13 Ocak 2016 Çarşamba

Tragediya

Tragediya sözü yunanca "traqos" - keçi, "ode" -nəğmə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qədim yunanlar allahlara sitayiş səhnələri təsvir etmiş, onların şərəfinə keçi qurban kəsmiş, qan tökmüşlər. Tragediya qəhrəmanının sonda mütləq ölməsi də, bu mifoloji dünyagörüşü ilə əlaqədardır. Əslində tragediya qəhrmanları öz işıqlı arzuları, idealları uğrunda qurban gedirlər.
Tragediya termini əvəzində bəzən faciə sözü işlədilir. Bu da təsadüfı deyildir. Faci sözü də məzmun etibarilə kədərli, acınacaqlı hadisə anlamına gəlir. Bu tipli dram əsərlərinin qəhrəmanlarının cismani məhvi, doğrudan da, əsl faciədir. Şərlə Xeyirin əbədi-əzəli mübarizəsində Xeyirin çox zaman özündən qat-qat güclü Şərə məğlub olması tragediya, faciə olsa da, bu hadisə Xeyirin Şərə qarşı daha amansız mübarizəsinin təkanverici qüvvəsinə çevrilir.
Qəhrəmanın işıqlı arzuları ilə bu arzuların həyata keçməsinə, reallaşmasına imkan verməyən sosial mühit, zəmanə arasındakı antaqonist ziddiyyət faciə əsərlərinin başlıca hərəkətverici qüvvəsi, tragediyanın, faciənin başlıca yaranma mənbəyidir. Faciə qəhrəmanı nə qədər qüdrətli olsa da, onun idealını, diləklərini ikrahla, düşmənçiliklə qarşılayan sosial mühiti təmsil edən qüvvələrlə mübarizədə nəinki məğlub, hətta məhv olur. Lakin tragik qəhrəman cismani məhvi ilə insanların ürəyində mürgüləyən işıqlı idealları oyadır. Birinin məhvi neçə-neçə yeni faciə qəhrəmanlarının doğulmasına şərait yaradır. Məsələn, "Müsibəti-Fəxrəddin" faciəsinin qəhrəmanı Fəxrəddini cismən məhv etsələr də, zaman keçdikcə onun tərəfdarları çoxalmış, nakam arzuları həyata keçmiş, tayfalar arasındakı qan davası sona yetmiş, cəhalət iflic olmuş, məktəblər, xəstəxanalar açılmışdır.
Tragediyalarda-faciələrdə bədii konflikt bir-birinə daban-dabana zidd olan müxtəlif əqidəli insanların ölüm-dirim mübarizəsi əsasında qurulduğundan, bu tipli əsərlərdə hadisələr son dərəcə gərgin, dinamikdir.
Esxil, Sofokl və Evripidin əsərləri ədəbiyyat tarixində tragediyanın ilk gözəl nümunələridir. Bəşəriyyətin inkişafının sonrakı mərhələlərində yaranan tragediyalar insanlığın haqq, ədalət uğrunda apardığı barışmaz, qanlarla yoğrulmuş mübarizəsinin bədii əksidir. Şekspirin, Şillerin faciə əsərləri indi də öz bədii dəyərini itirməmiş, insanları əsrlər boyu haqq-ədalət uğrunda mübarizəyə səfərbər etmiş və etməkdədir.
Azərbaycan ədəbiyyatında faciə janrənın ilk nümunəsini Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (1896) faciəsidir. Sonra ədəbiyyatımızda bu janra maraq güclənmiş, Ə. Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadir şah" faciəsi yaranmışdır. Tarixi şəxsiyyətlərin faciəsini əks etdirən əsərlər öz ibrətamiz məzmunu ilə tamaşaçılara daha dərindən təsir göstərınişdir.
H. Cavidin romantik tragediyaları, C. Cabbarlının "Od gəlini", S. S. Axundovun "Eşq və intiqam" əsərləri bu janrın Azərbaycan ədəbiyyatında təsadüfi olmadığını göstərən gözəl ədəbi nümunələrə çevrilmişdir.
Ədəbiyyatşünas N. A. Qulyayev çox doğru qənaətə gəlir ki, tragedik konflikt şəxsiyyətin subyektiv istəkləri ilə cəmiyyətin obyektiv həyatı arasında cərəyan edir. Subyektiv istəklər obyektiv reallığı dəyişmək imkanında deyil, elə buna görə də onun reallaşmasına cəmiyyətdə heç bir zəmin yoxdur. Obyektiv reallığa qarşı üsyan eden subyektin məhvi qanunauyğun haldır.

Faciə əsərlərinin əks etdirdiyi mühit, zaman ayrı olduğu üçün bu tipli əsərlərin bədii konflikti ayrı-ayrı formalarda təzahür edir və estetik idealın daşıyıcısı olan qəhrəmanın ölümü ilə bədii həllini tapır. Faciə əsərində baş qəhrəmanın ölümü vacibdir. Ancaq hər personajın ölümünü faciə hesab etmək olmaz. Tragik qəhrəman hər hansı bir estetik idealın daşıyıcısı olmalıdır. Məsələn, "Müsibəti-Fəxrəddin" əsərində Rəşidin, Heydərin, Rüstəm bəyin, Mahmudun ölümü faciənin tərkib hissəsi olsa da, əsl faciə müəllif idealının daşıyıcısı olan Fəxrəddinin ölümü nəticəsində yaranır.

1 yorum:

  1. Strange "water hack" burns 2lbs overnight

    At least 160k men and women are using a easy and SECRET "liquid hack" to drop 2 lbs each and every night as they sleep.

    It's scientific and it works on everybody.

    Just follow these easy step:

    1) Hold a clear glass and fill it half the way

    2) Proceed to do this strange HACK

    and be 2 lbs skinnier the next day!

    YanıtlaSil