14 Ocak 2016 Perşembe

ƏDƏBİ METOD VƏ ƏDƏBİ ÜSLUB

ƏƏdəbiyyatın qida mənbəyi həyat olsa da, onu nə şəkildə əks etdirmək, oxucuya çatdırmaq metodları və üslubları müxtəlifdir. M. Rəfıli bədii metoda belə tərif verir: "Ədəbiyyatda bədii metod - müəyyən yazıçıların həyat hadisələrini bədii surətlərlə əks etdirdiyi zaman bu hadisələrə yanaşmaqda, öyrənməkdə, ümumiləşdirməkdə, həyatın tipik cəhətlərini seçməkdə, həyat materialını əks etdirməkdə istifadə etdikləri əsas üsula, əsas bədii prinsiplərə deyirik."
Buradan aydın olur ki, hər bir ədəbi metodun ictimai həyatı, təbiəti, qəhrəmanların hiss və düşüncələrini özünəməxsus əks etdirmə, bədii inikas prinsipləri, qanunauyğunluqları vardır.
Həyat hadisələrinin bədii inikasını verən sənətkarların yaradıcılıq üslubları nə qədər fərqli olsa da, onların həyata baxışlarında, dünyagörüşlərində, sənətə estetik münasibətlərində, təsvir üsullarında bir ümumilik nəzərə çarpır ki, buna ədəbiyyatşünaslıqda bədii metod deyirlər. Estetikanın ən əsas kateqoriyalarından olan ədəbi metodu sosial mühit, sənətkarın dünyagörüşü və onun yaradıcılıq üslubu müəyyənləşdirir. Ədəbiyyatşünas Qulyayev sənətkarın dünyagörüşünü bədii metodun özəyi adlandırır. Ona görə ki, dünyagörüşü yazıçını lazım bildiyi məsələni ön plana gətirməyə sövq edir.
Yaşar Qarayev hər bir ədəbi metodu və cərəyanı optimal həqiqətə doğru vahid, fasiləsiz axtarışlar yolunda növbəti təşəbbüs hesab edir.
Ədəbi metodlar göydəndüşmə deyildir. Onlar zaman-zaman ədəbi proses zəminində formalaşıb. Mövzu özünəməxsus bədii inikas metodu tələb etdiyindən, sənətkarlar sövq-təbii ilə həyat hadisələrini bu və ya digər şəkildə canlandırmağa çalışıblar. Məsələn, biz Nizamini, Füzulini və başqalarını romantik, yaxud realist şairlər hesab etsək belə, əslində onlar nə romantik, nə də realist metodun nədən ibarət olduğunu bilməmiş, bu ədəbi metoların estetik prinsipləri haqqında heç bir məlumata malik olmamışlar. Böyük sənətkarlar heç zaman hər hansı bir hazır nəzəri konsepsiya ilə, ülgü və reseptlə əsər yazmamışlar. Yaradıcılıq prosesində hansı üsul daha münasib görünmüşsə, sövq-təbü ilə həmin qaydadan da istifadə etmişlər. Onların yaradıcılıq təcrübəsi nəzəri problemlərin, konsepsiyanın hazırlanması üçün tikinti materialı olmuşdur.
Sənətkarlar həyat hadisələrini əsasən ya romantik, ya da realist cizgilərlə əks etdirirlər. Bu metodların hər ikisi eyni mənbədən qidalandığı, həyat hadisələrini, insanların arzu və düşüncələrini əks etdirdiyi üçün onların arasında inikas metodları fərqlənsə belə, bir ümumilik, ortaq cəhət vardır. Realist əsərlərdə romantik, romantik əsərlərdə realist ünsürlərin olması göstərir ki, bu ədəbi metodların arasında Çin səddi çəkməyə ehtiyac yoxdur.
  Həm romantik, həm də realist əsərlərin əsas qəhrəmanı insandır. Hadisələrin hərəkətverici qüvvəsi olan insan xarakterini isə romantikasız təsəvvür etmək mümkün deyildir. Nə qədər real həyat adamı, iş adamı olsa belə, onun da xəyallara dalması, şirin arzulardan zövq alması təbii bir prosesdir. Deməli, insanın xarakaterində realist və romantik ünsürlər qovuşuq şəkildədir. İş görərkən, hər hansı bir həyati problemi həll edərkən realist olan insan sevərkən, arzulara, xəyallara dalarkən romantikdir. Bu ikilik insan xarakterinin qoşa qanadıdır. Lakin elə insanlar var ki, onların xarakterində romantik, elələri də var ki, realist cəhətlər üstünlük təşkil edir. Bədii əsərlərdə də belədir. Romantik psixoloji iqlimi güclü olan əsərləri romantik, real cizgiləri ön planda olan əsərləri isə realist əsərlər adlandırırlar.
Romantik əsərlərdə həyat hadisələrini təsvir edən sənətkarın subyektiv mülahizələri real həyat hadisələrinə bir romantik don geyindirir. Bütün bədii əsərlərdə realizmin mənbəyi həyatdırsa, romantizmin mənbəyi sənətkar təxəyyülüdür. Daha doğrusu, romantik əsərlərdə subyektiv mülahizələr daha qabarıq şəkildə olur.
Bir şeyi mütləq xatırlatmaq lazımdır ki, hər bir sənətkar öz dövrünün övladıdır. Elə buna görə də onun əks etdirdiyi hadisələrə münasibətində mənsub olduğu cəmiyyətin mövqeyində dayanması da mütləq nəzərə alınmalıdır.
Romantik əsərlərdə realist təsvirlərə, realist əsərlərdə isə romantik pafosa rast gəlmək o qədər də problem deyildir. Bəzən elə əsərlərə rast gəlirik ki, onun hansı ədəbi metodda yazıldığını müəyyənləşdirmək də çətin olur.
İstər romantik, istərsə də realist əsərin yaradıcısı insan olduğu üçün onun hadisələrə subyektiv münasibəti şəksizdir. Lakin romantik əsərlərdə realist əsərlərə nisbətən subyektivizm özünü daha qabarıq şəkildə göstərir. Həyata romantik baxış da əslində obyektiv reallıqdan doğur.
Real həyatda gözəllik, rahatlıq, haqq-ədalət görməyən şairlərin xəyallara dalıb romantik, gözəl lövhələr yaratmaları, bununla mənəvi rahatlıq, təskinlik tapmaları təbii idi. Həqiqi həyatda dərdinə dərman tapmayan Məhəmməd Füzulinin kimə üz tutursa, onun özündən betər dərdə mübtəla olduğunu görərkən xəyali bir sevgi dünyası təsvir etməkdən başqa çarəsi qalmır.
"Leyli və Məcnun" nə qədər romantik boyalarla təsvir edilsə də, əslində qəhrəmanların əksəriyyətinin bədii portretində, onların xarakterində, hərəkət və düşüncələrində real cizgilər vardır. Məcnunu romantikaya qapılmağa məcbur edən əslində onun sevgisini başa düşməyən, öz zəmanələrinin övladı olan real təfəkkürlü insanlar idi.
"Salam verdim, rüşvət deyildi deyə almadılar" qənaətinə gələn şairə necə deyəsən ki, o romantikdir, real düşünməyi bacarmır?
Abbas Səhhətin "Şair, şəhərli və şeir pərisi" şeirinin lirik qəhrəmanı göy ilə yer arasında qalıb. Şeir pərisi şairi göyə, şəhərli isə yerə səsləyir. "Göylərdə hər şey gözəl, ancaq xəyali, yerlərdə isə hər şey eybəcər, ancaq realdır. Vicdanı şairə çox həqiqətlər təlqin etsə də, onları söyləməyə imkan vermirlər, ağzını yumruqla qapayırlar. Elə buna görə də o, etiraf edir:
                                    Doğru söz söylədiyim halidə məsul oluram,                                                                                                            Çarəsiz nəğmə, qəzəl yazmağa məşğul oluram.
Bütün bu ümumiliklərinə baxmayaraq, romantik metodla realist metodun özünəməxsus fərqli cəhətləri də vardır. Romantik metodda sənətkarın subyektiv mövqeyi aparıcıdırsa, o daha çox ürəyinin səsinə qulaq asırsa, realist metodda yazıçı həyatdakı ictimai proseslərin inkişaf məntiqinə əsaslanmalıdır.V. Jukovski romantik metodun əsas əlamətini yazıçının həyata öz ürəyinin prizmasından baxmasında, Hegel "könül aləminin xarici aləm üzərində zəfər çalmasında" görürdü. Belinski isə romantizmin mahiyyətini xarici formanın özbaşına təsadüflərində yox, onun ideyasında axtarırdı.Romantik əsərlərin əsas drijoru müəllif təxəyyülüdürsə, realist əsərdə sosial inkişaf qanunauyğunluqlarının, hadisələrin təbii axarının olduğu kimi təsviri xarakterikdir. Romantik yazıçı həyatı görmək istədiyi, realist yazıçı isə olduğu kimi göstərməyə çalışır. Hər iki halda yazıçının bədii təsvir məharəti zəruridir. Ədəbiyyatşünas Əziz Mirəhmədov çox doğru qənaətə gəlir ki, romantik hərəkatın bütün iştirakçıları üçün başlıca xüsusiyyət real varlıqla barışmazlıq və romantik idealını ona qarşı qoymaqdır. Lakin bu, "realistlərin real həyatla barışmaları" qənaətinin təsdiqi deyildir. Əslində realistlər də - Mirzə Ələkbər Sabir də, Cəlil Məmmədquluzadə də romantiklər kimi real həyatla barışmırdılar. Lakin onlar öz romantik qələm dostları kimi həyatı görmək istədikləri kimi yox, məhz bütün eybəcərlikləri ilə təsvir edirdilər. Romantiklərlə realistlərin həyatı gözəl görmək arzuları üst-üstə düşsə də, onların bu istəklərini reallaşdırmaq metodları bir-birindən fərqlənirdi. Romantiklər həyatı arzu etdikləri şəkildə göstərməyə çalışırdılarsa, realistlər onun bütün yaramazlıqlarını bədii təsvir mərkəzinə çəkməklə insanlarda bu cəmiyyətə nifrət oyatmağa çalışırlar. Mübarizə üsulları fərqlənsə də, məqsəd, amal eyni idi. XX əsr Azərbaycan ədəbiyyatında həm romantik, həm də realist metodların eyni zamanda fəaliyyəti də qanunauyğun hal idi.
Romantik metod üçün bədii təsvir və ifadə vasitələrindən, xüsusilə mübaliğələrdən istifadə ilə ülvi, əlçatmaz bir xəyal dünyasının bədii əksi əsasdır. Bütün bunlara nail olmaq üçün isə yazıçı real həyat lövhələrindən çox şərti hadisələrin təsvirinə üstünlük verir. Məsələn, Füzuli Leylisinin şam ilə, pərvanə ilə, ay ilə, səhər yeli ilə, buludla, dəvə ilə söhbəti sənətdə şərtiliyin gözəl nümunələri hesab oluna bilər.
Görkəmli ədəbiyyatşünas Məmməd Cəfər romantizm haqqında yazılan bütün məqalələrə və romantik ədəbi üslublu bədii əsərlərə istinadən, romantizmin Azərbaycan ədəbiyyatında inkişaf yolunu izləmiş, onun nəzəri-estetik prinsiplərini, ideya xüsusiyyətlərinin geniş, əhatəli şərhini vermiş, sanballı bir elmi monoqrafiya yaratmışdır. Bu tədqiqatdan aydın olur ki, romantiklər ədəbiyyata əyləncə kimi yox, mübarizə vasitəsi kimi baxmışlar. Məhəbbət lirikasından az istifadə edən romantiklər üçün ən aparıcı mövzunun vətən, millət sevgisi olması təsadüfı deyildi. Vətənpərvərlik, humanizm, gələcəkçilik - utopiya romantizmin başlıca ədəbi istiqamətini müəyyənləşdirən amillər idi.
Realist metod həyatı olduğu kimi, yəni real təsvir etmək prinsipinə əsaslanır. Lakin realizm hər şeyin necə var elə təsvirindən ibarət deyildir. Bu cür təsvirlər, müəllif qayəsinin ifadəsinə xidmət etməyən naturalist səhnələr heç də realist metodun prinsiplərinə uyğun gəlmir. Realist yazıçı baş verən bütün hadisələri yox, xarakterik, əsərin ideyasının, müəllifin ədəbi məramının açılmasına zəmin yaradan hadisələri seçib əks etdirməlidir.
F. Engels realizmə belə bir tərif verir: "Realizm bütün detalları düzgün göstərməklə bərabər, tipik şəraitdə tipik xarakterlər yaratmağa deyilir."
Deməli, yazıçının hadisələri olduğu kimi təsvir etməsi ilə yanaşı, tipik şəraitdə tipik xarakterlər yaratması realist metodun başlıca tələbidir.
Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində məhz bir müctəhidin "ölü diriltməsi" xəbərinə avam dindarların inanması müəllifın tipik şəraitdə tipik xarakterlər yaratmasına zəmin yaratmışdır.
İlk folklor nümunələrindən, klassiklərimizin əsərlərindən tutmuş bu günümüzədək realizm bu və ya digər şəkildə təzahür etmiş, həyat həqiqəti bədii həqiqət səviyyəsinə qaldırılmışdır. Bəzi sənət əsərlərində realist təsvirlər tərbiyəedici, bəzilərində isə tənqidi xarakter daşımışdır. Nəzəriyyə kitablarında realist metod keçdiyi inkişaf yoluna uyğun şəkildə dörd yerə ayrılmışdır:
1)Humanist realizm erkən realizmdir. Bu reaiizmə intibah dövründə yaranan dünya ədəbiyyatı nümunələrini, Azərbaycan ədəbiyyatında isə XVIII əsrə qədər yaşayan klassiklərimizin əsərlərini misal göstərə bilərik.
2)Maarifçi realizm isə bütün dünyada maarifçilik ideyalarının baş qaldırdığı bir dövrdə yaranan realizmdir. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatı ilə bağlı fəaliyyətə başlayan bu realizm M. F. Axundovun yaradıcılığı ilə kamala çatır.
3)Tənqidi realizm isə XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranmış və inkişaf etmişdir. Ədəbiyyatımızda bu realizmin ən görkəmli nümayəndələri C.Məmmədquluzadə və M. Ə. Sabirdir.
4)Sosialist realizmi adlanan yaradıcılıq metodu isə sovet dövründə yaranan əsərlərə istinadən, sosialist ideologiyası prinsiplərinə əsasən formalaşdırılan bir yaradıcılıq metodu idi. Sosialist realizmi yaradıcılıq metodunun tərkib hissəsi kimi inqilabi romantika ideyası da irəli sürülürdü.
Tarix boyu bir-birini əvəz edən bu realizm tipləri edəbiyyatımızın inkişaf istiqamətinə əhəmiyyətli dərəcədə təsir göstərən bədii metod funksiyasını yerinə yetirmişdir.
Bütün dünya ədəbiyyatının qabaqcıl təcrübəsi əsasında ədəbiyyatın yeni mərhələdə inkişafı ədəbi metodlardan qarşılıqlı əlaqə zəminində bəhrələnməyin zəruriyyətini, onun faydalılıq əmsalının daha böyüklüyünü aydın şəkildə göstərməkdədir. Sənət əsərləri hər hansı ülgülər, reseptlərlə deyil, dövrün tələbi, yazıçı istedadının, onun dünyagörüşünün imkanları əsasında yaradılmalıdır. Realistik və romantik üslubun görkəmli nümayəndələri əsər yazarkən hər hansı bir ədəbi konsepsiyanı həyata keçirmək yox, öz fıkir və düşüncələrini daha inandırıcı, təsirli şəkildə ifadə etmək haqqında düşünmüşlər.
Üslub (stil) sözünün lüğəvi mənası üsul, tərz deməkdir. Ancaq ədəbiyyatşünaslıqda və incəsənətdə üslub, stil daha geniş anlayışı ifadə edir. Üslub müxtəlif sənət adamlarının yaradıcılığında özünü göstərən fərdi, fərqləndirici sənətkarlıq komponentlərinin vəhdəti nəticəsində əmələ gəlir.
Dilçilik baxımından qruplaşdırılan hər bir üslubun - rəsmi-əməli, elmi, publisistik, bədii üslubun özünəməxsus xüsusiyyətləri vardır. Bütün yazıçılar öz əsərlərini bədii üslubda yazırlar. Bədii üsluba məxsus bütün keyfiyyətləri onların yaradıcılıq nümunələrində asanlıqla müşahidə etmək mümkündür. Ancaq bütün bunlara baxmayaraq, hər bir sənətkarın da özünəməxsus fərdi üslubu vardır. Bu baxımdan bədii üslubun daxili strukturu zəngin, rəngarəngdir.
Geniş mənada üslub bədii metod anlayışına yaxındır, bəzən eyniyyət təşkil edir. Nəzəriyyə kitablarında romantik üslub, realist üslub sözlərinin işlədilməsi də bu deyilənləri təsdiq edir. Müxtəlif ədəbi cərəyanları, ədəbi məktəbləri təmsil edən sənətkarların üslubu arasında da bir yaxınlıq olur. Ancaq bütün bu ümumi cəhətlərə baxmayaraq, hər bir sənətkarın özünəməxsus yazı manerası, fikrini ifadə etmə üsulu vardır. Özü də bu üsul əvvəlcədən hazırlanıb, bədii əsər yazarkən tətbiq olunmur, yaradıcılıq prosesi zamanı yavaş-yavaş özünü göstərir, formalaşıb sistem halını alır.
Bütün sənətkarların özünəməxsus fərdi üslubunun olmasını nəzərdə tutan Qabrecl Qarsia Markesin fıkrincə, hər bir yazıçı bütün ömrü boyu yalnız bircə kitab yazır.
"Üslub - bu, hər şeydən əvvəl, insandır" qənaəti də elə belə yaranmayıb. İnsan sosial varlıq olsa da, fərdi keyfiyyətlərsiz o, şəxsiyyət kimi formalaşa bilməz. Unutmaq lazım deyil ki, hər bir insan özlüyündə fərddir, sənətkar da insandır. Onun üslubunun bənzərsizliyini təmin edən də məhz bu amillərdir. Ancaq bütün bu deyilənlər ədəbi mühitin sənətkar üslubunun formalaşmasında təsirini istisna etmir.
Eyni ədəbi metodla əsərlər yazan, eyni mühitdə yaşayan, eyni əqidəli sənətkarlar belə bir-birinə bənzəmir. Yaradıcılığa bu bənzərsizliyi verən isə sənətkarların fərdi yaradıcılıq üslubudur. Məsələn, A. Puşkin,  L.Tolstoy, C. Məmmədquluzadə, M. Ə. Sabir tənqidi realizmin nümayəndələri olsalar da, onların heç birinin fərdi yaradıcılıq üslubu bir-birinə bənzəmir.
Bədii əsərdə adi bədii təsvir vasitələrindən, detaldan, ştrixdən tutmuş kompozisiyaya qədər bütün elementlərin vəhdəti sənətkarın üslubunu formalaşdırır. Yazıçılar eyni konkret mövzuda, hətta eyni süjet əsasında əsərlər yazsalar belə, onların üslub fərdiyyəti asanlıqla bir-birindən seçilir. Qələm sahiblərinin üslub fərdiyyəti özünü eyni ilə onların digər əsərlərində də göstərir. Elə buna görə də fərdi üslub sənətkarın bir əsərini digər əsərləri ilə müqayisəli şəkildə araşdırmağa imkan verir.
Mövzu sənətkarın bədii üslubunu müəyyənləşdirməkdə aparıcı rol oynamasa da, gərəksiz, əhəmiyyətsiz də deyildir. Ona görə ki, hər yazıçının özünəməxsus sevimli mövzuları olur. Biri təbiətdən, biri ziyalıların, digəri fəhlələrin, sadə peşə adamlarının, biri gənclərin, digəri uşaqların həyatından, biri kənddən, digəri şəhərdən yazmağı xoşlayır.
Bədii üslubun da ümumi və fərdi cəhətiəri olur. Tutalım, romantik üslubda yazan sənətkarları həyata romantik baxış birləşdirirsə, onların fərdi qabiliyyətləri - süjet, xarakter yaratmaq ustalığı, bədii təsvir vasitələrindən hansı şəkildə istifadə etmək bacarığı əhəmiyyətli dərəcədə bir-birindən seçildiyi kimi, orijinal sənətkarların fərdi üslubu da bənzərsizdır. Eyni ədəbi cərəyana, ədəbi məktəbə mənsub yazıçıların müxtəlif fərdi üslubda əsərlər yazmaları da qanunauyğun haldır. Bunun da əsl səbəbini fərdi üslubda axtarmaq lazım gəlir.
Sənətkarlar müxtəlif ədəbi metodlardan istifadə etsələr də, müxtəlif dövrdə yaşasalar da, bəzən elələri olur ki, yazı manerası, üslub etibarilə bir-birinə yaxın olurlar. Məsələn, Puşkinlə S. Vurğunun, Qoqolla C. Məmmədquluzadənin, V. Mayakovski və N. Hikmətlə R. Rzanın yaradıcılıq üslubları arasında bir yaxınlıq, oxşarlıq vardır.
Bədii metod sənətkarlan bir-birinə yaxınlaşdırırsa, fərdi üslub onları əhəmiyyətli dərəcədə ayırır, fərqləndirir. Sənətkarların fərdi yaradıcılq üslubları heç də bədii metoddan az əhəmiyyət kəsb etmir. Yazıçının, şairin, dramaturqun müntəzəm, sistemli şəkildə bu və ya digər əsərlərində istifadə etdiyi bütün bədii təsvir üsullarının, forma elementlərinin vəhdəti onun bədii üslubunu yaradır. Biz müəllifi məhz onun fərdi üslubu vasitəsi ilə tanıya bilirik.
                                                        * * *  

4 yorum: