13 Ocak 2016 Çarşamba

XƏLQİLİK, ƏNƏNƏ VƏ NOVATORLUQ

         Ədəbiyyat və incəsənətdə xəlqilik prinsipi əsas tələblərdəndir. Xəlqilik bədii əsərlərə, onların ictimai- estetik mövqeyinə qiymət vermək məqamının meyarıdır.Ədəbiyyatda xalq mənafeyinin ilk plana çəkilib qorunması, xalq ruhu və təfəkkürünün üstün tutulması, xalqin tarixinin aydın güzgüdə ifadəsi, xalq mənafeyinin səciyyəsinin hər surət, lövhə, epizodda görünməsi, xalq dili, məişəti, ənənələrinin bədii mətndə görünməsi-bunların hamısı əsərdə mühüm meyar sayılır.
Xəlqilik anlayışı ədəbiyyatın milli özünəməxsusluğu, xalq həyatı və mənəviyyatının yaxınlığı, sənətkarın doğma yurdla sıx əlaqəsi nəzərdə tutulur. Belə mütərəqqi müdrik mövqe ümumuyyətlə XIX əsr böyük Şərq, rus, Avropa sənətkarları üşün də aparıcı, səciyyəvi xüsusiyyət olmuşdur. Puşkin yazırdı: “İqlim, dövləti idarə üsulu, etiqad hər bir xalqa elə məxsusi sima verir ki, o sima poeziya aynasında az ya çox əks olunur.”
Xəlqilik bir estetik katiqoriya kimi ancaq yüksək sənətkarlıq nümunəsi olan tipikliklə üzvi əlaqədə, vəhdətdə təzahür edir, meydana çıxır. Belinski nahaq yerə demirdi ki: «Xəlqiliyi bu və ya digər xalqın və ya ölkənin adət və ənənələrinin təsvirinin doğruluğu kimi başa düşmək lazımdırsa, o zaman xəlqilik bədii əsər üçün bir məziyyət deyil, zəruri bir şərtdir. Çünki hər bir xalqın həyatı özünə məxsus formalarda meydana çıxır. Demək, həyatın təsviri doğrudursa, o təsvir, eyni zamanda xəlqidir».
Kamil sənət əsərlərində xəlqilik bu və ya başqa xalqın adət-ənənələrinin, məişətinin zahiri əksi kimi deyil, həmin xalqın ictimai təfəkkürünün, tarixi varlığının, milli düşüncə tərzinin, mənəvi-əxlaqi təsisatının bütövlükdə dərki və həqiqi, real bədii inikası kimi yaranır, formalaşır. L.N.Tolstoy deyirdi ki, ancaq öz xalqı ilə birlikdə yaşayan və onu yaxşı tanıyan yazıçı əsil mənada xalq sənətkarı ola bilər. Böyiik rus dramaturqu A.N.Ostrovski bu fikri bir qədər də dəqiq ifadə edərək yazırdı: «Xalq yazıçısı olmaq iiçün vətəni sevmək azdır. Vətən məhəbbəti sənətkarlara qüvvə, hiss versə də, mövzu vermir, bunun üçün öz xalqını yaxşı tanımaq, onunla yaxından qaynayıb qarışmaq, doğma olmaq lazımdır».
N.A.Dobrolyubov isə sənətdə xəlqiliyi xalqın milli mənəviyyatının, xalq ruhunun təzahürü kimi qiymətləndirərək deyirdi: «Biz xəlqiliyi məhəlli, təbiət gözəlliklərinin ifadəsi, xalq arasında işlənən sözlərdən istifadə etmək, adətləri, qaydaları və sairəni diizgün göstərmək kimi başa düşmürük. Əsl xalq şairi olmaq üçün daha artıq şey tələb olunur: xalq ruhunu başa diişmək, onun həyatı ilə yaşamaq, onun səviyyəsində dayana bilmək, kitab təlimi, silki təsəvvür qalıqlarını və sairəni kənara atmaq, xalqın sahib olduğıı sadə hislə həyatı duymağı bacarmaq lazımdır».
Bütün bunlarla yanaşı, yaradıcılıqda xəlqiliyə nail olmaq üçün sənətdə ən azı üç vacib şərtə əməl olunmalıdır. Birinci: sənətkarın qələmə aldığı mövzu öz-özlüyündə dərin milli-bəşəri məzmuna, ictimai-əxlaqi mündəricəyə, həyati əhəmiyyətə malik olmalı, xalqın taleyi, tarixi müqəddəratı ilə bağlı mütərəqqi ideallara, ümumxalq problemlərinə cavab verməlidir. İkincisi: bu mövzunun əsasında dayanan obrazlar xalqın istək və arzularının həqiqi daşıyıcıları olmalı, onun milli, tipik xüsusiyyətlərini öz varlığında yaşatmalı, həm ideya, məfkurə, həm də şəxsi, fərdi xüsusiyyətlərinə görə seçilməli, dövrün, zamanın sifarişlərini, bütünlükdə ümıımxalq problemlərini həll etməyə qadir olan bütöv, kamil xarakterlər səviyyəsinə qalxmalıdır. Üçüncüsü: həm mövzu, həm də onun mərkəzində dayanan obrazlar sənətkarlıq cəhətdən də yüksək səviyyədə işlənilməli, öz həqiqi bədii həllini tapmalıdır. Çünki sənətdə xəlqilik təkcə təsvir olunan həyatın, hadisələrin, faktların, xarakterlərin doğruluğu, reallığı ilə bitmir, həm də bunların kamil bədii həlli, yüksək obrazlı təsviri, poetik əlvanlığı ilə bağlı bir anlayışdır. Bir sözlə, həqiqi sənətkarlıq, faktları dərindən ümumiləşdirmə bacarığı olmayan yerdə əsl xəlqilikdən söhbət gedə bilməz. Deməli, bədii əsərlərdə xəlqilik sənətkarlığın tərkib hissəsi və onu tamamlayan daxili keyfıyyətlərdən biridir. Daha doğrusu: «Əsil sənətkar üçün yaradıcılıq istedadı nə deməkdirsə, xilqilik də o deməkdir» (V.Q.Belinski).
Sənətdə xəlqilik həm də orijinallıqla bağlı bir anlayışdır. Xəlqilik orijinallıqla vəhdətdə geniş, daha dərin məna kəsb edir, hətta dahilik səviyyəsinə yüksəlir. Bu mənada orijinallıq bu və ya başqa bir yazıçının, sənətkarın fərdi üslubu, nəfəsi, yaradıcılıq manerası çərçivəsindən çox-çox kənara çıxır. Burada sənətin və sənətkarın orijinallığı tarixi inkişafın müəyyən mərhələsində bütöv bir xalqın, millətin idrakının, əqli-mənəvi anlayışlarının, həyata, ictimai varlığa münasibətlərinin orijinallığı, özünəməxsusluğu kimi təzahür edir. Mənsub olduğu xalqın təfəkkür tərzinin, milli xarakteıiərinin, tarixi ənənələrinin orijinallığına çevrilir. Xəlqiliklə orijinallığın belə geniş, fəlsəfi mənada vəhdəti, sadəcə olaraq, fərdi üslubun, qələmə alınan mövzuların, obrazların, təsvir vasitələrinin yeniliyi, dilin reallığı və ifadə gözəlliyilə bitmir. Öz-özlüyündə böyük məziyyət olsa da, bu az-çox istedada, poetik təfəkkürə malik olan bütün sənətkarların yaradıcılığına xas olan bir xüsusiyyətdir. Dövrünün fövqündə dayanan böyük novator sənətkarların yaradıcılığında orijinallıq, hər şeydən əvvəl, onların xalq həyatına, milli varlığa, ictimai hadisələrə, bəşəri qayğılara münasibətinin, idrak üsulunun yeniliyi, təzəliyi, mənsub olduğu xalqın şüurunda, mənəvi aləmində baş verən intibahın, tərəqqinin həqiqi bədii inikası kimi meydana çıxır. Orijinallıq sənətdə novatorluğun da əsası, ilkin şərtidir. Yeni, orijinal bədii təfəkkürdən, təsvir və ifadə vasitələrindən məhrum qələm sahibi, yaradıcı heç vaxt novator sənətkar səviyyəsinə qalxa bilməz. Böyük söz ustaları özlərindən əvvəlki yaradıcılıq ənənələrinə söykənsə də, onlardan yerli-yerində bəhrələnsə də, heç vaxt bu ənənələrin çərçivəsinə sığınıb qalmırlar, daim orijinallığa, novatorluğa can atır, təzə mövzu, məzmun, ideya, janr, poetik fikir, ifadə, təsvir və vasitələrinin axtarışına çıxırlar və bununla da yeni bir ədəbi ənənənin əsasını qoyurlar. Məhz bu xüsusiyyətlərə görə biz Nizami, Füzuli, Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə kimi nəhəng ədəbi simalara həm də böyük novator sənətkarlar deyirik. Heç kimə oxşamayan nadir istedad, orijinal bədii təfəkkür sahibi olan, «yeni tərzə, üsluba qadir sənətkaram mən, şeir-sənət məbədi abad oldu əlimlə» deyən Nizami erkən intibah dövrünün ictimai, fəlsəfi, ədəbi, nəzəri tələblərindən çıxış edərək uzun müddət bədii yaradıcılıq aləmində hakim mövqe tutan «Xəmsə» ənənələrinin və bu gün də yaşayan sənətkarlıq prinsiplərinin əsasını qoydu.
Nizami ənənələrinin ləyaqətli davamçısı olan Füzuli dövrünün poetik sifarişinə uyğun olaraq qəzəl, qəsidə, rübai janrını ön plana çəkdi və bu sahədə əbədi olaraq sənət dünyasının fövqündə dayanan yeni orijinal bir ədəbi məktəbin banisi və bütünlükdə ədəbiyyat tarixində böyük, ölməz novator şair kimi tanındı, şöhrət qazandı. Vaqif klassik poeziya ilə xalq şeiri ənənələri əsasında yeni bir ədəbi üslub formalaşdırdı, qoşma janrını həm yazılı, həm də şifahi ədəbiyyatda əsas, aparıcı janra çevirdi, şeirə, sənətə, sözün həqiqi mənasında, mili ruh, yeni məzmun, realist çalarlar, bədii əlvanlıq gətirdi, öz yaradıcılığı ilə orijinal poetik düşüncə sahibi, əsil novator sənətkar olduğunu göstərdi...
Ədəbiyyatda, sənətdə də xəlqilik və onun daha yüksək forması olan millilik milli xarakterlər, obrazlar vasitəsilə, böyük sənətkarlıqla, məhəlli çərçivələrdən yüksəkdə, dünyəvi aspektdə təsvir və təcəssüm olunubsa, o mütləq bəşəri məna, bəşəri siqlət kəsb edir. V.Q.Belinskinin sözlərilə desək: «Xəlqilik siyasi həyatda və ədəbiyyatda böyük şeydir, lakin bütün həqiqi anlayışlar kimi o öz-özlüyündə birtərəflidir və yalnız özünün əks tərəfılə əlaqədə alındıqda həqiqətə çevrilir. Xəlqiliyin əks tərəfı ümumbəşərilik mənasında ümumidir... Yalnız o ədəbiyyat əsil mənada xəlqidir (həm də millidir) ki, o eyni zamanda ümumbəşəridir».
C. Məmmədquluzadə “Molla Nəsrəddinin” xəlqilik xətti barədə yazırdı: “Molla Nəsrəddin” rəiyyətin və fəqir-füqəranın köhnə dostudur... Bir yanda bir fəhlə və kəndlinin başı ağrıyanda bizim vəzifəmizdir xəbərdar olmaq və ona qahmar çıxmaq”
M. Ə. Sabiri haqlı olaraq xalq şairi sayırlar, əsərlərini xalq həyatının bədii ensiklopediyası, özünü xalq mənafeyinin cəsur müdafiəçisi kimi tanıyırlar.
İş rəncbərin, güc öküzün, yer özününkü,
Bəyzadələri, xanları neylərdin , ilahi?
 Xəlqilik sovet dövründə böyük maneələrlə üzləşdi...
   Mir Cəlal aşağıdakı misralrdan istifadə edərək “Bir gəncin manifestiəsərində öz fikirlərinin istiqamətini müəyyənləşdirir...
             İnsan təngişəmi zinhar olmasa,
             İstismar olmasa, cidar olmasa.
             Çoxdan batırmışdım düşmən başını,
             Canıma daraşan dostlar olmasa.
 Belinski göstərir ki, ədəbiyyat xalqın şüuru, təfəkkürüdür. O, ədəbiyyatda “xalqin ruhunu” görür.
  ƏNƏNƏ köhnə ədəbi hadisə ilə yeni ədəbi hadisə arasında ardıcıl varislik əlaqəsi, bir və ya bir neçə yazıçının sonrakı yazıçılar tərəfindən öyrənilən və inkişaf etdirilən ideya-sənətkarlıq xüsusiyyətləridir. Məsələn N. Gəncəvi yaradıcılığında Şərqin böyük söz ustası Firdovsinin, Füzuli isə Nizami, Nəvai, Həbibi və Nəsiminin şeir ənənələrini davam və inkişaf etdirmişdir. C. Məmmədquluzadə, Ə. Haqverdiyev, M. Ə. Sabir və M. Möcüz realizminin ideya-bədii kökləri M. F. Axundzadə və Q.Zakirin realist ənənələri ilə üzvi şəkildə bağlıdır.
ƏDƏBİ ƏLAQƏLƏR bir ədəbi hadisənin başqa bir ədəbi hadisə ilə ideya-yaradıcılıq əlaqəsidir. Ədəbi əlaqələr ayrı-ayrı yazıçılar səviyyəsində, yaxud ədəbi cərəyanlar, məktəblər və bütöv ədəbi dövrlər səviyyəsində yaranir; məsələn, bir ədəbi dövr başqa bir ədəbi dövrə müəyyən təsir göstərir.
Böyük yazıçının yaradıcılığından ədəbi əlaqə baxımından danışarkən nəzərə almaq lazımdır ki, bu terminin özünü iki aspektdə götürmək olar, bir tərəfdən yazıçı təsir altında olur, digər tərəfdən o özü təsir göstərir.
Bir milli ədəbiyyat daxilində ədəbi əlaqə, məsələn, ondan ibarət olur ki, bir yazıçı, yaxud yazıçılar qrupu müasirlərinə, yaxud sonrakı ədəbi nəslə qüvvətli təsir göstərir. Nizami, Füzuli, Vaqif, M. F. Axundzadə, Sabir, C. Məmmədquluzadə, C.Cabbarlı və S. Vurğun kimi klassiklərin Azərbaycanda və onun hüdudları xaricində yaranmış ədəbiyyatda təsiri buna misal ola bilər.
Bu mənada ənənənin novatorcasına davamı da ədəbi əlaqənin başlıca tiplərindən biridir.
Fərdi ədəbi əlaqənin bir tipi də ondan ibarətdir ki, hər hansı bir yazıçı öz sələfinin ədəbi irsi, yaxud müasiri ilə razılaşmayıb, ondan uzaqlaşır, bədii inandırıcılığı və orijinallığı ilə həmin mənbəyə bərabər əsərlər yaradıb, insan həyatının əsas məsələlərini tamam başqa cür həll edir. Belə fərdi ədəbi əlaqəyə səciyyəvi misal olaraq Qorkinin Dostoyevski yaradıcılıq prinsiplərindən uzaqlaşmasını, onların yaradıcılıq prinsipləri arasındakı dialektik münasibəti – dostluq-düşmənçilik münasibətini göstərmək mümkündür.
Ədəbi əlaqənin tiplərindən biri iqtibasdır: yazıçı əsas süjet sxemini, hadisələri, qəhrəmanların tutduqları yeri, onların xarakterlərinin üstün cəhətlərini mühafizə edib saxlayır, bununla bərabər, əsrə başqa milli kolorit, yaxud başqa bədii ahəng verməklə, əsərin ritmini xeyli dəyişdirməklə, surətlərə başqa bir məzmun aşılamaqla tamam yeni bir əsər yaratmış olur. Amma bu əsər bütün yeni keyfiyyətlərinə baxmayaraq, iqtibas olunan mənbəyə oxşayır. Məsələn, Abbas Səhhətin “Şair, şer pərisi və şəhərli” poeması N. A. Nekrasovun “Şair və şer pərisi” poemasından iqtibasdır.
Millətlərarası ədəbi əlaqə ədəbiyyat tarixi və nəzəriyyəsinin ən mürəkkəb məsələlərindən biridir.Ədəbi əlaqənin bu tipi çox qədimdir. Hələ antik dövrdə və erkən orta əsrlərdə bir xalqın bədii kəşfləri, nailiyyətləri başqa bir xalqa, yaxud dünyanın bir neçə xalqına təsir göstərmişdir. Antik yunan ədəbiyyatı, orta əsrlər Azərbaycan, İran-tacik şeri, İtaliya İntibah dövrü ədəbiyyatı, Fransa Maarifçilik ədəbiyyati, rus realist ədəbiyyatı məhz belə beynəlmiləl əhəmiyyətə malikdirlər.        NOVATORLUQ bədii ədəbiyyatın forma və məzmununda xalq üçün əhəmiyyətli, qiymətli olan tamamilə yeni cəhətlərdir. Dövrün və xalqın tələblərinə cavab olaraq, qabaqcıl yazıçı həyatda yenicə baş verən hadisələri, insanlar arasında dəyişilib yeniləşmiş münasibətləri, insanın yeni xüsusiyyətlərini müşahidə edib, onları canlı, təbii şəraitdə əks etdirməklə ədəbiyyatda mühüm bir yenilik yaratmış olur ki, buna novatorluq deyilir.

C.Məmmədüuluzadə, M. Ə. Sabir və başqa mollanəsrəddinçilər 1905-ci il inqilabının təsiri ilə ədəbiyyatı xalq həyatına daha da yaxınlaşdırmış, xalqın dərdlərini, arzularını yaradıcılıqla ifadə etniş, realist inqilabi satira yaratmışdılar ki, bu da ədəbiyyatda bir novatorluq idi.Yeni məzmun ifadə etmək zərurətindən doğmayan və ancaq zorla formada yenilik yaratmaq məqsədi güdən novatorluq cəhdləri zərərli, məzmunsuz, ideyasiz əsərlərə-formalizmə aparıb çıxarır.

Hiç yorum yok:

Yorum Gönder