şairin poetik kəşfı nəticəsində yaranır. Arı çiçəklərdən bal çəkdiyi kimi, şair də həyat hadisələrindən yaradıcı şəkildə bəhrələnir, adi adamların görə bilmədiklərini görür və sənətin ecazkar dili ilə bu gözəlliyi oxuculara da göstərməyə çalışır. Lirikanın möcüzəli dili ilə deyiləni adi, ümumi sözlə ifadə etmək qeyri-mümkündür. Lirika ədəbiyyatın qaymağıdır. Onu müəllifın daxili dünyasının, hiss və həyəcanlarının, psixoloji gərginlik anlarının, sevincinin, kədərinin, sevgisinin, nifrətinin, sarsıntılarının poetik kardioqramına bənzətmək olar.
Lirik janrların müəyyənləşdirilməsində misraların sayı, eləcə də onların qafryə quruluşu əsas götürülmüşdür.
İkilik. Hər bəndi iki misradan ibarət olan şeir növünə həm folklorda, həm də klassik ədəbiyyatımızda rast gəlmək mümkündür: qəzəl, qəsidə, qitə, məsnəvi...
Üçlük. Birinci bəndin I, III misraları həmqafiyə, II misra sərbəst, qalan bəndlərdə I-II misralar sərbəst, üşüncü misra birici bəndin I, III misrası ilə qafiyələnir.
Dördlük. Müstəqil (bayatı, rübai, tuyuğ), və çoxbəndli (qoşma, mürəbbe) olur.
Beşlik zəngindir, bəzən müxəmməs anlayışı onu tam əhatə edə bilmir. S. Vurğunun “Azərbaycan” şeiri bu formada yazılmışdır.
Altılıq(müsəddəs)-aaaaaa, bbbbaa, vvvvaa.
Yeddilik(müsəbbe)
Səkkizlik (müsəmmə)-aaaaaabb,vvvvvvbb, qqqqqqbb (Sabirin “Beynəlmiləl” şeiri səkkizlik şəklindədir.


2 yorum:

  1. Daha ehateli olsaydi yeni janrlari haqqinda danisilsaydi daha gozel olardi

    YanıtlaSil
  2. Valla he basdiqda yazılıb lirik növun janrları amma oxuyanda heç o haqda məlumat yoxdu

    YanıtlaSil