14 Ocak 2016 Perşembe

MƏZMUN VƏ FORMA


 Bədii yaradıcılığın, eləcə də estetikanın ən mühüm, son dərəcə vacib problemlərindən biri də məzmun və formadır. Məzmun və forma haqqında istər fəlsəfədə, estetikada, istərsə də ədəbiyyatşünaslıqda və incəsənətdə irəli sürülən mülahizələr mahiyyətcə eyniyyət təşkil edir və bu fəlsəfi, nəzəri-estetik kateqoriyaların mahiyyətini açmağa, dərindən başa düşməyə kömək edir.
Həyatda nəinki bədii ədəbiyyat nümunələrinin, incəsənət əsərlərinin, hətta hər bir obyektin, predmetin belə məzmun və forması vardır. Məzmun və forma elə dialektik vəhdətdədir ki, forma məzmunsuz, məzmun isə formasız təsəvvürə gəlmir. Hər bir predmetin, eləcə də ədəbiyyat və incəsənət asərinin mahiyyəti  onun məzmunundadır. Forma məzmunu ifadə etmək vasitəsidir. Məzmun yalnız forma libasına bürünəndə gözə görünür, mövcud olur. Bir-birindən təcrid edilmiş şəkildə nə məzmun, nə də forma vardır.
Eyni parçadan şalvar da, kostyum da, köynək də, divan örtüyü də, palto da tikmək olar. Belədə parça yeni məzmun kəsb edir. Şərti mənada parçanı mövzuya bənzətmək olar. Parçadan tikilən müxtəlif paltarlar isə formaya düşəndə yeni məzmun kəsb edir. Eyni parçadan müxtəlif paltarlar tikmək olduğu kimi, eyni mövzuda da saysız-hesabsız, bir-birinə bənzəməyən məzmunlu və formalı əsərlər yaratmaq olar. Bədii yaradıcılıq da belədir. Tutaq ki, sənətkar lirik qəhrəmanın sevgilisi ilə görüşərkən keçirdiyi müəyyən həyəcanları əks etdirmək istəyir. Bu mövzu lirik səpkili əsərlər üçün daha müvafıqdir. Qəhrəmanın xarakterini açmaq, onun işini, mübarizəsini, yaşadığı sosial mühitin mənzərələrini yaratmaq üçün isə lirik, epik, yaxud dramatik janra müraciət etmək lazım gəlir.
Buradan belə nəticə çıxarmaq olar ki, sənətkar hər bir mövzuya uyğun bədii forma tapmalıdır. Belədə məzmun və formanın bir-birinə uyarlığı estetik mahiyyət kəsb edir.
Yaxud, başqa bir müqayisə aparaq. Qızıldan saat da düzəltmək olar, üzük də, medalyon da, saysız-hesabsız digər zinət əşyaları da. Qızıl müxtəlif formaya düşdükdə, onun məzmunu da dəyişir.                               Bədii yaradıcılıqda da təxminən belədir. Məsələn, sevgi mövzusunda neçə əsrlərdir ki, şeirlər yazılır. Ancaq müxtəlif zamanlarda yaşayan, müxtəlif ədəbi zövqlü, müxtəlif bədii üslublu sənətkariar tərəfindən yazılan bu əsərlər qətiyyən bir-birinə bənzəmir. Məhəbbəti qoşma ilə də ifadə etmək olar, gəraylı ilə də. Qəzəllə də ifadə etmək olar, müxəmməslə də və i. a.
Eyni naturadan müxtəlif üslublu rəssamların çəkdikləri əsərlər qətiyyən bir-birinə bənzəmir. Sənətkarın həyatdan götürdüyü mövzu müxtəlif formaya düşərək bədii məzmun kəsb edir. Yazıçı, şair, rəssam həyatdan götürdüyü mövzunu necə var elə əks etdirmir. Əgər belə olmasaydı, fotonun inkişafının bu vaxtında heç rəssama ehtiyac da qalmazdı. Həyat həqiqəti, hər hansı bir hadisə sənətkar təxəyyülündən süzülərək bədii məzmun və bədii forma kəsb edir.
Məzmun aparıcıdır, forma ona əsasən yaradılır.  Yenə də bir bənzətmə ilə fıkrimizi ifadə etməyə çalışaq. Bədənə baxıb paltar tikmək lazımdır. Bundan başqa həm paltarın geyiniləcəyi fəsil, iqlim, həm insanın peşəsi, zövqü, həm də onun yaşı mütləq nəzərə alınmalıdır. Ədəbiyyat da belədir. Elə mövzular var ki, onu tam açmaq üçün roman, eləsi var ki, povest, eləsi var ki, hekayə yazmaq sərfəlidir. Elə lirik təəssürat var ki, onu qəzəllə, eləsi var ki, bayatı ilə ifadə etmək daha asandır. Şair mövzuya uyğun vəzn, ölçü seçir. Tutalım bu fikri 7, o birini 8, digərini 11 hecalı şeirdə ifadə etmək daha asan olur. Çox zaman məzmun forma ilə birlikdə doğulur.
Mövzu yazıçının müraciət etdiyi həyat hadisəsidir. O, sənətkar qələmi, fırçası ilə bədii formaya düşdükdə məzmun kəsb edir. Elə buna görə də məzmun və forma ayrılıqda təsəvvürə     gəlmir.
Obyektiv varlıq ancaq sənətkarın subyektiv idrakı və sənətkar şüurundakı inikası nəticəsində bədii məzmuna çevrilir ...İncəsənətdə məzmun - gerçəkliyin sənətkar tərəfindən müəyyən ictimai-siyasi və estetik ideal mövqeyindən inikasıdır. Tema, süjet və ideya bədii məzmunun real mövcudiyyət şərtləri, onun tərkib hissələridir.
Bədii əsər canlı bir orqanizmdir. Kompozisiyadan tutmuş onun kərpicləri olan bədii detallara, bədii təsvir və ifadə vasitələrinədək bütün poetik fıqurlar forma elementləri kimi təzahür edir, məzmunun açılmasına zəmin yaradır.
Obraz istər məzmunun, müəllif ideyasının, istərsə də bədii formanın səfərbəredici qüvvəsidir. Bütün digər bədii elementlər obrazlar əsasında formalaşır. Obrazlar bütün məzmun və forma elementlərinin qovuşuğunun dayaq nöqtəsi, bünövrəsidir. Əslində sənətkar öz ideyasını, başlıca ədəbi qayəsini, məramını da obrazlar sistemi vasitəsilə verməyə çalışır.
Obrazlar süjet çayının üstündən keçmək istəyən sənətkar ideyasının addamaclarıdır, kompozisiya sarayının möhtəşəm sütunlarıdır. Əsərin ideyası birbaşa məzmunla bağlı olsa da, o, bədii formanın müəyyənləşməsində də mühüm rol oynayır. Müəllif başa düşür ki, hansı ideyanı hansı bədii formada vermək daha sərfəlidir, münasibdir. M. Qorkinin sözləri ilə desək, “sənətkar öz şəxsi, subyektiv təəssüratının üzərində işləməyi, onların ümumi əhəmiyyəti olan cəhətlərini tapmağı, öz təsəvvürlərinə öz formalarını verməyi bacaran adamdır.”
Əslində əsərdə həm formanın, həm də məzmunun baş memarı sənətkar özüdür. O, mövzunu, "tikinti materialını" həyatdan götürsə də, həmin materialı öz təxəyyülünə uyğun şəkildə cilalayır, formaya salır. Sənətkar həm bədii əsərin memarı, həm də onun fəhləsidir. Bədii yaradıcılıq elə bir işdir ki, onun fəhləliyini də kənar adama etibar etmək olmaz.
Məzmun və forma həmişə fəlsəfənin, estetikanın əsas problemlərindən biri olmuşdur. Görkəmli fılosoflardan Aristotelin, Platonun elmi-nəzəri irsində də bu problemlərin şərhinə xüsusi diqqət yetirilmişdir. Aristotel məzmun və formanı bir-birindən asılı olmayan hadisə hesab edir, Allahı formalar forması adlandırırdı. Platon da formanı apancı, fəal hesab edirdi. Bekonun, Dekartm, Boylun, Hobsun, C.  Brunonun və başqalarının nəzəri görüşlərində də məzmun və formaya xüsusi diqqət verilirdi. Təfəkkürün məzmun və forması problemini ilk dəfə irəli sürən böyük fılosof Kant məzmun və formaya yeni münasibətin formalaşmasına təkan vermişdir. Hegel isə məzmunla forma arasındakı münasibəti əksliklər arasında qarşılıqlı münasibət hesab edirdi.
Məzmunla forma dialektik vəhdətdə olsa da, bəzən onların arasında konflikt yaranır. Yeni mövzu köhnə formaya sığmır, özünə yeni forma tələb edir. Məzmun aparıcı olsa da, formaya nisbətən o, daha çevikdir, tez-tez dəyişir. Bədii yaradıcılıqda məzmuna nisbətən forma daha mühafizəkardır. Məsələn, əsrlərin sınağından çıxmış qəzəl, rübai, qoşma, gəraylı və s. formalarda yeni məzmunlu əsərlər yazmaq mümkündür. Ədəbiyyat tariximizin zəngin təcrübəsi, ədəbi faktlar bu fıkrin doğruluğunu təsdiq edir. Əruz və heca vəzninin sərt qaydaları, ölçüləri, qafiyə sistemi vardır. Yeni məzmunun köhnə formaya sığışmaması yeni formalı sərbəst şeirin yaranmasına səbəb olmuşdur.
Müəllifin əsas ideyası, qayəsi məzmunda olduğu üçün o aparıcıdır. Lakin bədii formasız külçə halında olan mövzunu emal etmək mümkün deyildir. Senətkarlıq məsələləri, poetika formada daha qabanq şəkildə nəzərə çarpır. Deməli mövzu formaya girdikdə məzmun kəsb edə bilir.
Yazıçının öz ədəbi məramına uyğun mövzu seçməsi qanunauyğun haldır. Ədəbi əsərin ideyası ilə yazıçının həyata münasibəti, dünyagörüşü arasında uyğunluğun olması da təsadüfı deyildir. Həyat hadisəsinin, mövzunun müəyyən formaya salınması, sənətkar təxəyyülü ilə ümumiləşdirilməsi nəticəsində əsərin məzmunu yaranır. Müəllif fantaziyasının, şərtiliyin, ədəbi metodun, fərdi üslubun və yaradıcılıq manerasının bədii inikasda, həyat həqiqətinin bədii həqiqətə çevrilməsində müstəsna rolu vardır. Hər dövrün özünəməxsus hadisələri olduğu üçün mövzu da, əsərin məzmunu da, hətta onun bədii forması da tarixi əhəmiyyət kəsb edir.
Ədəbiyyatın mövzusu təbiətdi, həyatdı. Təbiətin, ictimai həyatın baş qəhrəmanı isə insandır. İnsanın arzu və düşüncələri, kəşməkəşli ömür yolu, mübarizələrlə dolu həyatı ədəbiyyatın, eləcə də incəsənətin başlıca mövzusudur. Mövzu hələ bədii formaya düşməmiş, külçə halında olan həyat hadisələridir. Bu hadisələri uzun müddət müşahidə edən yazıçının beynində hər hansı bir yaradıcılıq ideyası doğulur. Sənətkar isə bu ideyanı reallaşdırmaq üçün forma axtarır.
M. Qorkinin mövzuya belə tərif verməsi də təsadüfi deyildi: "Mövzu müəllifin təcrübəsindən doğan, həyatın ona təlqin etdiyi, lakin onun intibahlar qabında hələ bişməmiş bir şəkildə yerləşən və surətlərdə təcəssümünü tələb edərək onda bunu bişirmək üçün çalışmaq arzusunu oyadan bir ideyadır."
Bəs ideya nədir? Əgər mövzu nədən yazır sualına cavab verirsə, ideya nə demək istəyir sualına cavab verir. İdeya əsərin nüvəsi, ruhu, canı, qanıdır. O, yazıçının maraqla öyrəndiyi həyat hadisələrindən, qəhərəmanların hərəkət və fəaliyyətindən doğur. İdeya ayrı-ayrı surətlərin hərəkət və davranışları, arzu və düşüncələri zəminində, bədii forma daxilində reallaşır. İdeya həyatdan doğsa da, subyektiv müəllif mövqeyindən, onun reallaşması isə müəllifın yaradıcılıq üslubundan asılıdır.
Təəssüf ki, çox vaxt mövzu ilə ideyanı eyniləşdirirlər. Mövzu ideyanı doğurur, ancaq o, ideya deyildir. Fikrimizi izah etmək üçün yenə bir bənzətməyə müraciət edək. Çəmənə gedib gözəl çiçəklər görən oğlanın başında o güllərdən çələng toxuyub sevgilisinə vermək arzusu oyanır. Bu arzunu reallaşdırmaq yolunda görülən işlər yaradıcılıq prosesinə bənzəyir. Çələngin forması güllərdən, onu toxuyan insanın bacarıq və qabiliyyətindən, zövqündən asılı olaraq müxtəlif ölçü və biçidə təzahür edə bilər. Başqa sözlə desək, mövzu ideya ilə yoğrulub, yeni məzmun kəsb edir.
İdeya əsərin ruhuna, canına, onun strukturunun bütün elementlərinə, qəhrəmanların hərəkət və davranışlarına, arzu və düşüncələrinə, hiss və həyəcanlarına, bədii təsvirlərə, peyzajlara hopur. Əgər belə olmasaydı, yazıçı öz ideyasını böyük bir romanla, epopeya ilə yox, elə bir neçə cümlə ilə ifadə edər, əlavə zəhmətə ehtiyac qalmazdı.
"Tasso" əsərinin ideyasının nə olduğunu soruşanlara Hötenin verdiyi   cavab   olduqca   xarakterikdir,   məsələnin   mahiyyətini anlamağa kömək edir: "Ideyanı soruşursunuz, mən nə bilim. Mən qarşımda Tassonun həyatını görürdüm... Budur, daima mənə yanaşıb soruşurlar ki, mən "Faust"da hansı ideyanı təcəssüm etdirmək niyyətində idim. Guya mən özüm bundan xəbərdaram və bunu ifadə edə bilərəm."
Bədii əsərdə təsvir olunan həyat hadisələri, müəllifin ideyası, təsvir obyektinə, mövzuya münasibəti, obrazların hərəkət və davranışları, forma elementləri bir-biri ilə elə qaynayıb qarışır ki, bunlardan hansının əsas, hansının ikinci dərəcəli olmasını söyləməyə heç lüzum da yoxdur. Canlı orqanizmdə funksiyasız üzv tapmaq mümkün olmadığı kimi, bədii əsərdə də əhəmiyyətsiz heç bir ədəbi missiyanı yerinə yetirməyən sənətkarlıq komponenti olmamalıdır.
Forma ilə məzmunun dialektik vəhdəti böyük ədəbi uğurların rəhnidir. Mirzə Fətəli Axundov yazırdı: "İki şey şerin əsas şərtlərindəndir: məzmun gözəiliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub, ifadə gözəlliyinə malik olmayan bir nəzm (Mollayi Rumininin məsnəvisi kimi) məqbul nəzmdir, amma şeiriyyətində nöqsan vardır. İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə tehranlı Qaaninin şeirləri kimi zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir növündəndir, yenə də hünərdir. Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm (Firdovsinin "Şahnamə"si, Nizaminin "Xəmsə"si və Hafızin divanı kimi) nəşə artırıcı və həyəcanlandırıcı olub, hər kəs tərəfindən bəyənilir."
Forma çox geniş anlayışdır. Bütün sənətkarlıq komponentlərı forma elementləridir. Sənətkar məhz bu elementlərin məcmuu vasitəsi ilə məzmunun ifadəsinə, əsərin əsas ideyasının açılmasına çalışır. Bu mənada "Ədəbiyyatın forması çoxsaylı və rəngarəng dil və kompozisiya vasitəsidir" (Q. L. Abramoviç) fikrində bir həqiqət vardır. Ona görə ki,  bədii əsərin strukturundakı adi bir sözdən, ifadədən, təfərrüatdan tutmuş süjetə və kompozisiyay qədər hər şey məzmunun ifadəsinə yardımçı olan forma elementidir, bir-biri ilə elə dialektik vəhdətdədir ki, onları ayırmaq yalnız şərti mənada mümkündür.
 Canlı bir orqanizmi xatırladan hər bir bədii əsərin məzmunu ilə forması bir-biri ilə elə qaynayıb qarışıb ki, məzmunsuz hər hansı bir sənət əsərinin forması, formasız isə məzmunu təsəvvürə gəlmir. Mikayıl Rəfili çox doğru qənaətə gəlir ki, forma olmazsa, bədii məzmun da təzahür edə bilməz, əksinə, məzmun olmadıqda forma da öz əhəmiyyətini itirmiş olar. Ədəbi əsərin bu iki əsas və üzvi ünsürünü bir-birindən ayırmaq mümkün deyildir, bunlar hər ikisi ədəbi əsərdə bir birlik təşkil edir ki, ədəbi əsərin ideya-estetik əhəmiyyətini təyin edən də budur.
Formadan asılı olaraq əsər lirik, epik, dramatik məzmun kəsb edə bilər. Hər bir ədəbi janrın da özünəməxsus forması vardır. Məzmun əsas, təyinedici, forma isə təsiredicidir. Əsərin əsas ideyasi məzmunda olsa da, o, yalnız uğurlu bədii forma vasitəsi ilə açıla bilər. Bədii inikasda məzmunun aparıcı amil olması şübhə doğurmur, ancaq formaya ikinci dərəcəli bir amil kimi yanaşmaq düzgün deyildir. Formaya üstünlük verib məzmunu arxa plana keçirmək cəhdləri də əbəsdir. Formalizm sənətin, ədəbiyyatın realist istiqamətdə inkişafına həmişə mane olmuşdur.

Məzmunla formanın dialektik vəhdəti elə mühüm estetik prinsipdir ki, bunu nəzərə almadan gözəl sənət əsərləri yaratmaq mümkün deyildir. Bədiiliyin əsas meyarını da məhz məzmun və forma vəhdətində axtarmaq lazımdır.

8 yorum: