13 Ocak 2016 Çarşamba

DRAMATİK NÖV VƏ ONUN JANRLARI

Öz mənbəyini xalq dramlarından götürən bu ədəbi növ zaman keçdikcə yeni-yeni bədii formalarda özünü göstərməyə başlamışdır. Dram əsərləri hətta antik dövr ədəbiyyatının ən aparıcı janrı olmuşdur. Homerin əsərlərində özünü göstərən dramatik ünsürlər ondan sonra yazıb yaradan sənət adamlarının əsərlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Esxil, Sofokl və Evripidin faciələri, Aristofanın komediyaları bu janrın nəzəri prinsiplərinin hazırlanmasına da zəmin yaratdı. Aristotel yazırdı: "Faciə və komediya meydana gələndə poeziyanın bu və ya digər növünə təbii meyli olanlar yambla əsərlər yazmadılar, komik yazıçılar oldular, epik əsərlər yazanların əvəzində isə - faciə yazanlar yetişdi, çünki poetik əsərlərin bu axırıncı formaları əvvəlincilərə görə daha mənalıdır və daha çox hörmətə malikdir."
Esxil səhnə əsərlərində aktyorların sayını birdən ikiyə, Sofokl isə daha irəli gedərək üç aktyordan və dekorasiyadan istifadə etmişdir. Zaman keçdikcə dramaturqlar sələflərinin ədəbi irsinə yaradıcı yanaşmış, həm iştirakçıların sayını artırmış, həm də səhnə mizanını əhəmiyyətli dərəcədə dəyişmişlər.
Klassiklərimizin epik vüsətli əsərlərinin mərkəzində dramatik ünsürlər çox güclü olmuşdur. Məsələn, Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovla Fərhadın deyişməsi səhnəsində güclü bir dramatizm vardır.
Dramatik növ öz adını "dram" sözündən götürmüşdür. Doğrudan da, dram əsərlərini hərəkətsiz, dinamikasız təsəvvür etmək mümkün deyildir. Konflikt və onun müxtəlif qütblərini təmsil edən qəhrəmanların mübarizəsi, çarpışması bütün dramatik əsərlərin özəyini təşkil edir.
Dram əsərləri əsasən səhnədə tamaşaya qoyulmaq üçün yazıldığından, o, digər ədəbi növlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Dram əsərlərində müəllif epik-lirik təsvirlərdən, hadisələr, obrazlar haqqında mühakimə yürütmək imkanlarından məhrumdur. Müəllif öz fikrini, ideyasını obrazların nitqi vasitəsi ilə verir. Bu tipli əsərlərdə obrazların nitqi özünü iki şəkildə göstərir: monoloq, dialoq. Monoloq qəhrəmanın özünün özü ilə, dialoq isə digər iştirakçılarla danışmasına deyilir. Qəhrəmanlar müxtəlif səviyyəli olduqlarından, onlarm nitqi də bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Hamı eyni səviyyədə danışsa, dram əsərlərində bir monotonluq yaranar, əsər tamaşaçıya lazımi  səviyyədə  təsir  göstərə  bilməz.  
Dram əsərlərində müəllifin nitqi yalnız remarkalarla məhdudlaşır. Remarka hadisələrin harada, necə baş verməsi, zaman və məkan haqqında müəllifın verdiyi məlumatlardır. Adətən remarkalar mötərizə içərisində verilir. Ona görə ki, əslində tamaşaçıya yox, əsəri tamaşaya qoyana ünvanlanır. Müəllif elə bil ki, rejissora göstəriş verir, yol göstərir. Surətlərin davranışı, xasiyyəti, zahiri görkəmi, geyimi və s. haqqında remarkalar vasitəsi ilə məlumat verir.
Dram əsərləri tamaşa üçün yarandığından, sənətkar müəyyən sərt səhnə qaydaları çərçivəsindən kənara çıxa bilmir. Qoqolun sözləri iiə desək, dram səhnəsiz bədənsiz canı xatırladır. Qorki isə yazırdı: "Pyes - dram, komediya ədəbiyyatın ən çətin şəklidir. Çətindir ona görə ki, pyesdə hər bir iştirak edən şəxs müəllifin diktəsi olmadan həm söz, həm də işlə özünü xarakterizə etməlidir."
Bütün bunlar həqiqətdir. Ancaq o da mütləq nəzərə alınmalıdır ki, obrazlara dil verən elə müəllifin özüdür. Müəllif iştirakçıların arasında olmasa da, "tamaşaçıların nəbzi onun barmaqlarının altında döyünməlidir". (C. Cabbarlı).
Belinskinin dramı sintetik janr hesab etməsi də təsadüfi deyildi. Çünki dramda lirik, epik, dramatik ünsürlərin özünəməxsus şəkildə vəhdəti nəzərə çarpmaqdadır. Bundan başqa, dram səhnə üçün yazıldığından, müəllifdən, rejissordan tutmuş epizodik obrazda iştirak edən aktyorlaradək hamının bu əsərdə, tamaşada özünəməxsus payı və xidməti vardır. Hətta musiqinin, dekorasiyaların da özünəməxsus funksiyası və rolu danılmazdır.  Ədəbiyyatşünas L. İ. Timofeyev dram əsərlərinin ilk nəzərdə müəllifin nitqi olmayan epik əsərlərə bənzədiyini söyləyir. Bu da təsadüfi deyildir. Dram əsərlərində obrazların nitqi hər hansı bir süjeti ətə-qana gətirir, tamaşaçıların nəzərində müəyyən həyat lövhələri canlanr. Səhnə əsərlərində həyatın ziddiyyətli özünəməxsus bir şəkildə təzahür edir.
Dram əsərlərində real həyati ziddiyyətlər bədii konfliktə çevrilib, həm hadisələrin dinamik inkişafını, həm də obrazlarının xarakterinin açılmasını təmin edir. Dram əsərlərinin bədii konflikti daha kəskin şəkildə təzahür edir. Məhz bunun nəticəsində epik, lirik obraza nisbətən, dramatik obrazın daxili dünyası daha tez nəzərə çarpır, onun xarakteri daha qabarıq şəkildə görünür. Çünki lirik, epik obraza nisbətən dramatik obraz daha fəaldır, çılğındır. Bu da təsadüfi deyildir, çünki dramatik səhnələr dramatik obrazın bütün daxili qüvvəsinin müəyyən situasiyalarda daha əzəmi şəkildə səfərbər olmasını tələb edir. Dramatik əsərlərin mövzusu, məzmunu da digər ədəbi növlərin mövzu və məzmunundan seçilir. Dramatik əsərin süjeti kəskin bədii konfiiktlər üzərində qurulmalıdır. Çünki konflikt dram əsərlərinin başlıca hərəkətverici qüvvəsi olmalıdır. Əks təqdirdə əsərin dinamizmi azalar, obrazların qarşılaşdıqları səhnələr adi məişət söhbətlərindən uzağa gedə bilməz.
Dramatik növün üç əsas janrı vardır: tragediya, komediya, dram.
Tragediya. Tragediya sözü yunanca "traqos" - keçi, "ode" -nəğmə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qədim yunanlar allahlara sitayiş səhnələri təsvir etmiş, onların şərəfinə keçi qurban kəsmiş, qan tökmüşlər. Tragediya qəhrəmanının sonda mütləq ölməsi də, bu mifoloji dünyagörüşü ilə əlaqədardır. Əslində tragediya qəhrmanları öz işıqlı arzuları, idealları uğrunda qurban gedirlər.
Tragediya termini əvəzində bəzən faciə sözü işlədilir. Bu da təsadüfı deyildir. Faci sözü də məzmun etibarilə kədərli, acınacaqlı hadisə anlamına gəlir. Bu tipli dram əsərlərinin qəhrəmanlarının cismani məhvi, doğrudan da, əsl faciədir. Şərlə Xeyirin əbədi-əzəli mübarizəsində Xeyirin çox zaman özündən qat-qat güclü Şərə məğlub olması tragediya, faciə olsa da, bu hadisə Xeyirin Şərə qarşı daha amansız mübarizəsinin təkanverici qüvvəsinə çevrilir.
Qəhrəmanın işıqlı arzuları ilə bu arzuların həyata keçməsinə, reallaşmasına imkan verməyən sosial mühit, zəmanə arasındakı antaqonist ziddiyyət faciə əsərlərinin başlıca hərəkətverici qüvvəsi, tragediyanın, faciənin başlıca yaranma mənbəyidir. Faciə qəhrəmanı nə qədər qüdrətli olsa da, onun idealını, diləklərini ikrahla, düşmənçiliklə qarşılayan sosial mühiti təmsil edən qüvvələrlə mübarizədə nəinki məğlub, hətta məhv olur. Lakin tragik qəhrəman cismani məhvi ilə insanların ürəyində mürgüləyən işıqlı idealları oyadır. Birinin məhvi neçə-neçə yeni faciə qəhrəmanlarının doğulmasına şərait yaradır. Məsələn, "Müsibəti-Fəxrəddin" faciəsinin qəhrəmanı Fəxrəddini cismən məhv etsələr də, zaman keçdikcə onun tərəfdarları çoxalmış, nakam arzuları həyata keçmiş, tayfalar arasındakı qan davası sona yetmiş, cəhalət iflic olmuş, məktəblər, xəstəxanalar açılmışdır.
Tragediyalarda-faciələrdə bədii konflikt bir-birinə daban-dabana zidd olan müxtəlif əqidəli insanların ölüm-dirim mübarizəsi əsasında qurulduğundan, bu tipli əsərlərdə hadisələr son dərəcə gərgin, dinamikdir.
Esxil, Sofokl və Evripidin əsərləri ədəbiyyat tarixində tragediyanın ilk gözəl nümunələridir. Bəşəriyyətin inkişafının sonrakı mərhələlərində yaranan tragediyalar insanlığın haqq, ədalət uğrunda apardığı barışmaz, qanlarla yoğrulmuş mübarizəsinin bədii əksidir. Şekspirin, Şillerin faciə əsərləri indi də öz bədii dəyərini itirməmiş, insanları əsrlər boyu haqq-ədalət uğrunda mübarizəyə səfərbər etmiş və etməkdədir.
Azərbaycan ədəbiyyatında faciə janrənın ilk nümunəsini Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (1896) faciəsidir. Sonra ədəbiyyatımızda bu janra maraq güclənmiş, Ə. Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadir şah" faciəsi yaranmışdır. Tarixi şəxsiyyətlərin faciəsini əks etdirən əsərlər öz ibrətamiz məzmunu ilə tamaşaçılara daha dərindən təsir göstərınişdir.
H. Cavidin romantik tragediyaları, C. Cabbarlının "Od gəlini", S. S. Axundovun "Eşq və intiqam" əsərləri bu janrın Azərbaycan ədəbiyyatında təsadüfi olmadığını göstərən gözəl ədəbi nümunələrə çevrilmişdir.
Ədəbiyyatşünas N. A. Qulyayev çox doğru qənaətə gəlir ki, tragedik konflikt şəxsiyyətin subyektiv istəkləri ilə cəmiyyətin obyektiv həyatı arasında cərəyan edir. Subyektiv istəklər obyektiv reallığı dəyişmək imkanında deyil, elə buna görə də onun reallaşmasına cəmiyyətdə heç bir zəmin yoxdur. Obyektiv reallığa qarşı üsyan eden subyektin məhvi qanunauyğun haldır.
Faciə əsərlərinin əks etdirdiyi mühit, zaman ayrı olduğu üçün bu tipli əsərlərin bədii konflikti ayrı-ayrı formalarda təzahür edir və estetik idealın daşıyıcısı olan qəhrəmanın ölümü ilə bədii həllini tapır. Faciə əsərində baş qəhrəmanın ölümü vacibdir. Ancaq hər personajın ölümünü faciə hesab etmək olmaz. Tragik qəhrəman hər hansı bir estetik idealın daşıyıcısı olmalıdır. Məsələn, "Müsibəti-Fəxrəddin" əsərində Rəşidin, Heydərin, Rüstəm bəyin, Mahmudun ölümü faciənin tərkib hissəsi olsa da, əsl faciə müəllif idealının daşıyıcısı olan Fəxrəddinin ölümü nəticəsində yaranır.
Komediya. Dramatik əsərlərin ən geniş yayılmış növlərindən biri də komediyadır. Komediyanın tarixi də faciənin tarixi qədər qədimdir və xalqın mifoloji təfəkkürünün nəticəsidir. Komediya da yunan sözüdür. "Komos" - şən kütlə, "ode" nəğmə deməkdir. Allahların şərəfinə ziyafət verən şən kütlə mahnılar oxumuş, tamaşaçıları güldürmiiş, əyləndirmişdir.
Komediyanın mərkəzində mütləq komik, gülüş doğuran hadisə olmalıdır. Satirik, yumoristik gülüş komediyanın cövhəri, mayasıdır. Hətta satirik gülüş, yumor prizmasından baxan sənətkar cəmiyyətdəki yaramazlıqlara gülməklə ictimai bəlaları, insanların xarakterindəki naqis cəhətləri islah etməyə çalışır. Satirik gülüşün təsiri olduqca böyükdür. M. F. Axundov təsadüfi yazmırdı ki, Avropa fılosoflarının təcrübələri və bir çox inkaredilməz heyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa pis və yaramaz əməlləri insan təbiətində heç bir vasitə ilə məhv etmək olmaz.
Qədim yunan komediyalarına istinadən komediya haqqında ilk nəzəri fıkirlər söyləyən Aristotelin fıkirləri də maraqlıdır: "Komediya, dediyimiz kimi, pis adamların əks etdirilməsidir, amma bunu da tam qəbahət mənasında yox, o mənada başa düşmək lazımdır ki, gülməli özü də eybəcərliyin bir hissəsidir; gülməli - heç kimə iztirab və zərər verməyən hər hansı bir müəyyən səhv və çirkinlikdir; misal üçün uzağa getmək lazım deyil, elə komik maska özü bir növ eybəcər və çirkinlikdir." (Aristotel)
Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, komediya cəmiyyətdəki yaramazlıqları tənqid hədəfinə çevirən, bədii gülüş vasitəsi ilə eybəcərlikləri, mənəvi-əxlaqi yaramazlıqları islah etməyə çalışan dramatik əsərdir. Antik dövrdən başlamış bu günümüzədək komediya bir ədəbi janr kimi ən aparıcı yerlərdən birini tutmuş, ona maraq gündən-günə artmışdır. Aristofanın, Lope de Veqanın, Molyerin, Qoqolun, Axundovun, Bernard Şounun, Cəlil Məmmədquluzadənin və başqalarının komediyaları heç vaxt öz bədii dəyərini itirməyən sənət inciləridir.
Bütün ədəbi janrlarda uğur qazanan Azərbaycan ədəbiyyatı komediya sahəsində də öncül yerlərdən birini tutur. 1850-55-ci illər arasında altı komediya yazan Mirzə Fətəli Axundov ədəbiyyatımızın yeni istiqamətdə inkişafına qüvvətli təsir göstərmişdir. Görkəmli mütəfəkkir güldən, bülbüldən yazan qələm sahiblərinin diqqətini xalqımızın həyatının ürək göynədən mənzərələrinə yönəltmişdir.  Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu", "Ölülər", "Anamın kitabı", "Danabaş kəndinin məktəbi" və "Dəli yığıncağı" komediyaları Azərbaycan ədəbiyyatında bu janrın yeni perspektivlərindən xəbər verirdi
 Şair və yazıçılarımızdan Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Şıxəli Qurbanovun, Məcid Şamxalovun, komediyaları Azərbaycan səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Ancaq Sabit Rəhman komediya janrı sahəsində sistematik fəaliyyət göstərən bir komediyanəvis kimi daha çox şöhrət qazanmışdır. Onun "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Yalan", "Aydınlıq" və s. komediyalarında satirik, yumoristik gülüş son dərəcə güclüdür.
Ədəbiyyatşünas T. Mütəllibov çox doğru qənaətə gəlir ki, komediyada gülüş çox müxtəlif və rəngarəng ola bilər. Burada yüngül, zarafatyana gülüşdən başlayaraq, çoxmənalı kinayə, kədərli qəhqəhələrə, qəzəbli sarkazma qədər tənqidi gülüşün müxtəlif formalarına rast gəlmək mümkündür.
Dram. Komedik, yaxud tragik konfliktlər üzərində qurulmayan səhnə əsərləri dramdır. Dram bir növ komediya ilə tragediyanın ortaq məxrəcidir. Çünki komediya da, tragediya da dram əsərlərinin bir-birindən keyfıyyətcə, məzmunca fərqli növüdür. Komediya və tragediya müəyyən mənada dramın qoşa qanadlarını xatırladır.
Ədəbiyyatşünaslıqda bir ədəbi janr kimi dram o səhnə əsərlərinə deyilir ki, komediya ilə tragediyanın arasında dayansın, həm də bunun müəyyən ştrixlərini özündə cəmləşdirsin. Dram əsərlərində dram komik və faciəvi sonluqla bitməsə də, bu tipli əsərlərdə həm komik, həm də tragik ünsürlər ola bilər. Görünür Belinski məhz bu cəhətləri nəzərə alaraq aşağıdakı qənaətə gəlmişdir: "Tragediya ilə komediya arasında orta mövqe tutan bir çox dramatik əsərlər epik dramlardır."
Buradan aydın olur ki, dram əsərlərində epik məzmun ən aparıcı cəhətlərdəndir. Lakin bu heç də o demək deyildir ki, dram epik əsərdir. Dramda dramatik səhnələrin bir-birini izləməsi onun başlıca janr xüsusiyyətidir. Bütün dram əsərlərinin süjeti dramatik səhnələrlə doludur. Süjetin mərhələləri məhz dramatik səhnələr vasitəsi ilə bir-birini əvəz edir.
Ədəbiyyatşünaslıq kitablarında dramın bir janr kimi XVII əsrdə formalaşmasından söhbət açılır. Fransada, İngiltərədə, Almaniyada və Italıyada yaranan məişət mövzulu səhnə əsərləri, pyeslər "meşşanlıq dramı" adlandırılır.  D.Didronun "Ailə başçısı", "Qeyri-qanuni oğul", Q. Lessinqin "Miss Sara Sampson" əsərləri məişət dramlarına məxsus ən yaxşı cəhətləri özlərində cəmləyən bədii əsərlər kimi ədəbiyyat tarixinə düşmüşdür.
Azərbaycan ədəbiyyatında dram bir janr kimi komediya və faciəyə nisbətən sonralar formalaşsa da, "Azərbaycan dramaturgiyasında bu janrın komediya və faciəyə nisbətən zəif inkişaf etməsi" qənaəti ilə razılaşmaq olmaz. N. Vəzirovun, Ə. Haqverdiyevin, N. Nərimanovun, S. S. Axundovun dramları bu janrın ilk nümunələri kimi əhəmiyyətli ədəbi faktlardır. Cəfər Cabbarlının yaradıcılığını isə Azərbaycan dramının inkişafının yeni mərhələsi adlandırmaq olar. Onun qələmindən çıxan pyeslər indi də öz bədii dəyərini itirməyən, sənətkarhq məziyyətləri ilə bir ədəbi məktəb olan səhnə əsərləridir. M. İbrahimovun, M. Hüseynin, Ə. Məmmədxanlının dramlarında C. Cabbalı ənənələrinin yaradıcı şəkildə davamını və inkişafını görürük.
Azərbaycan dramının lirik-psixoloji səpkidə, yeni istiqamətdə inkişafı İlyas Əfəndiyevin adı ilə bağlıdır. "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" ədəbiyyat tariximizə lirik-psixoloji dramın gözəl nümunələri kimi daxil olmuşdur. Ədəbiyyatımızın gözəl mənzum dram ənənəsi də vardır. Cəlil Məmmədquluzadənin "Çay dəstigahı" əsəri istisna edilərsə, bu janrın ilk yaradıcısı Hüseyn Caviddir. Onun mənzum dramının qabaqcıl ənənələrindən yaradıcı şəkildə bəhrələnən S. Vurğunun "Vaqif”, "Xanlar", "Fərhad və Şirin", "İnsan" pyesləri, S. Rüstəmin "Qaçaq Nəbi" əsərləri ədəbiyyatımızda mənzum dramın gözəl nümunələri hesab oluna bilər. Bəxtiyar Vahabzadənin, Zeynal Xəlilin, Nəriman Həsənzadənin qələmindən çıxan mənzum dramlar da uğurla tamaşaya qoyulmuş, rəğbət qazanmışdır.
Mövzusuna görə dramları bəzən ailə-məişət dramları, tarixi dramlar, psixoloji dramlar və s. bu kimi adlar altında qruplaşdırmaq meyli də vardır. Əlbəttə, bunun özü ayrıca bir tədqiqatın mövzusudur.
İntermediya da səhnə üçün yazılan əsərdir. Ciddi, gərgin konfliktli tamaşaların nümayişi zamanı arada dinləyiciləri əyləndirmək, onların yorğunluğunu aradan götürmək məqsədilə göstərilən şən, əyləncəli, məzhəkəli kiçik pyeslər intermediya adlanır.
Dram əsərlərinin janrlarından sayılan vedovil, melodrama, fars Azərbaycan dramaturgiyası üçün xarakterik janr hesab oluna bilməz. Bu janrlarda bəzi nümunələr yaradılsa da, onlar bədii sənətkarlıq baxımından diqqəti o qədər də cəlb etməmiş, ədəbiyyatımızda hadisəyə çevrilməmişdir.
Vedovil - kiçik həcmli, şən və məzəli komik əsərdir. VMədətovun "Qırt-qırt", "Tamahkarlıq düşmən qazanır", "Gözə görünməyən şal", "Bacı və qardaş" əsərləri vedovil hesab olunur.
Məlumat üçün bildirək ki, bu janr XVIII əsrdə Fransada yaradılmışdır və "vedrovil" sözünün lüğəvi mənası Vandan axan Vir çayı deməkdir.
Fars da kiçik həcmli, məişət mövzusunda yazılan komediyadır. Molyer bu janrın maraqlı nümunələrini yaratmışdır.
Melodrama daha çox qəhrəmanların fərdi dünyalarını, hiss və həyəcanlarını əks etdirən səhnə əsəridir. Bu janr məzmununa görə faciəyə daha yaxındır. İlk nümunələri XVII əsrdə Fransada yaranıb. Ancaq vedovil, fars, melodrama ədəbiyyatımızda aparıcı janra çevrilə bilmədiyi üçün onların nəzəri problemləri də ədəbiyyatşünaslarımızın diqqətini cəlb etməmişdir.
Ədəbiyyatımızda dramaturgiyanın yeni istiqamətdə inkişafı operanın, baletin, kinonun yaranması ilə nəticələnmişdir. İftixarla deyə bilərik ki, indi bizim yüksək dünya standartlarına üyğun "Leyli və Məcnun", "Şah İsmayıl" kimi operalarımız, "İldırımlı yollarla", "Min bir gecə" kimi baletimiz, "O olmasm, bu olsun", "Arşın mal alan" kimi filmlərimiz vardır. Libretto opera və baletin, ssenari isə kino-fılmlərin dramaturji mətninə deyilir.

11 yorum: